Xəbərlər
Ceyhun Bayramov Pakistanın Baş naziri ilə görüşüb
Yanvarın 14-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Pakistana rəsmi səfəri çərçivəsində Pakistan İslam Respublikasının Baş naziri İmran Xan ilə görüşüb.
XİN-in Mətbuat Xidməti İdarəsindən bildirilib ki, Baş nazir İmran Xan əldə etdiyi qələbə münasibətilə Azərbaycanı təbrik edərək, bu xüsusda səmimi arzularının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqətinə çatdırılmasını xahiş edib. Qələbənin Pakistan xalqı tərəfindən yüksək qiymətləndirildiyini qeyd edən Baş nazir, bu hadisəni Pakistan xalqının Azərbaycanla birgə qeyd etdiyini bildirib.
Nazir Ceyhun Bayramov xoş qəbula və yüksək səviyyədə təşkil edilən ikitərəfli və çoxtərəfli görüşlərə görə təşəkkürünü bildirib və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını və səmimi arzularını Baş nazirin diqqətinə çatdırıb. O, həmçinin Azərbaycanın Vətən müharibəsində qələbəsi ilə bağlı Pakistan Baş nazirinin təbriklərinə görə minnətdarlığını ifadə edib. Nazir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyinə Pakistan tərəfindən verilən birmənalı dəstəyi, bu xüsusda qəbul edilmiş qətnamələri yüksək qiymətləndirib və təşəkkürünü bildirib.
Nazir Ceyhun Bayramov iki ölkə arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib, bununla yanaşı iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsində Azərbaycanın maraqlı olduğunu vurğulayıb.
Həmçinin Pakistan Baş nazirinə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən işlər, o cümlədən bu ərazilərdə həyata keçirilən minalardan təmizləmə işləri, bərpa və quruculuq fəaliyyəti barədə məlumat verib.
Görüşdə tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.