Xəbərlər
Pərvin Kərimzadə: Fransa Senatının absurd qətnaməsi beynəlxalq hüququ heçə saymağın əyani sübutudur
Azərbaycan əzəli-əbədi torpaqlarını erməni işğalından azad etdiyi bir vaxtda, Fransa Senatının Rəyasətində erməni diasporunun və lobbisinin təsiri altında olan bir qrup senator tərəfindən qondarma “Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” 145 nömrəli qətnamə layihəsinin təqdim olunması, noyabrın 25-də müzakirə edilərək qəbul olunması təəssüf ediləcək məqamlardandır.
Milli Məclisin deputatı Pərvin Kərimzadə qeyd edib ki, beynəlxalq hüquq müstəvisində Ermənistanın işğalçı dövlət olduğunu tam şəkildə sübuta yetirilməsinə baxmayaraq Fransa Senatının qətnaməsi işğalşılıq, təcavüzkarlıq siyasəti yürüdən, 1 milyondan artıq soydaşımızı dədə-baba yurdundan didərgin salan, mülki vətəndaşlarımızı qətlə yetirən, ekoloji terror, vandalizm aktları törədən ölkəyə - Ermənistana açıq-aydın dəstək verdiyinin təsdiqidir.
İşğalçının, haqsızın yanında dayanan Fransa Senatının Azərbaycanın ünvanına yer alan saxta ittiham və böhtanları ilə dolu qətnaməsi bu ölkənin siyasəti və parlamentarizminin Ermənistan və Azərbaycan arasındakı münaqişəsinin gerçəkliklərindən nə qədər uzaq olduğunu, qərəzini, təktərəfliliyini yenidən ortaya qoydu. Məlumdur ki, vasitəçilik missiyasını üzərinə götürən bir ölkə münaqişə tərəflərindən birinə açıq və birmənalı dəstək verə bilməz. Məsuliyyətli missiyanı öz üzərinə götürən dövlət ən azı işğala məruz qalan dövləti işğalçıdan ayırmağı bacarmalı, münaqişənin həllində çalışmalıdır. Fransa isə nə edir? Əslində Fransa havadarlarına güvənən bədnam Ermənistanın işğalçılıq siyasətini yürütməklə, özünü necə rəzil duruma saldığını, regionda sülh və sabitliyin önündə ən böyük əngəl olduğunu yaxşı bilir. Fransa yenə də işğalçı ölkənin yanında yer alır, hətta bədnam, əsası olmayan qətnamələr qəbul edir. Beynəlxalq hüquq və normaların, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin ziddinə gedərək, Fransa Senatının Ermənistanın işğalçılıq siyasətini dəstəkləməsi, Qarabağı təktərəfli tanınması ilə bağlı əsassız qətnaməsi qərəzli addımın növbəti mərhələsidir. Daha doğrusu, bu çılız qətnamə erməni diasporunun yardımlarından qaynaqlanır, məqsədyönlü şəkildə həyata keçirilir.
İşğalçıının yanında olan, ədaləti, haqqı görmək istəməyən ölkənin ATƏT-in Minsk qrupunun tərkibində olması da sual doğurur. ATƏT-in Minsk qrupunun tərkibi dəyişdirilməli, siyasi manefələrini erməni lobbisindən güc alan ölkə bu təşkilatdan birdəfəlik uzaqlaşdırılmalıdır.