Xəbərlər
YAP-ın Siyasət Akademiyasının “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi: hərbi həll yolu və yeni sülh prosesi” mövzusunda kursu keçirilib
Noyabrın 28-də Yeni Azərbaycan Partiyasının Siyasət Akademiyasının “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi: hərbi həll yolu və yeni sülh prosesi” mövzusunda videokonfrans formatında kursu keçirilib.
Kursun rəhbəri, Milli Məclisin deputatı Elman Nəsirov mövzu haqqında məlumat verib, ölkəmizin 44 günlük Vətən müharibəsi dövründə qazandığı parlaq qələbədən bəhs edib.
Sonra YAP İcra Katibliyinin Təşkilat şöbəsinin müdiri, partiyanın Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Hüseynov mövzu haqqında məruzə ilə çıxış edib. A. Hüseynov bildirib ki, Azərbaycan 30 il ərzində münaqişənin sülh yolu ilə həlinə ümid edirdi. Bu baxımdan, konstruktivlik nümayiş etdirərək sülh prosesinə sadiqlik nümayiş etdirirdi. Amma işğalçı Ermənistan müxtəlif bəhanələrlə status-kvonu qoruyub saxlamağa çalışırdı. Eyni zamanda, münaqişənin nizamlanması prosesində vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanın işğalçılıq siyasətinə son qoyulması üçün ciddi addımlar atmayıb, təcavüzkara qarşı heç bir təzyiq göstərməyiblər.
A.Hüseynov qeyd edib ki, belə olan halda sentyabrın 27-də Azərbaycan Ordusu Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq əks-hücum əməliyyatına başladı. Onun sözlərinə görə, 44 gün davam edən Vətən müharibəsində Azərbaycan xalqı böyük qələbə qazandı: “Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu, qəhrəman əsgər və zabitlərimiz 44 gün ərzində böyük şücaət göstərərək bu qələbəni təmin etdilər. Döyüş meydanında qazanılan uğurlarımız Nikol Paşinyanı məcbur etdi ki, noyabrın 10-da Rusiya Prezidenti, Azərbaycan Prezidenti və Ermənistanın baş naziri arasında bəyanatı imzalasın. Bu bəyanat uzun illər davam edən işğala son qoyur. Bütövlükdə, 44 günlük Vətən müharibəsi Azərbaycanın gücünü, qüdrətini bütün dünyaya göstərdi. Xüsusilə qeyd etmək istəyirəm ki, bu dövrdə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev həm hərb meydanında, həm diplomatik müstəvidə, həm də informasiya müharibəsində böyük üstünlük nümayiş etdirdi. Təbii ki, qazandığımız qələbədə bu amil müstəsna rol oynayır. Eyni zamanda, qələbəmiz “Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur” deyən beynəlxalq dairələrə bir cavab oldu. Artıq münaqişənin hərbi mərhələsi başa çatıb. Noyabrın 10-da imzalanmış birgə bəyanata əsasən razılaşmaların həyata keçirilməsi davam edir”.
Daha sonra Aydın Hüseynov kurs iştirakçılarının suallarını cavablandırıb.