Xəbərlər
Amerikalı ekspert: Dünya birliyi Ermənistanın təhrikçi hərəkətlərini pisləməlidir
Ermənistanın daimi provokasiyaları regionda sülhün və iqtisadi sabitliyin bərqərar olması prosesinə ziyan vurur. Erməni provokatorların Azərbaycanın Kəlbəcər rayonunda 3 Azərbaycan vətəndaşının həlak olması ilə nəticələnmiş əməlləri bütün beynəlxalq hüquq normalarının pozulmasına əyani nümunədir.
ABŞ-dan olan beynəlxalq ekspert Piter Teyz bu fikirləri söyləyib.
P.Teyz vurğulayıb ki, ermənilərin budəfəki provokasiyasının qurbanları jurnalistlər və yerli idarəetmə orqanının nümayəndəsi olub. Azərbaycanın işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam edilmiş jurnalistlərin olduğu avtomobilin iyunun 4-də səhər saat 11 radələrində Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər – AzTV-nin operatoru Sirac Abışov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Məhərrəm İbrahimov, Kəlbəcər Rayon İcra Hakimiyyətinin Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olub, müxtəlif dərəcəli bədən xəsarətləri alan daha 4 nəfər xəstəxanaya yerləşdirilib.
P.Teyz həlak olmuş vətəndaşların ailələrinə başsağlığı verərək bəyan edib ki, 2020-ci ilin noyabrında müharibə başa çatandan və üçtərəfli Bəyanat imzalanandan sonra Azərbaycan rəhbərliyi humanizm nümayiş etdirərək Ermənistanın işğalçı qoşunlarının Kəlbəcər rayonundan çıxarılması müddətinin uzadılmasına icazə verib. Ermənistan isə bundan sui-istifadə edərək, evləri yandırmağa, infrastrukturu dağıtmağa, meşələri qırmağa və ev heyvanlarını tələf etməyə başlayıb. Eyni zamanda, erməni hərbçiləri azərbaycanlı hərbçilərin və dinc sakinlərin qayıtmasını və yerli infrastrukturun bərpasını çətinləşdirmək üçün mümkün qədər çox ərazini minalamağı qərara alıblar.
P.Teyz qeyd edib ki, dünya birliyi jurnalistlərin və Kəlbəcər rayonunun hakimiyyət orqanlarının nümayəndəsinin qətlə yetirilməsinə qəti etirazını bildirərək Ermənistanın hərəkətlərini pisləməli, Yerevanın provokasiya əməllərinin təkrarlanmasının qarşısını almaq üçün təxirəsalınmaz tədbirlər görməlidir.
Ekspert sonda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində tezliklə sülhün bərqərar olacağına, infrastrukturun bərpa ediləcəyinə və təqribən 30 il bundan əvvəl öz tarixi torpaqlarından qovulmuş məcburi köçkünlərin qayıdacağına ümidvar olduğunu bildirib.