Xəbərlər
Türkiyə parlamentinin siyasi partiya qrupları Fransa Senatının Dağlıq Qarabağla bağlı qərəzli qətnaməsini pisləyən bəyanat yayıblar
Türkiyənin Ədalət və İnkişaf, Cümhuriyyət Xalq, Milliyyətçi Hərəkat və İYİ partiyalarının Türkiyə Böyük Millət Məclisindəki qrupları Fransa Senatının Dağlıq Qarabağla bağlı qərəzli qətnaməsini pisləyən ortaq bəyanat yayıblar.
Siyasi partiyaların birgə imzası ilə yayılan bəyanatda Fransa Senatının beynəlxalq hüquqa, əxlaqa və ədalətə zidd olaraq Dağlıq Qarabağla bağlı noyabrın 25-də qətnamə qəbul etməsi şiddətlə qınanılıb. Qeyd olunub ki, Fransa Senatı özünü görməməzliyə vursa da, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrinə əsasən Dağlıq Qarabağ Azərbaycan torpağıdır və Fransa Senatının qətnaməsi beynəlxalq hüquqa görə yox dərəcəsindədir. Dağlıq Qarabağın Azərbaycan torpağı olduğu Fransa Prezidenti Emmanuel Makron tərəfindən bir neçə gün əvvəl bəyan edilib. Qondarma “Dağlıq Qarabağ respublikası” Ermənistan tərəfindən belə tanınmadığı halda, Fransa Senatı həqiqətdən uzaq qərar qəbul edir.
Birgə bəyanatda vurğulanıb ki, otuz ilə yaxın müddətdə Ermənistanın işğal altında saxladığı Azərbaycan torpaqları Azərbaycan Ordusunun son aylarda qəhrəmancasına apardığı mübarizə sayəsində işğaldan azad edilib. Türkiyə olaraq bu haqlı mübarizəsində və şanlı qələbənin hər anında Azərbaycanın yanında olduğumuz üçün qürur duyuruq. Azərbaycan Ordusunun BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən özünümüdafiə hüququna əsaslanaraq həyata keçirdiyi əməliyyat nəticəsində əsl sahiblərinə qaytarılan Azərbaycan torpaqlarının əbədi olaraq Azərbaycanın hakimiyyəti altında qalacağına heç bir şübhəmiz yoxdur.
Bildirilib ki, ATƏT-in Minsk qrupunun həmsədri olmasına baxmayaraq, 30 ilə yaxındır Ermənistanın işğalına göz yuman, bitərəf qalmalı olduğu halda işğalçı Ermənistanın yanında yer alan, Azərbaycanın haqqına və hüququna laqeyd qalan, BMT-nin bütün qərarlarını heçə sayan, son zamanlar Türkiyəyə qarşı düşmənçilikdə sərhəd tanımayan Fransanın bu addımı bizim üçün təəccüb doğurmur. Bu qərarla Fransa hökumətinə çağırış edən Senatın son dərəcə ciddi əqli böhran yaşadığını düşünür, anlayışlı Fransa xalqının daha ağlabatan, ağlı başında və hər şeydən vacib beynəlxalq hüquqa hörmətlə yanaşan təmsilçilərə layiq olduğunu düşünürük. Sözügedən qərarın Fransa Senatında səs çoxluğu ilə qəbul edilməsi isə Fransanın gələcəyi ilə bağlı qayğılarımızın artmasına səbəb olub.
Bəyanatda Fransa hökumətinin beynəlxalq hüquqa, haqqa və bölgədəki həqiqətlərlə uyğun olmayan, ağlasığmaz əsassız iddiaları, xəyali iftiraları və qeyri-ciddi təkliflər ehtiva edən bu qərarı diqqətə almayacağına və sağlam düşüncə ilə hərəkət edəcəyinə əminlik ifadə olunub. Bu cür qərəzli və təxribat xarakterli cəhdlərin bölgə ilə yanaşı, dünyaya da sülh və sabitlik gətirməyəcəyi xatırladılıb, Türkiyə və Azərbaycan əleyhinə bu cür addımlar atanların Türkiyə Böyük Millət Məclisi və Türk milləti adından qınandığı ifadə olunub.