YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

"Qarabağ" yatağına qayıtdığımız kimi, Qarabağ torpağına da qayıdacağıq

Milli Məclisin deputatı Jalə Əliyeva

"Əminəm ki, Azərbaycan öz doğma torpağına, Qarabağ torpağına qayıdacaq. Bizim ərazi bütövlüyümüz tam bərpa ediləcək, necə ki, bu gün biz vaxtilə tərk edilmiş “Qarabağ” yatağına qayıdırıq, eyni qaydada biz doğma Qarabağ torpağımıza da qayıdacağıq". Bu fikirlər ölkə Prezidenti cənab İlham Əliyevə məxsusdur. Dövlət başçısı bu fikirləri avqustun 10-da Heydər Əliyev adına Bakı Dərin Özüllər zavodunda “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindən sonra Azərbaycan Televiziyasına geniş müsahibəsində səsləndirib. 32 ildir ki, məkrli və hiyləgər qonşumuzun bitib-tükənməyən ərazi iddiaları, Qarabağ fitnəkarlığı üzündən yaranan, başlanan Ermənistan-Azərbaycan münaqişəsi hələ də davam edir. Qarabağ münaqişəsi hələ də öz müsbət və ədalətli həllini tapmayıb. Təbii ki, işğalçı və təzavüzkar ölkə bu fitnəkarlığa özbaşına, təkbaşına əl atmamışdı. Ona həm Şimalda-keçmiş Sovetlər Birliyində, Kremldə dəstək verənlər, həm də Qərbdə-erməni lobbisi və diasporunun təsiri altında olan dairələr, dövlətlər tərəfindən himayədarlıq, havadarlıq edənlər olmuşdu. Onlar birlikdə, koordinasiyalı şəkildə Azərbaycan, türk torpaqları hesabına bir əsrdə ikinci erməni dövlətini yaratmağa qərar vermişdilər. Çox təəssüflər olsun ki, münaqişənin ilk illərində keçmiş Mərkəz-Kreml ermənilərin, ittifaq respublikalarından biri olan Ermənistanın bu məkrli planlarını önləməkdə maraqlı olmamış, əksinə, onları daha da iştahlandırmış, eyni zamanda, keçmiş Sovetlərin süqutu, yeni müstəqil dövlətlərin yaranması dönəmində bir çox dünya ölkələri, eyni zamanda beynəlxalq təşkilatlar gücsüz və zəif Azərbaycanı Ermənistan qarşısında tək qoymuşdu. Daha da irəliyə getmiş olsaq, hər tərəfdən, bütün cəbhələrdən təzyiqlər yolunu tutmaqla, bədnam "907-ci düzəliş"i ortaya atmaqla, Azərbaycanı işğalçı və təcavüzkar qarşısında bir növ tərkisilah etmiş, ermənilərin, ondan-bundan asılı olan yarımmüstəqil Ermənistanın işğalçılıq, təcavüzkarlıq siyasətinə "yaşıl işıq" yandırmışdılar. Məsəl var, "arxalı köpək qurd basar". Ermənistan da elə bu "arxa"ya, aldığı bu dəstəyə güvənərək, iştahlanaraq, Azərbaycan torpaqlarının 20 faizinin işğalına, 1 milyona yaxın insanın qaçqın-köçkün durumuna düşməsinə nail oldu. Hətta, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə 4 məlum qətnamə qəbul etməsi, işğal olunmuş ərazilərdən işğalçı qoşunların qeyd-şərtsiz çıxarılması tələbi belə Ermənistan, onu dəstəkləyən qüvvələr tərəfindən qulaqardına vuruldi, yerinə yetirilmədi. Üstündən 27 il keçməsinə baxmayaraq, həmin qətnamələr bu gün də icra edilməmiş vəziyyətdə qalır. Amma nə BMT, nə onun Təhlükəsizlik Şurası, nə münaqişənin həllində vasitəçilik missiyasını üzərinə götürən ATƏT-in Minsk qrupu, nə də həmsədr dövlətlər Ermənistana, ermənilərə bundan ötrü gözün üstə qaşın var, demir. Xüsusilə də, 90-ci illərdən yaranan ATƏT-in Minsk qrupu, həmsədrlər ötən müddət ərzində üzərlərinə düşən missiyanı demək olar ki, yerinə yetirməyiblər, sadəcə, quru, boş, mənasız, heç bit təsir qüvvəsi olmayan, bir çox hallarda da işğalçı ilə işğala məruz qalanı eyniləşdirən bəyanatlarla, açıqlamalarla çıxış ediblər. Hansı ki, onların hər birinin Ermənistana təsir etmək üçün kifayət qədər təsir və təzyiq mexanizmləri var. İstəsələr bir anın içərisində Ermənistanı işğalçılıqdan çəkindirə, sülhə məcbur edə bilərlər. Amma etmirlər, etmək istəmirlər, etməkdə maraqlı görünmürlər. Onlar Qarabağ münaqişəsi vasitəsi ilə son illərdə böyük inkişaf və tərəqqi yolu keçən, hörmət-nüfuz sahibi olan, dünyanın lider dövlətlərindən birinə çevrilən Azərbaycanı öz təsirlərində, nəzarətlərində saxlamaq istəyirlər. Amma undurlar ki, artıq Azərbaycan ötən əsrin 90-ci illərinin əvvəllərinin zəif, gücsüz, arxasız Azərbaycanı deyil. Onların qarşısında nəinki yerləşdiyi bölgənin, coğrafiyanın, ümumilikdə dünyanın söz və nüfuz sahiblərindən biri olan güclü, qüdrətli bir ölkə, müdrik, uzaqgörən dövlət başçısı olan bir Azərbaycan var. Bu Azərbaycanla artıq zor, təzyiq, təhdid, diktə dilində danışmaq olmaz və bundan sonra da mümkün olan deyil. Həm də Azərbaycan güclü, döyüş qabiliyyətli, müzəffər Orduya malikdir. Azərbaycan Ordusu dünyanın ən güclü ordusuna malik olan 50 ölkə sırasınadır və gündən-günə də bu Ordunun gücü, əzmi artır. Eyni zamanda, Azərbaycanın hərbi büdcəsi bütövlükdə işğalçı, forpost, vassal ölkənin dövlət büdcəsinə bərabərdir. Azərbaycan Ordusu nələrə qadir olduğunu artıq həm düşmənə, həm də onun təhrikçilərinə, Azərbaycanla hesab çürütməyə qalxanlara hələ 2016-cı ilin Aprel döyüşlərində göstərdi. Üstündən cəmi iki il keçəndən sonra düşmən və havadarları bir daha Azərbayan Ordusunun gücünü öz üzərlərində hiss etdilər, uğurlu Cünnüt əməliyyatında düşmən ölkəyə, onu dəstəkləyənlərə növbəti böyük zərbə endirildi. Bu ilin isti iyul günlərində, 12 iyul tarixində düşmən daha təhlükəli və daha məkrli ssenariyə, təxtibata, fitnəkarlığa əl atdı. Qarabağ, cəbhə bölgəsində deyil, ondan xeyli uzaqlarda, Azərbaycan-Ermənistan sərhəddinin Tovuz istiqamətində ikinci cəbhə açmağa, bununla da, dünya əhəmiyyətli layihələrin keçdiyi Qərb bölgəsində vəziyyəti gərginləşdirməyə, həmin əraziləri nəzarətdə saxlamağa, Azərbaycanın beynəlxalq aləmdəki nüfuzuna ciddi xələl yetirməyə əl atdı. Amma düşmən və onun havadarlarının növbəti qanlı ssenarisinin, təxribatının, fitnəkarlığının da qarşısı dərhal alındı, 12-14 iyul tarixlərində döyüş əməliyyatları zamanı ermənilərə və Ermənistana böyük itkilər verdirildi, onlar geri oturduldu, onlara növbəti məğlubiyyət və fiasko yaşadıldı. Və bir daha Azərbaycan dövlətinin, Azərbaycanın xalqının yenilməz, sarsılmaz iradəsi, əzmi nümayiş etdirildi. Nümayiş etdirildi ki, 32 il ərzində Qarabağ, torpaq məsələsində güzəşt olmadığı kimi, bundan sonra da heç zaman güzəşt olmayacaq. Azərbaycan öz suveren hüquqlarından istifadə edərək, işğal altındakı torpaqlarını son qarışınacan azad edəcək. Qarabağın, ona bitişik digər işğal altında olan yurd yerlərinin azad edilməsinə nail olacaq. Heç kim, heç bir güc, heç bir qüvvə onu bu yolundan döndərə, əngəlləyə bilməyəcək. Çünki cənab Prezidentin, Ali Baş Komandanın son müsahibəsində də vurğulandığı kimi, "Bizim ərazi bütövlüyümüz tam bərpa ediləcək, necə ki, bu gün biz vaxtilə tərk edilmiş “Qarabağ” yatağına qayıdırıq, eyni qaydada biz doğma Qarabağ torpağımıza da qayıdacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!"