Xəbərlər
Kamilə Əliyeva: Azərbaycan xalqı hər zaman islam dini ilə yanaşı digər dinlərə də böyük hörmət və ehtiramla yanaşıb
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyevanın Ağdam rayonunun Cümə məscidinə ziyarəti zamanı diqqəti cəlb edən məqamlardan biri də cənab Prezidentin məscidin divarını öpərək məscidə Məkkədən gətirdiyi Qurani -Kərimi bağışlaması oldu. Bu ölkə başçısının öz dini ənənəsinə olan ehtiramından irəli gəlir.
Azərbaycan xalqı hər zaman islam dini ilə yanaşı digər dinlərə də böyük hörmət və ehtiramla yanaşıb. Dövlət tərəfindən Heydər Əliyev Fondunun vəsaiti hesabına ölkədə və bir sıra Avropa dövlətlərində bir çox xristian kilsələri, yəhudi sinaqoqları təmir edilib. Bütün bunlar Azərbaycan xalqının necə tolerant xalq olduğunu sübut edir. Bəs görün ermənilər nə edir? Dağlıq Qarabağ və ətraf rayonlarda bütün məscidlərimizi dağıdıb və bizə müqəddəs olan bu yerlərdə heyvan saxlayırdılar. Bu xalq üçün müqəddəs olan heç bir dəyər yoxdur. İşğaldan azad olunmuş kənd və şəhərlərimizə baxdıqca doğrudan da adama elə gəlir ki, sanki buradan vəhşi bir qəbilə keçib.
Bəzi qərb dövlətlərinin siyasi xadimləri bəyanatla çıxış edərək guya Azərbaycanda olan xristian kilsələrinin mühafizə olunmayacağını bildirirlər. Rusiyanın bir neçə mədəniyyət və incəsənət xadimləri Dağlıq Qarabağda və ətraf rayonlarda xristian kilsələrinin aqibətindən narahat olduqları barədə YUNESKO ya müraciət etmişlər. Lakin dünyada elə bir dövlət yoxdur ki, Azərbaycan qədər bütün dini- mədəni abidələrə bu qədər diqqət və sayğı ilə yanaşsın. Mən inanmıram ki, bütün bu olanlardan onlar məlumatsızdılar. Burada da erməni lobbisinin barmağı açıq aydın hiss olunur. Ermənilər hər zaman azərbaycanlıları gözdən salmaq üçün hər cür fitnəyə əl atırlar. Ermənipərəst mövqe tutan bu insanlar buyurub gəlsinlər Azərbaycana. Azərbaycandakı provaslav, katolik kilsələrinə, yəhudi sinaqoqlarına, Bakının mərkəzindəki erməni kilsəsinə baxsınlar. Bu dini məbədlərin dövlət tərəfindən necə təmir edildiyini və oradakı vəziyyəti öz gözləri ilə görsünlər.
Prezident İlham Əliyevin bu insanlara çox müdrik bir cavabı oldu. "Azərbaycan ərazisində olan bütün dini abidələr Azərbaycanın mədəni sərvətidir və onların mühafizəsi və qorunub saxlanması hər zaman dövlətin prioritet siyasəti olmuşdur".