Xəbərlər
Müzəffər Ali Baş Komandan İlham Əliyev: Vətən müharibəsinin hər günü bizim şanlı tariximizdir
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin “Qələbə kitabı” çapdan çıxıb
Azərbaycan 44 gün ərzində parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydu. Bu 44 günün hər günü bizim şanlı tariximizdir. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun, bu haqsızlığa son qoyulsun, ədalət zəfər çalsın, tarixi ədalət zəfər çalsın və buna nail olduq.
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin “Qələbə kitabı” adlanan nəşrində yer alan bu fikirləri Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı 2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradında çıxışı zamanı söyləyib.
Çoxcildliyin növbəti kitabındakı materiallar 2020-ci ilin noyabrın 8-dən dekabrın 21-dək olan dövrü əhatə edir. Azərbaycan xalqı və rəşadətli ordumuz Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində müasir tariximizin ən şanlı səhifəsini yazdı. Otuz il davam edən işğala son qoyuldu, ölkəmizin ərazi bütövlüyü bərpa edildi. Bununla da Azərbaycan bölgədə yeni reallıqlar yaratdı. “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 108-ci cildi olan “Qələbə kitabı” bu şanlı Zəfər tarixi barədə qiymətli, mötəbər mənbədir.
Kitab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ötən il noyabrın 8-də Şəhidlər xiyabanından xalqa müraciəti ilə açılır. Xalqımıza Şuşanın işğaldan azad edilməsi müjdəsini verən dövlətimizin başçısı öz hisslərini belə ifadə edib: “Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm.
İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür!”.
Şuşanın azad edildiyi gün – 8 noyabr Prezidentin Sərəncamı ilə Zəfər Günü elan edilib. Kitabdakı materiallar sırasında yer alan bu Sərəncamla xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbə əbədiləşdirilib.
Noyabrın 9-da “BBC News”a müsahibə verən dövlətimizin başçısı Ermənistanın işğalçı siyasətini dərin məntiqə söykənən fikirlər, təkzibolunmaz dəlillər, tarixi faktlar əsasında bir daha ifşa etdi. Bu müsahibənin mətni də 108-ci kitaba daxil olunub.
“Qələbə kitabı”nda, həmçinin Ermənistanın kapitulyasiyasını təsdiqləyən 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanat, habelə bununla bağlı Prezident İlham Əliyevin xalqa müraciətinin mətni ilə tanış olmaq mümkündür. Düşmənin təslim olduğu barədə xəbəri xalqa çatdıran dövlətimizin başçısı deyib: “Bu qələbə düşməni məcbur etdi ki, Ağdam, Laçın, Kəlbəcər rayonlarını bizə siyasi yolla qaytarsın. Amma burada Ermənistan tərəfinin xoş niyyətini axtarmaq yersizdir. Onlarda xoş niyyət deyilən anlayış bütövlükdə yoxdur. Sadəcə olaraq, məcbur oldu. Çünki bilirdi ki, bu sənədə imza atmasa, özümüz alacağıq bu torpaqları. Hər kəs bunu bilirdi. Mən demişdim ki, qan tökmək istəmirəm, müharibəni dayandırmalıyıq, rədd olun bizim torpaqlarımızdan! Belə də oldu”.
Dövlətimizin başçısı xalqa müraciətində onu da vurğulayıb ki, bu, bütün Azərbaycan xalqının qələbəsidir. Azərbaycan nə qədər böyük, nə qədər vətənpərvər, dəmir iradəyə malik bir xalq olduğunu bir daha göstərdi: “30 ilin əziyyəti, 30 ilin ümidsizliyi, 30 ilin əzabları xalqımızı sındırmadı, iradəmizə heç bir mənfi təsir göstərmədi. Əksinə, biz daha da bütövləşdik, daha da mətinləşdik, daha da gücləndik, özümüzü topladıq, dedik ki, artıq yetər, biz bu işğala dözməyəcəyik”.
Kitaba Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıda keçirilən Zəfər paradında çıxışının mətni, qardaş ölkə liderinin Azərbaycana rəsmi səfəri çərçivəsində imzalanan sənədlərə dair informasiya, iki dövlətin başçılarının mətbuata birgə bəyanatları daxil edilib.
Nəşrdə Azərbaycan Prezidentinin Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, milli müdafiə naziri Hulusi Akar, Milli Kəşfiyyat İdarəsinin rəisi Hakan Fidan, Rusiyanın müdafiə naziri Sergey Şoyqu, xarici işlər naziri Sergey Lavrov, fövqəladə hallar naziri Yevgeni Ziniçev ilə görüşlərinə, İtaliya Deputatlar Palatasının sədr müavini Ettore Rosatonu, ATƏT-in Minsk qrupunun həmsədrlərini, Əfqanıstanın milli təhlükəsizlik müşaviri Hamdullah Mohib və Prezident Administrasiyasının rəhbəri Məhəmməd Şakir Karqarı qəbul etməsinə dair materiallar da yer alıb.
“Qələbə kitabı”na, həmçinin üçtərəfli Bəyanata uyğun olaraq Ağdam, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana təhvil verilməsi ilə əlaqədar Prezidentin xalqa müraciətlərinin mətnləri, dövlətimizin başçısının 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşü, işğaldan azad olunmuş Füzuli, Cəbrayıl, Ağdam rayonlarına tarixi səfərləri haqqında materiallar, rəsmi “Twitter” səhifəsində paylaşımları və digər materiallar daxil edilib.
Oxucular çoxcildliyin 108-ci kitabında Prezident İlham Əliyevin BMT Baş Assambleyasının COVID-19 ilə mübarizəyə həsr edilmiş xüsusi sessiyasında, MDB Dövlət Başçıları Şurasının iclasında çıxışlarının mətnləri ilə tanış ola bilərlər.