Xəbərlər
Macar dilində “Qafqazın parlayan ulduzu - Azərbaycan” adlı kitab nəşr olunub
Tanınmış macar alimi, doktor Borbala Obrusanszkynın və “Soyqırımı Həqiqətlərinin Tanıdılması” İctimai Birliyinin sədri Ceyhun Ələkbərovun həmmüəllifləri olduqları “Qafqazın parlayan ulduzu-Azərbaycan” adlı kitab işıq üzü görüb.
“Soyqırımı Həqiqətlərinin Tanıdılması” İctimai Birliyindən bildiriblər ki, macar dilində nəşr olunan kitabda ölkəmizin mədəniyyəti, turizmi, tarixi və iqtisadiyyatı, Azərbaycanın dünyada oynadığı rol və s. mövzular haqqında ətraflı məlumat verilib.
Kitabın elmi məsləhətçisi Macarıstan-Azərbaycan Qardaşlıq Cəmiyyətinin sədri Ramiz Əmirlidir.
Nəşrin redaktorları Azərbaycan Respublikasının Macarıstandakı səfiri, professor Vilayət Quliyev, Azərbaycan Diaspor Jurnalistlər Birliyinin idarə heyətinin üzvü, jurnalist Elnur Eltürkdir.
Eyni zamanda, 360 səhifəlik kitabın redaksiya heyətinə Azərbaycan Diaspor Jurnalistlər Birliyi idarə heyətinin üzvü, jurnalist Əli Zülfüqaroğlu və macar alimləri daxildirlər.