Xəbərlər
Hikmət Babaoğlu: Medianın İnkişafı Agentliyi yeni innovativ əsaslarda informasiya mühitinin formalaşması işində xüsusi missiya yerinə yetirəcək
"Azərbaycanda yeni yaradılan Medianın İnkişafı Agentliyi yeni innovativ əsaslarda və yeni keyfiyyətdə informasiya mühitinin formalaşması işində xüsusi missiya yerinə yetirəcək". Bu fikri Milli Məclisin deputatı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.
Hikmət Babaoğlu bildirib ki, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin yaradılması milli mediamızın inkişafı tarixində yeni keyfiyyət mərhələsinin başlanğıcı kimi qiymətləndirilə bilər: "Bu qərar müasir media və informasiya münasibətlərinin yeni əsaslarda tənzimlənməsini təmin edəcək. Eyni zamanda, milli informasiya resurslarımızın inkişafı və onların fəaliyyətinin təkmilləşdirilməsinə ciddi töhfələr verəcək. Məsələ ondadır ki, milli informasiya məkanımızda keyfiyyət dəyişikliklərinin yaradılması zərurəti hər bir media mənsubu tərəfindən dərk edilən, hətta deyərdim ki, arzuedilən bir həqiqət idi. Bunu zəruri edən təkcə klassik medianın ənənəvi problemləri deyildi. Eyni zamnda, hazırda ən müxtəlif internet resurslarında ən müxtəlif adlarda formalaşan informasiya subyektləri, onların davranış və fəaliyyəti və bunun informasiya təhlükəsizliyi kontekstində tənzimlənməsi məsələsi də günümüzün tələblərindən biri idi. Milli informasiya məkanımızda informasiya istehlakçıları, onların mənbə kimi istifadə etdikləri informasiya subyektlərinin çoxşaxəliliyi və bunun virtual və real ictimai münasibətlər sistemimzə təsiri məsələləri kompleks şəkildə yanaşma tələb etməklə sadalanan münasibətlərin ictimai və hüquqi tənzimlənməsi məsələlərini aktuallaşdırırdı. Başqa mühüm bir problem isə mediamızın bir şəkildə qlobal informasiya məkanına inteqrasiyası, yaxud bu məkanın imkanlarından milli informasiya məkanımızın lehinə istifadə edilə bilməməsi gerçəkliyi idi. Əgər daha açıq danışmalı olsaq, milli mediamızın qlobal informasiya məkanına çıxışının məhdud olması və burada Azərbaycanın informasiya maraqlarının təmin olunmaması idi. Yəni mövcud informasiya subyektlərimizin transmilli media statusunda keyfiyyətli və milli maraqlarımıza uyğun olan iştirakçılığı arzuedilən səviyyədə deyidi. Bu boşluqdan istifadə edən bəzi "yumşaq güc" mərkəzləri milli media məkanımızı daim təzyiq altında saxlayır, onun üzərində dominantlıq etməklə, əslində, bizim informasiya gündəmimizi təyin edirdi”.
Hikmət Babaoğlu vurğulayıb ki, milli informasiya məkanımızın gündəminin başqaları tərəfindən təyin edilməsi cəhdləri isə milli maraqlarımızla daban-dabana ziddiyyət təşkil edirdi: “Çox təəssüf ki, əksər hallarda nə media ilə bağlı yaradılmış ixtisaslaşmış müxtəlif ictimai qurumlarımız, nə də digər strukturlarımız buna qarşı effektiv müqavimət nümayiş etdirə bilmirdilər. Nəticədə milli informasiya məkanımız manipulyasiyaya məruz qalır, beləliklə də, milli təhlükəsiziliyimizin əsas komponentlərindən olan informasiya təhlükəsizliyimiz pozulurdu. Ona görə də müxtəlif vaxtlarda bu problemləri həll etmək üçün müəyyən cəhdlər olsa da, effektiv nəticə əldə etmək mümkün olmadı. Çünki problemin həlli kompleks və əsaslı yanaşma tələb etdiyi halda, kosmetik və parakəndə yanaşma tətbiq etməklə həll edilməyə cəhd göstərilirdi. Hazırda yeni təsis edilən Medianın İnkişfı Agentliyi isə məhz bu problemlərin həllinə kompleks yanaşma ilə effektiv həll imkanları yaradır. Bunun üçün yeni yaranmış qurumun nizamnaməsinə nəzər salmaq kifayətdir. Hər şeydən öncə qeyd etmək lazımdır ki, yaradılan yeni qrumun fəaliyyətinin tətbiqi sahəsi sadəcə çap mediası ilə məhdudlaşmır, onun imkanlarından digər bütün media subyektlərinin yararlanması şərtləri formalaşır. Bu, çox mühüm yenilikdir. Ona görə ki, agentlik, xəbər portalları, elektron media vasitələri, internet tv və s. kimi çoxsaylı informasiya subyektlərinin informasiya istehsal etməsi və onu istehlakçıya çatdırması çap medası ilə müqayisədə dəfələrlə çoxdur. Deməli, yeni yaradılan qurum bu qədər zəngin və effektiv informasiya resursları ilə əməkdaşlıq etmək üçün yeni imkanlar əldə edibdir.
İkinci mühüm məsələ yeni qurumun media subyektlərinin xarici media subyektləri ilə əməkdaşlıq etməsi, qarşılıqlı əlaqələrin formalaşdırılması və həmin subyektlərin təcrübəsinin öyrənilməsinin stimullaşdırılması istiqamətində tədbirlər həyata keçirmək səlahiyyətinin olmasıdır ki, bu da yuxarıda deiyimiz kimi əslində, beynəlxaq və transmilli media ilə əməkdaşlıq çərçivəsində qlobal media məkanında informasiya maraqlarımızın qorunmasının təşkilidir”.
Deputat vurğulayıb ki, başqa bir məsələ Medianın İnkişafı Agentliyinin məhz bu əməkdaşlığı təmin edəcək kadr potensialını formalaşdıra bilmək imkanlarıdır: “Yəni jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artırılması, o cümlədən sosial müdafiəsinə yönəldilmiş tədbirlər həyata keçirilməsi, media sahəsində mütəxəssislərin hazırlanması və əlavə təhsilinin təşkili məqsədilə müvafiq tədbirlər həyata keçirməsi, media subyektlərinin xarici media subyektləri ilə əməkdaşlıq etməsi, qarşılıqlı əlaqələrin formalaşdırılması və həmin subyektlərin təcrübəsinin öyrənilməsinin stimullaşdırılması istiqamətində tədbirlər həyata keçirilməsi də yeni yaradılan qurumun məqsədlərindən biri kimi müəyyənləşdirilib.
Bundan başqa, daha iki mühüm məsələ var ki, onların üzərində ayrıca dayanmaq lazımdır. Bunlardan biri dövlət orqanları ilə media subyektləri arasında əməkdaşlığın genişləndirilməsi, dövlət orqanlarının media subyektləri ilə əlaqələrinin təkmilləşdirilməsi, qarşılıqlı etimadın artırılması ilə əlaqədar tədbirlər həyata keçirilməsidir. Bu məsələnin əhəmiyyətinə gəldikdə isə qeyd etmək lazımıdr ki, daxili informasiya mübadiləsi prosesinin və informasiya mənbələrinə birbaşa çıxışın səmərəli təşkilindən uzun illərdir danışsaq da, burada etimad mühitinin və qarşılıqlı əlaqələrin arzuedilən səviyyədə olmadığını hamımız yaxşı bilirdik. Yeni yaradılan qurumun fəaliyyət istiqamətlərindən birinin məhz bu sahə olması da həmin problemin həll ediləsinə ciddi töhfələr verə bilər. İknicisi isə, qurumun səlahiyyətləri içərisində çap mediası və onlayn media sahəsində inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görmək, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat verə bilmək səlahiyyətinin olmasıdır. Əslində, uzun illərdir bu funksiyanı media üzrə ixtisaslaşmış ictimai təşkilatlar həyata keçirməli olsa da, nəticədə bəlli oldu ki, həmin sahədəki problemlər ötən illər ərzində öz həllini tapa bilmədi.
Ümid etmək olar ki, yeni qurum bu sahədə də öz işini səmərəli qura biləcək. Bütün bunlarla yanaşı, qanunvericilik bazasının yeni tələblər əsasında təkmilləşdirilməsi, yaxud yenilənməsi, marifləndirmə işinin təşkili, müvafiq konsepsiyaya uyğun olaraq müxtəlif layihələrin həyata keçirilməsi və.s kimi digər xeyli sayda yeni vəzifə və hüquqlar müəyyənləşdirilib ki, onların hər biri ayrılıqda mediamızın inkişafına təkan verəcək faktor qismində çıxış edəcək".
Baş redaktor deyib: "Ona görə də Medianın İnkişafı Agentliyi yeni innovativ əsaslarda və yeni keyfiyyətdə informasiya mühitinin formalaşması işində xüsusi missiya yerinə yetirəcək”.