Xəbərlər
Zəfər paradı “Qarabağ Azərbaycandır”sözünün nidasıdır!
Şəbnəm HƏSƏNOVA
Politoloq
Azərbaycan Prezidenti İlham Əliyevin və qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Zəfər Paradının keçirilməsi Azərbaycan tarixinə qızıl hərflərlə yazılmaqla bərabər, bütün dünyanın diqqətini Azərbaycanın paytaxtı Bakı şəhərinə, ağır və keçməkeşli günlərin şahidi olan Azadlıq meydanına yönəltdi. Bu gün bütün dünya Azərbaycan dövlətinin, türk xalqının qüdrətini bir daha gördü. Qardaş ölkənin Prezidenti Ərdoğanın da dediyi kimi bu qələbə Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti, eyni zamanda qəhrəman əsgər və zabitlərimizin fədakarlığı nəticəsində əldə olundu. Dünya məhz bu gün anladı ki, təkcə sentyabrın 27-dən bu günə kimi olan dövrdə deyil, ümumilikdə Azərbaycan Prezidentinin 17 illik fəaliyyəti dövründə müxtəlif beynəlxalq kürsülərdə səsləndirdiyi fikirlərin, Azərbaycanı iqtisadi cəhətdən inkişaf etdirilmiş ölkə səviyyəsinə çatdırmasının, yürütdüyü daxili və xarici siyasətin kökündə və hədəfində məhz Qarabağı azad etmək məsələsi prioritet istiamət təşkil edib.
Azərbaycan xalqı bu illlər ərzində öz-dədə baba torpaqlarına qayıtmaq eşqi ilə yanıb-tutuşurdusa ölkə başçımız cənab Prezident İlham Əliyev öz fəaliyyəti ilə bu günü addım-addım, qarış-qarış yaxınlaşdırırdı. Bəli, bu zəfərin memarı İlham Heydər oğlu Əliyevdir. Ölkə başçımız Qarabağı işğaldan azad etməklə Azərbaycanı məhv olmağın astanasından xilas edən Ümummili lider Heydər Əliyevin arzusunu reallaşdırdı. Bu zəfər milli qürurumuzun bərpasıdır. Bu günlər hisslərimizin cuşa gəldiyi ən gözəl günlərdir, anlardır. Qarabağın işğalından sonra həyat dayanmışdı sanki. İndi isə o həyat qaldığı yerdən davam edir. Azərbaycana yeni nəfəs, yeni can gəldi. Biz bu gün bir daha doğulduq, bütöv olduq, bir olduq.
Azərbaycan xalqının ağır günlərinə şahidlik edən Azadlıq meydanımızda bu gün ən müasir hərbi texnikamız və qeyrətli Azərbaycan oğullarımızın məğrur və dik yürüyüşü bütün dünyanı lərzəyə saldı. 30 il ərzində tarixi dədə-baba torpaqlarımızı işğal altında saxlayan təcavüzkar Ermənistan hakimiyyətinin bütün qanunsuz əməllərinin əksinə olaraq ölkə başçımız haqq savaşı yürüdərək, eyni zamanda beynəlxalq hüquq çərçivəsində fəaliyyət göstərərək, qərəzli qüvvələrə də dərs keçərək Azərbaycanı tam və bütöv etdi. Bu gün Azərbaycan böyük təntənə ilə müstəqillik tariximizin ilk Zəfər Paradını qeyd etdi. Müasir hərbi texnikamızla yanaşı düşmənin qənimət kimi əldə olunan və darmadağın edilən hərbi texnikasını da bütün dünya gördü. Azərbaycan Ermənistanın 30 il ərzində qurduğu istehkamları darmadağın etdi. Məhz hərb meydanındakı qələbə düşməni kapitulyasiyaya getməyə məcbur etdi və nəticədə Ermənistan məcbur qalaraq Ağdam Laçın və Kəlbəcəri verməyə məcbur qaldı. Bunun da kökündə cənab Prezidentin səbəb və nəticə əlaqəsinə söykənən düşünülmüş xarici siyasəti dayanır. Bu gün Zəfər paradını izləyərkən ürəklərimiz soyudu ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman əsgər və zabitlərimiz şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə soyqırımları zamanı həlak olan günahsız insanların qisasını aldı. İndi Azərbaycanı layiqli əllərə, Azərbaycanın məğrur və qürurlu oğlu İlham ƏIiyevə əmanət qoyub gedən Ulu Öndərin Heydər Əliyevin də, bütün əsgər və zabitlərimizin də ruhu şaddır. Zəfər paradı bir tərəfdən müzəffər Ordumuzun gücünü, Azərbaycan-Türkiyə qardaşlığını bütün dünyaya göstərdisə, digər tərəfdən də Ermənistanın və onun rəzil siyasətinə dəstək verənlərin dizlərini yerə çökdürdü. Bu gün hər bir şəhid anası əlinə şanlı, üçrəngli bayrağımızı alıb Zəfər paradını izləməyə getdisə, rəzil Ermənistanda hərbçilərin ailələrinin etiraz aksiyaları keçirməsi bir daha iki ölkə və xalq arasında olan uçurum qədər dərin fərqi gözlər önünə sərdi.