YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Malik Həsənov: Azərbaycan ədaləti bərpa edir, dünyanın yeni xarici siyasətini formalaşdırır

     “Bu gün böyük inam və qətiyyətlə bildiririk ki, Azərbaycan  həm döyüş meydanında, həm də diplomatik müstəvidə böyük üstünlüyə malikdir,  beynəlxalq hüququ təmin edir. Dövlətimizin başçısı İlham Əliyevin dünya ölkələrinin televiziya kanallarına, digər mətbu orqanlarına müsahibələri Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması ilə yanaşı, bugünədək ölkəmizin istər xarici siyasətinin əsas məsələsi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə, istərsə də demokratik islahatlar sahəsinə ikili standartlara əsaslanan yanaşmanın əsl mahiyyətinin, eyni zamanda, istər region, istərsə də dünya dövlətlərinin münasibətlərinin açıqlanmasında yardımçı olur. Beynəlxalq münasibətlərdə hüquq problemi yaşandığı, qərar və qətnamələrin zaman və məkana görə tətbiq edildiyi, güc amilinin ön plana çıxdığı bir daha təsdiqlənir.” Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

  M.Həsənovun sözlərinə görə, möhtərəm Prezidentimiz İlham Əliyevin oktyabrın 26-da xalqa müraciətində də qeyd etdiyi kimi, dünya artıq əvvəlki dünya deyil. Güc amili ön plana çıxır və bunu biz etməmişik. Sual doğuran bu məqamlara diqqət yetirsək görərik ki, böyük dövlətlər beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasına məhəl qoymur, istədiklərini edirlər. Azərbaycan beynəlxalq hüquqdan  kənar bir addım belə atmır. Beynəlxalq birlik tərəfindən tanınmış torpaqlarımızı bərpa edirik. Azərbaycan haqq yolundadır, ədaləti bərpa edir.

   “Bu gün  işğalçı dövlət heç bir sahədə Azərbaycanla müqayisə oluna bilməz. Baxmayaraq ki, dövlətimizin başçısı İlham Əliyevin ABŞ-ın  “Fox News” televiziya kanalına  müsahibəsində   jurnalist erməni lobbisinin güclü təsirində olduğunu  açıq-aşkar büruzə verərək Ermənistanın hərbi təxribatlara başlaması səbəblərini qüdrətli, güclü, davamlı inkişafa, demokratiya təcrübəsinə malik Azərbaycana aid etməyə çalışaraq erməni təbliğatına uyğun şəkildə ölkəmizin imicinə zərbə vuracağını düşündü. Amma ölkə Prezidentimizin  bir daha yüksək intellekt,  diplomatik məharət  nümayiş etdirərək verdiyi cavab əsl dərs oldu. Bildirdi ki, hazırda tamamilə iqtisadi və sosial problemlərin içində olan Ermənistanın diqqəti yayındırmağa ehtiyacı var. Jurnalistin suallarının arxasında  erməni məkrinin, xislətinin  gizləndiyini görməmək mümkünsüz  deyildi. Möhtərəm Prezidentimiz İlham Əliyevin  son bir ayda  müsahibələrində yer alan sualların mahiyyətinə diqqət yetirdikdə  Ermənistanın və onun havadarlarının illərdir apardıqları qərəzli kampaniyanın detallarını görürük.  Xalqımızı düşündürən belə məkrli, məqsədli  suallar  deyil, onların  cənab İlham Əliyevin  səbir və təmkinlə,  real faktlara əsaslanaraq cavablandırması, Azərbaycanın  maraqlarını qətiyyətlə müdafiə etməsi, haqq səsimizi bir daha dünyaya çatdırmasıdır. Möhtərəm  Prezidentimiz  hər zaman istər Ermənistana, istərsə də ona dəstək verən dövlətlərə ünvanladığı mesajları, verdiyi tarix və siyasət dərsləri ilə ölkə ictimaiyyətini qürurlandırır”- deyə, millət vəkili bildirib.

   M.Həsənov qeyd edib ki, dövlətimizin başçısı İlham Əliyev  xalqa müraciətində   Qarabağ tarixindən geniş bəhs edərək bu reallığı diqqətə çatdırmışdır ki, 1990-cı illərin əvvəllərində Azərbaycan haqqında, ümumiyyətlə, dünyada o qədər də böyük təsəvvür yox idi. Ancaq bir çox ölkələrdə fəaliyyət göstərən erməni lobbi təşkilatları həm bölgənin, həm münaqişənin tarixi ilə bağlı yanlış məlumat ötürərək dünya ictimaiyyətində təhrif edilmiş təsəvvür yarada bilmişlər. Məhz buna görə, torpaqlarımız işğal altında olsa da, Azərbaycana  qarşı sanksiyalar tətbiq edilmiş və onlar  bu günə qədər qüvvədədir.

   “1992-ci ildə Azərbaycana qarşı “Azadlığa Dəstək Aktına”  ədalətsiz 907-ci düzəlişin tətbiqi  erməni lobbisinin yalanlarının ayaq tutduğu zamanlar idi. Düzəliş guya  Azərbaycan tərəfindən Dağlıq Qarabağın “işğalı” və Ermənistana qarşı “blokada”sını dayandırmaq məqsədilə ABŞ Konqres tərəfindən qəbul edilmişdir. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra əsas diqqət göstərdiyi məsələlərdən biri Azərbaycanın ətrafında yarardılan informasiya blokadasının yarılması oldu və düşünülmüş, məqsədyönlü siyasət nəticəsində buna nail olmuşdur. Azərbaycanın diplomatik uğurları, eyni zamanda, 2001-ci ildə ABŞ-da baş verən terror aktı ABŞ-ın xarici siyasətində dəyişiklik etməsini şərtləndirdi. ABŞ hökuməti  907-ci düzəlişin ədalətsizliyini təsdiqləyərək  qüvvəsinin müvəqqəti dayandırılması haqqında qərar qəbul etdi. Bu fakt inkaredilməzdir ki,  ATƏT-in Minsk qrupunun digər həmsədrləri kimi,  ABŞ da  işğalçı dövlətə maddi və mənəvi dəstək göstərir.  Məsələni daha da dərinləşdirən amillərdən biri  bugünədək  ABŞ Konqresinin Ermənistana və qondarma “Dağlıq Qarabağ respublikası”na demokratiyaya dəstək adı altında   birbaşa maliyyə  yardımlarını davam etdirməsi,  münaqişənin həllində seyrçi mövqedə dayanaraq vasitəçilik missiyasına inamsızlığın artmasıdır”- deyə,  Malik Həsənov qeyd edib.

  “Azərbaycan dövləti hər zaman bəyan edir ki, bizim imitasiya naminə danışıqlar aparmaq fikrimiz yoxdur, sülh danışıqları səmərə vermədiyi təqdirdə  Ordumuz öz sözünü deyəcək, tarixi missiyasını layiqincə yerinə yetirəcək” söyləyən millət vəkili onu da vurğulayıb ki, sentyabrın 27-dən erməni təxribatlarının qarşısını qətiyyətlə alan Azərbaycan Ordusu  illərdir ATƏT-in Minsk qrupunun təmin edə bilmədiyi tarixi ədaləti bərpa edir.