YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib

Yanvarın 15-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın ölkəmizdə yeni təyin olunmuş səfiri Bilal Haye ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən müdafiə naziri Azərbaycan ilə Pakistan arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində ona uğurlar arzulayıb.

İki ölkə arasında bütün istiqamətlərdə olduğu kimi, hərbi sahədə də əməkdaşlığın inkişaf etdiyini vurğulayan müdafiə naziri bunun gələcəkdə də davam etdiriləcəyinə əminliyini vurğulayıb.

Görüşdə hərbi əməkdaşlığın ölkələrimizin maraqlarına cavab verdiyi əsas gətirilərək bu istiqamətdə səylərin daha da artırılmasının zəruriliyi qeyd olunub. Müzakirələr zamanı Azərbaycan Ordusu ilə Pakistan və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin, o cümlədən xüsusi təyinatlı qüvvələrin cəlb edilməsi ilə birgə hərbi təlimlərin keçirilməsi, təcrübə mübadiləsi məqsədilə hərbi qulluqçuların qarşılıqlı səfərlərinin təşkili və bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Müdafiə naziri ölkəmizə göstərilən humanitar yardıma və beynəlxalq səviyyədə daim Azərbaycanın haqq işini dəstəklədiyinə görə Pakistan xalqına və dövlətinə minnətdarlığını ifadə edib.

Diplomat Vətən müharibəsində qazanılan Qələbə münasibətilə Azərbaycan xalqını təbrik edib, şəhid hərbi qulluqçulara və mülki şəxslərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyib.

B.Haye qeyd edib ki, ölkələrimizin coğrafi baxımdan bir-birindən uzaq məsafədə yerləşməsinə baxmayaraq, xalqlarımız arasında tarixən dostluq münasibətləri mövcuddur. Müxtəlif sahələrdə münasibətlərin genişlənərək xeyli gücləndiyini qeyd edən pakistanlı səfir iki ölkənin hərbi sahədə əməkdaşlığının böyük potensialının olduğunu bildirib.

Səfir azad edilmiş ərazilərin minalardan və partlamamış sursatlardan təmizlənməsi prosesində Pakistan mütəxəssislərinin də iştirak etməyə hazır olduğunu diqqətə çatdırıb.

Görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb. İki ölkə arasında hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğu və tərəflər üçün qarşılıqlı faydalı olduğu vurğulanıb.