YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Ermənistan tərəfi də artıq Zəngəzur dəhlizinin qaçılmaz olması ilə bağlı məsələləri düzgün təhlil edir

İkinci Qarabağ savaşından sonra biz yeni bir dəhliz üzərində çalışırıq - Zəngəzur dəhlizi. Artıq beynəlxalq müstəvidə də bunun adı məhz Zəngəzur dəhlizi kimi təsbit edildi. Bu da Türkiyə ilə Azərbaycan arasında yeni bir bağlantını təmin edəcək.

Bu sözləri Prezident İlham Əliyev mayın 30-da Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib.

Dövlətimizin başçısı deyib: “Bildiyiniz kimi, müharibədən sonra ilk mərhələdə Ermənistan bu məsələ ilə bağlı öz etirazını bildirmişdir. Ancaq son vaxtlar mənə məlumat verilir ki, Ermənistan tərəfi də artıq bu dəhlizin qaçılmaz olması ilə bağlı məsələləri düzgün təhlil edir. Bildiyiniz kimi, indi üçtərəfli çərçivədə müzakirələr aparılır. Azərbaycan, Rusiya, Ermənistan Baş nazirlərinin müavinləri səviyyəsində işçi qrup çərçivəsində bu məsələ müzakirə edilir və yaxşı nəticələr də var.

Biz artıq azad edilmiş torpaqlarda Horadizdən Ermənistan sərhədinə qədər dəmir yolunun çəkilişinə start verdik. Əminəm ki, yaxın iki il, bəlkə iki il yarım ərzində o dəmir yolu tam istismara veriləcəkdir.

Naxçıvan dəmir yolunun böyük hissəsi fəaliyyətdədir və çatışmayan hissə də inşa ediləcək, bütün təlimatlar verilib. Ermənistan ərazisində Zəngəzur dəhlizinin önəmli hissəsi inşa edilməlidir. Beləliklə, yeni bir dəhliz açılacaq və Türkiyə-Azərbaycan arasında bu bağlantı daha da möhkəm olacaqdır”.