Xəbərlər
“YAŞAT” Fondunun yaradılması dövlətimizin başçısının humanizm prinsiplərinə nə qədər çox önəm verdiyinin əyani təsdiqidir
Sözünün imzası qədər dəyəri olan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev hər zaman Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərin ailələri, müharibə əlilləri, veteranlar, hərbi qulluqçularla bir yerdə olacağını dəfələrlə bildirib. Bu baxımdan, Azərbaycanda bu kateqoriyadan olan insanlar dövlətimizin başçısının tapşırığına uyğun olaraq hərtərəfli sosial təminat sistemi ilə əhatə olunublar.
Bu sözləri politoloq Şəbnəm Həsənova bildirib.
Politoloq deyib ki, hazırkı vaxta qədər Azərbaycan dövləti şəhid ailələri, müharibə əlilləri və bu kateqoriyadan olan digər şəxslərə maliyyə dəstəyi göstərib, onları mənzillərlə, minik avtomobilləri ilə təmin edib, müalicəsi, sosial durumunun yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Eyni zamanda, onların məşğulluğunun təmin edilməsi üçün dövlət və özəl sektor da daxil olmaqla işəgötürənlər üçün məcburi kvota müəyyən edilib. Bundan əlavə, onlar orta hesabla aylıq əsasda 700 manat sosial ödəniş alırlar ki, bundan sonra da onların sosial müdafiəsinin daha da yaxşılaşdırılması ilə bağlı mütəmadi iş aparılır.
Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında” Fərman imzalaması hər bir vətəndaş tərəfindən olduqca müsbət qarşılandı. Burada xüsusi məqam ondan ibarətdir ki, Fondun vəsaitləri sadəcə Azərbaycanda yaşayan vətəndaşlarımızın etdiyi maliyyə yardımı ilə məhdudlaşmayıb, xarici ölkələrdə yaşayan soydaşlarımızın, digər fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımlar və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşacaq. Dövlətlə yanaşı, vətəndaş cəmiyyəti, biznes dairələri də bu kateqoriyadan olan insanlara mümkün dəstəyi göstərmək üçün əllərindən gələni edirlər ki, bu da xalqımızın xeyirxahlıq, humanizm prinsiplərinə uyğun olaraq təmənnasız yardım ənənələrini davam etdirməsindən və hər bir vətəndaşın bu məsələyə öz dəyərli töhfəsini verməyə çalışmasından xəbər verir.
Azərbaycan Prezidentinin Fərmanı ilə “YAŞAT” Fondunun yaradılması bir daha dövlətimizin humanizm prinsiplərinə, əhalinin sosial təminatının və rifah halının daha da yaxşılaşdırılması siyasətinə sadiqliyinin, ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailə üzvlərinə xüsusi həssas münasibətinin növbəti əyani təzahürüdür.
Birinci Qarabağ müharibəsinin də təcrübəsi göstərir ki, bu kateqoriyadan olan insanların sosial müdafiəsinin təmin edilməsi, rifah halının yaxşılaşdırılması və problemlərinin həlli dövlət siyasətinin mühüm tərkib hissələrindən birini təşkil edir. Bu istiqamətdə Heydər Əliyev Fondu fəaliyyət göstərdiyi ilk gündən bu insanlarımıza xüsusi qayğı ilə yanaşır. Şəhid ailələrinə, analarına, hərbçilərə münasibətdə yüksək humanizm sərgiləyərək onlara olduqca həssas yanaşan Mehriban xanım Əliyevanın fəaliyyətində Birinci Qarabağ müharibəsində əlini, qolunu, ayağını itirmiş hərbçilər hər zaman xüsusi yer tutub. Məhz Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü və nəzarəti altında ölkəmizə onlar üçün müasir protezlər gətirilir. Bundan sonra da bu iş davam etdiriləcək. Bu addımlar həm ölkə başçımızın, həm də Mehriban xanım Əliyevanın öz fəaliyyətlərində humanizm prinsiplərini hər zaman prioritet tutmalarının növbəti bariz nümunəsidir.