YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti: Təəssüf edirəm ki, bizə qarşı əsassız ittihamlar həmsədr ölkələrdən daxil olur

Azərbaycan ərazisində türkiyəli döyüşçülərin və Türkiyəyə məxsus hərbi təyyarələrin olması barədə əsassız ittihamları cəmi iki ölkə iki – Fransa və Rusiya irəli sürüb. Fransa Prezidentin şəxsində, Rusiya isə Xarici Kəşfiyyat İdarəsinin rəhbərinin şəxsində. Hərbi əməliyyatlar başlanandan dərhal sonra bizə bu cür ittihamlar təqdim edilib. Lakin artıq bir aya yaxın vaxt keçib, bizə heç bir dəlil, heç bir sübut təqdim edilməyib.

Prezident İlham Əliyev bu barədə İtaliyanın Rai-1 telekanalına müsahibəsində danışıb.

“Mən Fransa tərəfə müraciət etmişəm ki, müvafiq xidmətlərin müvafiq rəhbərləri görüşsünlər, söhbət etsinlər və bizə sübutlar təqdim etsinlər. Bizə heç nə təqdim edilməyib. Ona görə bütün bunlar insunasiyadır. Bütün bunlar Azərbaycana qara yaxmaq cəhdidir. Mən təəssüflənirəm ki, bu cür əsassız ittihamlar həmsədr ölkələrdən daxil olur. Onlar obyektiv olmalıdırlar. Axı, biz Rusiyadan Ermənistana nə qədər silah göndərilməsi barədə hər gün danışmırıq. Axı, biz demirik ki, bu gün kənardan kömək olmasa Ermənistan işğal edilmiş ərazilərdə bircə gün də dayana bilməzdi. Həm siyasi dəstək, həm hərbi, həm də mənəvi dəstək, özü də bunlar bitərəfliyə riayət etməli olan ölkələr tərəfindən gəlir. Buna görə biz bu insunasiyaları qətiyyətlə rədd edirik, buna ehtiyac yoxdur. Bizim nizami ordunun 100 min döyüşçüsü var. Zərurət yaranarsa, biz ümumi səfərbərlik elan edərik. Yeri gəlmişkən, Ermənistandan fərqli olaraq, biz bunu elan etməmişik. Ona görə bütün bunlar yalan və böhtandır”, - deyə dövlətimizin başçısı bildirib.

Əməliyyatlarda Türkiyə qoşunlarının iştirakı barədə iddiaların da yalan olduğunu vurğulayan Azərbaycan Prezidenti deyib: “Axı, biz demirik ki, Ermənistan ərazisində Rusiyanın neçə MiQ-29, Su-30 təyyarəsi var. Axı, biz demirik ki, Ermənistanda, Gümrüdəki bazada Rusiyanın 5 minlik qoşunu var və bizdə olan məlumata görə, oradan vaxtaşırı olaraq Ermənistan silahlı qüvvələrinə təchizat göndərilir və bizim barəmizdə deyilənlərdən fərqli olaraq, bunlar faktdır. Ona görə də bizi ittiham etmək istəyənlərə təklif edirəm ki, yalan informasiyaya əsaslanan bu cür tez-tələskən nəticələr çıxarmazdan əvvəl özlərinə baxsınlar”.