Xəbərlər
Prezident İlham Əliyev Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümüdür. Qədirbilən Azərbaycan xalqı, bütün dünyada Heydər Əliyevi tanıyanlar və sevənlər on birinci ildir bu dahi şəxsiyyətin doğum gününü onsuz qeyd edirlər.
Hər il Ümummilli Liderimizin ad günü ərəfəsində olduğu kimi, mayın 10-da da səhər tezdən respublika ictimaiyyətinin nümayəndələri, ölkəmizin müxtəlif rayon və şəhərlərindən Bakıya gəlmiş insanlar, Azərbaycan paytaxtının qonaqları axın-axın Fəxri xiyabana üz tutur, ulu öndər Heydər Əliyevin məzarı önünə əklillər, təzə-tər güllər qoyur, onun əziz xatirəsini dərin ehtiramla yad edir, ruhuna dua oxuyurlar.
Xalqımızın xilaskar oğlunun doğum günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva, ailə üzvləri, Ulu Öndərin doğmaları, yaxınları onun məzarını ziyarət etmək üçün Fəxri xiyabana gəldilər.
Prezident İlham Əliyev ümummilli liderimiz Heydər Əliyevin məzarı önünə əklil qoydu, Ulu Öndərin ruhu qarşısında baş əydi.
Azərbaycan Respublikasının dövlət himni səsləndi.
Prezident İlham Əliyevin xanımı Mehriban Əliyeva və ailə üzvləri Ümummilli Liderin abidəsi önünə gül dəstələri qoydular.
Sonra dövlətimizin başçısı və ailə üzvləri Ulu Öndərin ömür-gün yoldaşı, oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim, alim Tamerlan Əliyevin məzarlarını ziyarət etdilər və gül dəstələri qoydular.
Ümummilli lider Heydər Əliyevin məzarının ziyarət edilməsi mərasimində Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, nazirlər, komitə və şirkət rəhbərləri, Milli Məclisin deputatları iştirak edirdilər.