Xəbərlər
Münasibətlərin inkişafı qarşlılıqlı etimada əsaslanır
"Azərbaycanın xarici siyasətində türk dövlətləri ilə əlaqələrin gücləndirilməsi başlıca yer tutur. Prezident İlham Əliyevin "Bizim ailəmiz türk dünyasıdır" fikri bu siyasətin önəmini təsdiqləyir. Bu baxımdan, Özbəkistanla münasibətlər xüsusi vurğulanmalıdır. Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsində də ölkələrimiz arasında əlaqələrə dərindən nəzər salaraq gələcək üçün strateji vizyon ortaya qoydu. Dövlətimizin başçısı hərtərəfli əməkdaşlığın perspektiv əməkdaşlıq üçün formalaşdırdığı gözləntilərindən söz açdı. Eyni zamanda, ölkə Prezidentinin Özbəkistana dövlət səfəri qarşılıqlı əlaqələrin inkişafı baxımından yeni mərhələnin əsasını təşkil edir". Bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.
Deputat bildirib ki, Azərbaycan ilə Özbəkistan arasında münasibətlər son illərdə dövlətlərarası əlaqələrin ən sürətlə inkişaf edən istiqamətlərindən birinə çevrilib. Strateji tərəfdaşlıq mərhələsindən müttəfiqlik səviyyəsinə yüksələn bu əlaqələrdə Prezident İlham Əliyev ilə Prezident Şavkat Mirziyoyev arasında formalaşmış yüksək siyasi etimad, ardıcıl qarşılıqlı səfərlər və əldə olunan razılaşmalar mühüm rol oynayıb. Təsadüfi deyil ki, son 5 ildə Prezident İlham Əliyev Özbəkistana və Prezident Şavkat Mirziyoyev dəfələrlə qarşılıqlı səfərlər həyata keçiriblər. Bu səfərlər çərçivəsində 2024-cü il avqustun 23-də Daşkənddə “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin imzalanması münasibətlərdə keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoyub. Həmin gün Ali Dövlətlərarası Şuranın ilk iclasının keçirilməsi də yeni müttəfiqlik formatının institusional əsaslarını möhkəmləndirib.
Sonrakı mərhələdə bu siyasi yaxınlıq həm də iqtisadiyyat, bağlantılar, energetika və humanitar layihələri əhatə edib. Azərbaycanın 2025-ci ilin noyabrında Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə “C5” formatına tamhüquqlu iştirakçı kimi qəbul edilməsi isə Bakı-Daşkənd münasibətlərinin ikitərəfli çərçivədən çıxaraq daha geniş regional məna qazandığını göstərib. Prezident İlham Əliyev Özbəkistan budəfəki dövlət səfəri isə iki ölkə arasındakı müttəfiqlik münasibətlərinin daha da gücləndirilməsi və bütün sahələr üzrə əməkdaşlığın hərtərəfli genişləndirilməsi baxımından tarixi önəm kəsb edir.
Millət vəkilinin sözlərinə görə, cənab Prezidentin Özbəkistan Milli İnformasiya Agentliyinə müsahibəsinin əsas xəttini də dövlətlərarası münasibətlərin möhkəm təməllər üzərində qurulması mesajı təşkil edir. Bu, onu göstərir ki, Azərbaycan ilə Özbəkistan arasındakı əlaqələr hüquq-müqavilə bazasının da fövqündə dayanır. Dövlətimizin başçısı Azərbaycan ilə Özbəkistanın iqtisadi imkanları bir-birini tamamladığını və yeni əməkdaşlıq formatlarının yaradılması üçün geniş üfüqlər açdığını da diqqət çatdırdı:“Biz Azərbaycan şirkətlərinin Özbəkistanda və özbək şirkətlərinin Azərbaycanda daha fəal iştirakını, həmçinin birgə istehsal və investisiya layihələrinin sayının artmasını dəstəkləyirik. Azərbaycan da Özbəkistanda investisiya layihələri həyata keçirir. Bu layihələr arasında “PASHA Holding” tərəfindən “The Ritz-Carlton” brendi altında Daşkənddə inşa edilən hotel və yaşayış kompleksini, həmçinin Daşkənd vilayətində “Sea Breeze Uzbekistan” böyük turizm və yaşayış kompleksini qeyd etmək olar”.
Millət vəkili müsahibədə iki ölkə arasında mədəni, humanitar və təhsil sahəsindəki qardaşlıq əlaqələrinin strateji əhəmiyyətininin də diqqət mərkəzində olduğunu vurğulayıb. Özbəkistan Milli Pedaqoji Universitetinin Nizami Gəncəvi adını daşımasının və Füzulidə Mirzə Uluqbəy adına məktəbin inşasının, habelə işğaldan azad edilmiş ərazilərin bərpasına dəstəyin qarşılıqlı münasibətlərin ən parlaq nümunələri kimi qeyd edilib. Cənab Prezidentin Özbəkistana dövlət səfəri zamanı sözügedən universitetin açılış mərasiminin keçirilməsi də deyilənlərin təsdiqidir. Bu cür əməkdaşlıq ortaq dəyərləri qoruyan və gələcəyə yönəlmiş strateji humanitar körpü kimi dəyərləndirilə bilər.
Prezident İlham Əliyevin mətbuata bəyanatında qeyd etdiyi kimi, Azərbaycan-Özbəkistan dövlətlərarası münasibətləri son illər misli görünməmiş inkişaf mərhələsinə qədəm qoyub, ən yüksək pilləyə -müttəfiqlik səviyyəsinə yüksəlib və tamamilə yeni məzmun qazanıb. Dövlətimizin başçısının Özbəkistana budəfəki səfəri də iki ölkə arasında institusional əməkdaşlığın daha da genişləndirilməsində mühüm addımdır. Səfər birgə təşəbbüslərin həyata keçirilməsi və müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi nöqteyi-nəzərindən böyük əhəmiyyətə malikdir. Əlaqələrin bu inkişafı müttəfiqlik üçün səviyyəni formalaşdırıb. Müttəfiqlik səviyyəsindəki əlaqələr isə yeni imkanlar açır. Səfər zamanı liderlər tərəfindən Azərbaycan və Özbəkistan arasında Əbədi dostluq haqqında Müqavilənin imzalanması da münasibətlərimizin ən yüksək səviyyədə olduğunu təsdiqləyir.
Pərvin Kərimzadə qeyd edib ki, hazırda müasir beynəlxalq nizam transformasiyaya məruz qalır və bu, yeni geosiyasi şərtlərin formalaşması ilə müşayiət olunur. Azərbaycanla Özbəkistanın bunun fonunda bir-birini qlobal və regional müstəvilərdə dəstəkləməsi diqqətəlayiqdir. Bu, iki qardaş dövlət arasındakı müttəfiqlik əlaqələrinin institusional səviyyədə tam formalaşdığını və milli maraqların effektiv şəkildə uzlaşdırıldığını göstərir.
Onun sözlərinə görə, Azərbaycan və Özbəkistanın yaxınlaşmasını Türk Dövlətləri Təşkilatının inkişafından ayrı təsəvvür etmək mümkün deyil. Hər iki ölkə Türk dünyasının siyasi, iqtisadi və humanitar inteqrasiyasının fəal iştirakçısıdır. 2025-ci ilin oktyabrında TDT Dövlət Başçıları Şurasının Qəbələdə keçirilən 12-ci Zirvə Görüşündə Prezident İlham Əliyev təşkilatın artıq sadəcə əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşdığını bildirib. Bu prosesdə Azərbaycanın və Özbəkistanın mövqeyi xüsusilə əhəmiyyətlidir. Azərbaycan Xəzər və Cənubi Qafqaz istiqamətində, Özbəkistan isə Mərkəzi Asiyanın mərkəzində mühüm dayaq nöqtələridir. İki ölkənin siyasi və iqtisadi yaxınlaşması bu coğrafiyaları bir-birinə daha sıx bağlayır.
Deputat onu da qeyd edib ki, Azərbaycan-Özbəkistan münasibətlərinin potensialını müəyyən edən əsas istiqamətlərdən biri nəqliyyat-logistika əməkdaşlığıdır. Özbəkistanın Mərkəzi Asiyanın dərinliklərində yerləşməsi, Azərbaycanın isə Xəzərin qərb sahilində mühüm nəqliyyat qovşağına çevrilməsi iki ölkənin imkanlarını bir-birini tamamlayan strateji resursa çevirir. Bu baxımdan Orta Dəhliz iki ölkənin coğrafi mövqelərini vahid regional üstünlüyə çevirən əsas platformalardan biridir. Marşrut Mərkəzi Asiyanın istehsal və ixrac imkanlarını Xəzər vasitəsilə Cənubi Qafqaz, Türkiyə və Avropa bazarları ilə əlaqələndirir.
Azərbaycanın beynəlxalq dəniz limanı, dəmir və avtomobil yolları, hava limanları, gəmiçilik və logistika infrastrukturu ilə Özbəkistanın istehsal və ixrac potensialının birləşdirilməsi marşrutun iqtisadi səmərəliliyini daha da artırır. Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun inkişafı da bu istiqamətdə yeni imkanlar yaradır. Eyni zamanda, 2022-ci ildə imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında ”Saziş iki ölkə arasında avtomobil daşımalarının inkişafını daha da sürətləndirib. Yaxın gələcəkdə Zəngəzur dəhlizinin açılması isə iki qardaş ölkəni logistika baxımından daha da birləşdirəcək. Prezident İlham Əliyev Azərbaycanla Özbəkistanın TDT-ni təkcə dövlətlərarası əməkdaşlıq platforması kimi deyil, həm də ortaq tariximizi, mədəniyyətimizi və mənəvi dəyərlərimizi gələcəyə daşıyan mühüm birlik kimi dəyərləndirdiklərini vurğulayıb. Bu o deməkdir ki, Bakı ilə Daşkənd TDT-yə ortaq tarixi-mədəni mirasa əsaslanan platforma kimi baxaraq yeni regional münasibətlər sisteminin formalaşmasında maraqlı tərəflər kimi çıxış edir. Digər tərəfdən, təşkilat regional inteqrasiyanın, yeni əlaqələrin uzunmüddətli perspektivdə strateji gələcəyi formalaşdıran platforma kimi qiymətləndirilir. Bütün bunlar iki ölkənin TDT daxilindəki çoxtərəfli inteqrasiya proseslərini sürətləndirən əsas hərəkətverici qüvvə rolunu oynayır.
"Beləliklə, Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin genişləndirilməsi bütövlükdə mühüm regional önəm daşıyır. Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri isə bu kontekstdə böyük əhəmiyyət kəsb edir" - deyə Pərvin Kərimzadə əlavə edib ki, səfər zamanı imzalanmış sənədlər, "Azərbaycan" parkının təməlinin qoyulması, eləcə də digər təməllərin atılması qardaşlığımızın parlaq göstəricisidir.
