Xəbərlər
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Macarıstanda rəsmi səfərdədir
Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərliyi ilə parlament nümayəndə heyəti iyunun 28-dən iyulun 1-dək Macarıstanın paytaxtı Budapeşt şəhərində rəsmi səfərdə olacaq.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, nümayəndə heyətinin tərkibinə parlament sədrinin birinci müavini, Macarıstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əli Hüseynli, komitə sədri Ziyafət Əsgərov, deputatlardan Kamilə Əliyeva, Elman Nəsirov, Asim Mollazadə, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.
Səfər çərçivəsində Milli Məclisin sədrinin ölkənin Baş naziri, Milli Assambleyanın sədri və Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvləri ilə bir sıra görüşləri nəzərdə tutulub. Görüşlərdə parlamentlərarası əlaqələrin bu günü, inkişaf istiqamətləri və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılacaq.
Burada Milli Məclisin sədri Türk Şurasının Budapeşt nümayəndəliyinin ofisində, Diplomatik Akademiyada olacaq, tədbir iştirakçıları qarşısında məruzə ilə çıxış edəcək.