YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Gündəm

Əli Əhmədov: YAP-ın seçkilərdə möhtəşəm qələbələrinin başlıca səbəbi Azərbaycan xalqının Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləməsidir

«Yeni Azərbaycan Partiyası hər bir seçkiyə ciddi şəkildə hazırlaşır və bunun nəticəsində də böyük uğurlara imza atır. Ötən ilin dekabr ayında keçirilən bələdiyyə seçkiləri bu reallığı bir daha təsdiqləyir». Bu fikirləri Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-icra katibi Əli Əhmədov bu gün keçirilən partiyanın rayon və şəhər təşkilatları sədrlərinin müşavirəsində deyib.

Əli Əhmədov bildirib ki, son bələdiyyə seçkilərində YAP yüksək nəticə əldə edib. Onun sözlərinə görə, partiyamız digər bələdiyyə seçkiləri ilə müqayisədə ən yüksək nəticəni bu dəfə qazanıb.

«Seçkilərdə 15035 bələdiyyə üzvülüyünə seçilənlərdən 10315 nəfər YAP-ın üzvləridir. Bu da bütövlükdə bələdiyyə üzvlərinin 68 faizi deməkdir. Bu, indiyə qədər keçirilmiş bələdiyyə seçkilərində ən yüksək nəticədir. Təbii ki, bu möhtəşəm qələbənin başlıca səbəbi, Azərbaycan xalqının Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləməsidir. Bu siyasət nəticəsində son illər ölkəmiz sürətlə inkişaf edib, əhalinin rifahı əhəmiyyətli dərəcədə yüksəlib. Eyni zamanda, həyata keçirilən proqramlar nəticəsində ölkəmizin regionları da sosial-iqtisadi baxımdan dinamik inkişaf edir. Təbii ki, bu amil seçkilərdə qələbəmizi şərtləndirən əsas amildir»- deyə, YAP Sədrinin müavini vurğulayıb.