Xəbərlər
Səməd Seyidov: ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında səylərini daha da artırmalıdır
«Azərbaycan-ABŞ münasibətləri strateji əlaqələrə əsaslanır və bu istiqamətdə inkişaf edir». Bu fikri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.
S.Seyidov bildirib ki, 2001-ci ilin sentyabrında ABŞ-da törədilən terror hadisəsindən sonra Azərbaycan Birləşmiş Ştatlara tam dəstəyini ifadə etdi. Onun sözlərinə görə, bu gün də beynəlxalq antiterror koalisiyasında Azərbaycan hərbçiləri ABŞ əsgərləri ilə çiyin-çiyinə terrorizmə qarşı birgə mübarizə aparırlar. Azərbaycanın terrorizmə qarşı mübarizədə öz logistik imkanlarını ortaya qoyaraq ABŞ-a xüsusi dəstək verməsini nəzərə alsaq, bu, münasibətlərimizin nə dərəcədə əhəmiyyətli olmasına dəlalət edir.
«Təbii ki, belə yüksək səviyyədə formalaşmış münasibətlərlə yanaşı, Azərbaycanın da ABŞ-dan öz gözləntiləri var və bu gözləntilər içərisində ən əsası Birləşmiş Ştatların Azərbaycan ərazisinin bir hissəsinin işğal altında olmasına münasibətidir. ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında səylərini daha da artırmalıdır. ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədri kimi fəaliyyəti əlaqələrimizə ciddi təsir edən amildir. Bununla yanaşı, rəsmi Bakı ABŞ-dan Azərbaycana selektiv yanaşmanın, ikili standartların aradan qaldırılması istiqamətində çox ciddi fəaliyyət gözləyir. Azərbaycan beynəlxalq təşkilatlarda, xüsusilə BMT-də, ATƏT-də və digər vacib qurumlarda özünə münasibətdə beynəlxalq qanunun bərqərar olması istiqamətində ABŞ-ın rolunu, əhəmiyyətini, təsirini də gözləməkdədir»- deyə, komitə sədri vurğulayıb.