Xəbərlər
Sahibə Qafarova: Son illərdə Azərbaycanda bələdiyyə institutları böyük inkişaf yolu keçib
"Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik məruzəni yüksək qiymətləndirir, hesabatda bələdiyyələrin fəaliyyəti, onların beynəlxalq əlaqələrinin dərinləşdirilməsi istiqamiətində görülən tədbirlər, hüquqi baza, bələdiyyə torpaqlarının idarəçiliyi ilə bağlı atılan addımlar və yol verilən nöqsanlar, bələdiyyə üzvlərinin maarifləndirilməsi istiqamətində keçirilən treninq və təlimlər və digər məsələlər hesabatda dolğun əksini tapmışdır». Bu fikirləri Milli Məclisin deputatı Sahibə Qafarova deyib.
S.Qafarova bildirib ki, son illərdə Azərbaycanda bələdiyyə institutları böyük inkişaf yolu keçib. Onun sözlərinə görə, bu, dövlət tərəfindən bələdiyyələrin fəaliyyətinin səmərəliləşdirilməsi istiqamətində görülən işlərin bilavasitə nəticələri olmaqla yanaşı, cəmiyyətin və bələdiyyə üzvlərinin bu institutların fəaliyyəti ilə bağlı daha geniş bilgilərə sahib olması, təcrübəsinin artması ilə bağlıdır.
"Ona gör də, son illərdə biz bələdiyyələrin sosial-iqtisadi inkişafa öz müsbət təsirlərini daha çox göstərdiyini müşahidə edirik. Qəsəbə və məhəllələrdə, rayon və kəndlərdə əhalinin sıx yaşadığı ərazilərdə tikinti və abadlıq işlərinin aparılmasında, məktəblərin, səhiyyə ocaqlarının, uşaq bağçalarının, əyləncə və istirahət zonalarının, eləcə də digər bu kimi yerlərin təmirlərində, qurulmasında bələdiyyələrin özəl funksiyaları mövcuddur. O cümlədən, bələdiyyələr öz nəzdlərində yaratdıqları müəyyən strukturlarında insanları işlə təmin edir bu istiqamətdə münbit fəaliyyətlərini aparırlar. O cümlədən, sosial məsələlərdə də bələdiyyələr fəaliyyətlərini davam etdirirlər. Əlbəttə ki, bütün bunlar bələdiyyələrin əhəmiyyətini artıran məsələlərdir və sosial-iqtisadi inkişafda öz rolunu bu gün də oynayır.
Bundan başqa, bildiyimiz kimi, bələdiyyələr daha çox yerli strukturlar olmaqla bərabər vətəndaşların ən tez və daha sıx müraciət edə biləcəyi strukturlardır. Ona görə də bələdiyyələr də birinci instansiya kimi öz imkanlarından daha effektiv istifadə edərək vətəndaşların problemlərinin həllində daha geniş iştirak etmələdirlər", - deyə S.Qafarova qeyd edib.