YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ceyhun Məmmədov: Dövlət vətəndaşları qorumaq üçün bütün addımları atmaqdadır

"Bu gün bəşəriyyət pandemiya sınağı ilə üz-üzə qalıb, hər bir dövlət vəziyyətdən uğurla çıxmaq üçün müxtəlif yollar axtarır. Azərbaycan ilk gündən pandemiya ilə mübarizə istiqamətində qabaqlayıcı və adekvat qərarlar qəbul etdi. Prezident İlham Əliyev mühüm bir neçə sərəncam imzaladı, operativ qərargah və fond yaradıldı. Ciddi, ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilməsinə başlanıldı. Qısa müddətdə yeni laboratoriyalar alındı". Bu fikirləri Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Ceyhun Məmmədov bildirib ki, hazırda ölkəmizdə laboratoriyaların sayı 20-dən çoxdur. Onun sözlərinə görə, koronovirus xəstələrini müalicə etmək üçün ən qabaqcıl xəstəxanalar ayrıldı, o cümlədən Azərbaycanın ən gözəl, ən müasir xəstəxanası “Yeni klinika” bu qəbildən olan xəstələrin istifadəsinə verildi. Hazırda bu növ xəstəxanaların sayı ölkəmizdə 20-dən çoxdur. İlk günlər həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər nəticəsində ölkəmizdə vəziyyət digər dövlətlərlə müqayisədə daha yaxşı idi. Ancaq bəzi insanlarımızın məsələyə məsuliyyətsiz yanaşması səbəbindən getdikcə ölkəmizdə virusa yoluxanların sayında ciddi artım müşahidə olunmağa başlanıldı. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan pandemiya ilə mübarizədə özünə qapanmadı, digər ölkələrə yardımını əsirgəmədi. Ölkəmiz fərdi qaydada 14 ölkəyə onların müraciəti əsasında humanitar yardım göstərib. Eyni zamanda, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı xətti ilə əlavə 15 ölkəyə humanitar yardım edib. Ümumdünya Səhiyyə Təşkilatına Azərbaycan fərdi qaydada iki dəfə ianə veribdir və beləliklə, Azərbaycan beynəlxalq təşkilat vasitəsilə 29 ölkəyə humanitar yardım göstərib. Bütün bunlar Azərbaycanın pandemiya ilə mübarizədə beynəlxalq səylərə böyük dəstək verdiyini göstərir.

Qeyd etməliyik ki, Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, koronovirusa yoluxan bütün xəstələr tibbi müəssisələrdə müalicə alır. Dünya praktikası tam başqadır. Bir çox ölkələrdə xəstəliyi simptomsuz keçirənlər, xəstəliyə düçar olmuş insanlar ev şəraitində müalicə alırlar, onları heç xəstəxanalara da qəbul etmirlər. Əlbəttə ki, bu, onların sağlamlığına təhlükə yaradır. Azərbaycanda koronovirusdan ölənlərin sayının az olmasının səbəblərindən biri də məhz odur ki, yoluxmuş bütün xəstələr tibbi müəssisələrə qəbul edilir və onlara lazımi xidmət göstərilir. Azərbaycan Pandemiya ilə qlobal mübarizədə ciddi səylər göstərərək bir neçə beynəlxalq videokonfransın təşkilatçılığını öz üzərinə götürdü. Azərbaycanın bu addımları Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də yüksək qiymətləndirildi. Dəfələrlə Azərbaycana təşəkkür edildi. Azərbaycan xaricdə yaşayan öz vətəndaşlarına da sahib çıxdı. Xaricdə qalan və Azərbaycana gəlmək istəyən vətəndaşlarımız üçün xüsusi portal yaradıldı. Vətəndaşlar o portalda qeydiyyatdan keçirlər, növbəlilik prinsipi əsasında dövlət hesabına ölkəmizə gətirilirlər. Yəni, bütün şərait yaradılıb ki, Azərbaycan vətəndaşları dövlət tərəfindən qayğı ilə, diqqətlə əhatə olunsun. Prezident ilk gündən bəyan etdi ki, bizim üçün vətəndaşlarımızın sağlamlığı hər şeydən önəmlidir.

“Dövlət vətəndaşları qorumaq üçün bütün addımları atmaqdadır. Prezident İlham Əliyev məsələni nəzarətində saxlayır. Qəbul edilən qərarlar yerinə yetirilən layihələr ölkə rəhbərimizin vədlərini yerinə yetirdiyini göstərir. Qısa müddətdə bir neçə səhiyyə müəssisəsinin, səyyar xəstəxananın fəaliyyətə başlaması bir o qədər də asan iş deyil. Ancaq Azərbaycan qısa zamanda bu uğura nail oldu. Bütün çətinliklərə baxmayaraq Azərbaycan heç bir sosial layihəni təxirə salmadı. Prezident İlham Əliyev bu məsələni dəfələrlə vurğulayıb. Sonda üzümü hər bir vətəndaşa tutaraq onları sosial məsafəni qorumağa, maska taxmağa çağırıram. Hər birimizin üzərinə ciddi vəzifə düşür. Əks halda virusa yoluxanların sayı daha da arta bilər. Heç kim vətəndaş məsuliyyətini unutmamalıdır”-deyə, deputat vurğulayıb.