Xəbərlər
Azərbaycan Prezidenti: Mənim üçün torpaqların azad edilməsindən daha ümdə vəzifə heç vaxt olmayıb
Son illər ərzində mən həm çıxışlarda, həm müsahibələrdə dəfələrlə demişəm ki, bizə məsələnin yarımçıq həlli lazım deyil. Bu, nə deməkdir, Azərbaycan xalqı yəqin ki, gözəl başa düşür. Mən demişdim ki, hər şeyi vaxtında etmək lazımdır. Nəyi, nə vaxt, necə etmək lazımdır, bilirəm. Mənim üçün torpaqların azad edilməsindən daha ümdə vəzifə heç vaxt olmayıb.
Bu barədə Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Şuşada Cıdır düzündə bayram tonqalını alovlandırdıqdan sonra müraciətində bildirib.
Bütün prezidentlik dövrünü Qarabağın işğaldan azad edilməsinə həsr etdiyini vurğulayan dövlətimizin başçısı deyib: “Hər bir qərarın arxasında bu məqsəd, bu hədəf dayanmışdı - bu addım bizi qələbəyə yaxınlaşdıracaqmı, yoxsa yox. Deyirdim ki, hər birimiz hər gün qələbəni yaxınlaşdırmalıyıq. Mənim çıxışlarım var, onlar tarixdə qalır. Hər gün hər birimiz qələbəni yaxınlaşdırmalıyıq. Yaxınlaşdırdıq, hazırlaşdıq, gəldik düşməni məğlub etdik, məhv etdik. Gəlmişik və burada dayanmışıq”.
Qədim Azərbaycan torpağında Müzəffər Ordunun Ali Baş Komandanı kimi dayandığını bildirən Prezident İlham Əliyev deyib ki, heç kim bundan sonra bizi buradan çıxara bilməz.