YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Anar Məmmədov: Moskva görüşü Azərbaycanla yanaşı, region ölkələrinin də iqtisadi inkişafına təsir edəcək

"30 illik işğala son qoyan 44 günlük Vətən müharibəsindəki tarixi qələbəmizdən artıq 2 ay ötsə də, ərazilərimizin azad edilməsi sevinci xalqımızın üzündə, davranışında sezilməkdə davam edir. 30 il müddətindəki narahatlıq, həsrət və torpaqlarımıza qayıtmaq arzusu xalqımızda qürur hisləri ilə əvəz olunub. Çünki Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi arxada qaldı. Təəssüflər olsun ki, 30 il müddətində erməni vandalları işğal etdikləri torpaqlarımızda yalnız dağıntılar törədib, tarixi, dini abidələrimizlə yanaşı, ekologiya və təbii sərvətlərimizə qarşı yırtıcı, ziyanverici mövqe tutublar". Bu fikirləri Milli Məclisin deputatı Anar Məmmədov deyib.

Anar Məmmədov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev xalqımıza qarşı törədilən bu vəhşilikləri dünya ictimaiyyətinə çatdırmaqla yanaşı, qısa zaman ərzində bu bölgələrin dünyanın ən abad, müasir, inkişaf etmiş regionuna çevrilməsi barədə də mesajını verdi. Məhz bunun yenidən baş verməməsi və üzərinə götürdüyü öhdəliklərə erməni tərəfinin əməl etməsi üçün yanvar ayının 11-də Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüşün keçirilməsi zərurəti yarandı.

Millət vəkilinin sözlərinə görə, Moskva görüşü Azərbaycanın maraqları çərçivəsindən kənara çıxmayıb: "Azərbaycan hərb meydanında olduğu kimi, diplomatik arenada da, müzakirələrdə də üstün mövqedədir və bu qalibiyyəti güzəştə getmək niyyəti yoxdur. Hər zaman xalqın və dövlətin maraqlarını Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı kimi hər şeydən üstün tutaraq Azərbaycanın iqtisadi, siyasi cəhətdən dünyanın ən öndə gedən ölkəsinə çevirməklə yanaşı, Ali Baş Komandan kimi xalqımıza Zəfər Qələbəsi bəxş edən Prezident İlham Əliyev görüşdən sonra verdiyi bəyanatda imzalanmış sənədin məqsədinin bölgədə sülhün, iqtisadiyyatın inkişafına yönəldiyini qeyd etdi. Kommunikasiyaların bərpası Azərbaycan, Ermənistan, Rusiya və digər region dövlətlərinin maraqlarına cavab verir.  Çünki 30 ildən sonra Azərbaycan Ermənistan ərazisindən keçən nəqliyyat kommunikasiyaları vasitəsilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ilə əlaqə imkanına, Ermənistan da Azərbaycan ərazisindən keçməklə Rusiyaya, İrana dəmir yolu çıxışı imkanına malik olacaq. Həmçinin Azərbaycan Naxçıvan Muxtar Respublikası ərazisindən keçməklə Türkiyə bazarına çıxış əldə edəcək, Türkiyənin və Rusiyanın dəmir yolu arteriyaları da birləşəcək. Kommunikasiya xətlərinin açılışı, ilk növbədə, Azərbaycanla yanaşı region ölkələrinin də iqtisadi inkişafına təsir edəcək. Paşinyan administrasiyası kommunikasiya xətləri ilə bağlı Azərbaycanın təşəbbüsünün qarşısını almağa can atır, bunun əvəzinə 10 noyabrdan sonra ələ keçirilmiş erməni diversantlarının-terrorçularının azad olunması məsələsini qabartmaq istədiyi halda Moskva görüşünü Ermənistan üçün növbəti fiasko saymaq olar.  11 yanvar görüşündə imzalanan bəyanat bölgədə sülhün möhkəmlənməsinə təsir etməklə yanaşı, Azərbaycanın siyasi müstəvidə uğurunun və düşmən üzərində qələbəsinin davamıdır".