YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İnformasiya təhlükəsizliyi və sosial şəbəkələrdə hüquqi tənzimləmə məsələsi strateji faktor kimi...

Hikmət BABAOĞLU

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı

Milli təhlükəsizliyin əsas komponentlərindən biri informasiya təhlükəsizliyidir. Xüsusilə də, internet resurslarından istifadənin qlobal xarakter aldığı – geniş yayıldığı, informasiya inklüzivliyinin mövcud olduğu müasir dövrdə milli informasiya məkanının qorunması strateji vəzifələrdən biri kimi çıxış edir. Ümumiyyətlə, sosial medianın imkanlarının genişlənməsi informasiya təhlükəsizliyi anlayışına yeni məzmun gətirir və bu istiqamətdə milli maraqlardan irəli gələn addımların atılması vacib amilə çevrilir. Belə bir şəraitdə, heç şübhəsiz, transmilli şirkətlər olan “Facebook”, “Twitter” və digər platformalarda münasibətlərin hüquq müstəvisində tənzimlənməsi olduqca mühüm məsələlər sırasında yer alır.

Donald Trampın “Onlayn senzuradan müdafiə barədə” sərəncamında əksini tapan məqamlar nəyi ifadə edir?

Təbii ki, biz ayrı-ayrı ölkələrin nümunəsində bu istiqamətdə müxtəlif təşəbbüslərin irəli sürülməsini və addımların atılmasını müşahidə edirik. Son olaraq mayın 28-də ABŞ Prezidenti Donald Tramp “Onlayn senzuradan müdafiə barədə” sərəncam imzalayıb. sərəncama nəzər saldıqda bir sıra məqamlar xüsusilə diqqəti cəlb edir. İlk nüans odur ki, nəhəng sosial media şirkətləri öz maraqlarına uyğun olmayan fikirləri senzuraya məruz qoyur və bununla da “yumşaq güc” mexanizmi kimi “təhlükəli qüvvə” tətbiq edirlər. İkincisi, “Twitter”,“Facebook”, “Instagram” və “YouTube” informasiyaların təqdim edilməsinə açıq və gizli müdaxilələri ilə ictimai rəyi istədikləri istiqamətdə formalaşdırmağa çalışır, xüsusilə də fikirlərə qarşı selektiv yanaşmalar tətbiq edirlər. Sərəncamda əksini tapan digər məqam ondan ibarətdir ki, xüsusilə “Twitter” ABŞ-a qarşı açıq şəkildə siyasi qərəz nümayiş etdirir, başqa ölkələrin “siyasi alət”i kimi çıxış edir və onların anti-ABŞ siyasətini dəstəkləyir, informasiya təxribatları ilə məşğul olur. Bununla yanaşı, sosial şəbəkələrin tətbiq etdikləri bir çox məhdudlaşdırıcı tədbirlər sırf siyasi motivlidir və fikir plüralizminə ziddir. Eyni zamanda, onlayn platformaların fəaliyyəti şəffaf və hesabatlı deyil, onlar söz azadlığını qorumaq üçün universal normativ standartlara və alətlərə malik deyillər. Sərəncamda bütün bunların ABŞ qanunlarına, xüsusilə Kommunikasiya Etikası Qanununun (Communications Decency Act) 230-cu bəndinə uyğun gəlmədiyi diqqətə çatdırılıb. Ona görə də ABŞ-ın bu sahədə toxunulmazlığının sərhədlərinin aydınlaşdırılmasının zəruriliyi önə çəkilib.

Sosial şəbəkələrdə mövcud olan informasiya xaosuna nizam gətirmək cəhdi...

Əlbəttə, ABŞ Prezidenti Donald Trampın bəhs olunan sərəncamı, əslində, sosial şəbəkələrdə hazırda mövcud olan informasiya xaosuna nizam gətirmək cəhdidir. Məlumdur ki, “sosial şəbəkə” adlandırılan internet resursları hüquqi baxımdan ayrı-ayrı şəxslərin özəl biznes strukturlarıdır. Hazırkı qlobal informasiya cəmiyyəti fonunda isə onların fəaliyyəti özəl olmaqdan çoxdan çıxıb və sosial-iqtisadi, ictimai-siyasi həyatımızın bütün sferalarına nüfuz edən mühüm təsir vasitələrinə çevrilib. Hətta vəziyyət o həddə çatıb ki, bu şəbəkələr ictimai etimadı, siyasi dünyagörüşü, sosial davranışları təyin edən institusional quruma çevrilib. Beləliklə də, vaxtilə media haqqında deyilən "dördüncü hakimiyyət" ifadəsi sosial şəbəkələrə aid edildikdə artıq ikinci, bəzi hallarda isə elə birinci hakimiyyət kimi ifadə edilir. Dolayısıyla, “hakimiyyəti xalqın iradəsi təyin edir” hüquqi  ifadfəsi, az qala, “hakimiyyəti sosial şəbəkələr və media təyin edir” vəziyyətinə gəlib çatıb. Çünki bu gün istənilən hakimiyyət təmsilçisinin ictimai obrazını formalaşdıran sosial şəbəkələrdir. Eyni zamanda, həmin ictimai-siyasi xadimlərin fəaliyyətini qiymətləndirərək, onu doqmatik olaraq ictimai fikirə təqdim edən də yenə sosial şəbəkələr və mediadır. Həqiqət isə ondan ibarətdir ki, sosial şəbəkələr və medianın formalaşdırdığı ictimai-siyasi obraz, ya da siyasi portret bir çox hallarda heç də obyektivə uyğun olmur. Beləliklə, ictimai şüurla manipulyasiya hadisəsi baş verir. Hələ bu da problemin hamısı deyil.

Onlayn platformalarda fəaliyyətin hüquqi tənzimlənməsi zərurətdir

Sosial şəbəkələr mənəvi sferadan başlamış mədəni-etik sferaya qədər hər yerdə dəyərləri bəzən terrorizə edir, əxlaqi keyfiyyətlərin lazımi əsaslarda formalaşmasına mənfi təsir göstərir. Ona görə də sosial şəbəkələrdə formalaşmış ictimai münasibətlərin mütləq hüquqla tənzimlənməsi zərurəti yaranır. ABŞ Prezidentini də bu cür qərar qəbul etməyə vadar edən səbəblər bunlardır. Dünyanın ən demokratik ölkələrindən, dünya siyasətini müəyyənləşdirən güc mərkəzlərindən biri olan ölkənin birinci rəsmi şəxsinin, yəni prezidentinin söylədiyi fikirləri “qeyri-dəqiq ola biləcəyi” etiketi ilə yaymaq, əslində, həmin prezidenti etibarsızlaşdırmağa cəhd etməkdir. Ona görə də burada hüquqi məsuliyyət yaranır və hüquqi tənzimləmənin zəruriliyi bir daha aktuallaşır. Bütövlükdə, istər bu sərəncamı şərh edən ekspertlər, istərsə də sosial medianın tədqiqi ilə məşğul olan araşdırmaçıların ifadə etdikləri yekun qənaət bundan ibarətdir ki, onlayn platformaların genişlənməsi və təsirini hədsiz artırması onların fəaliyyətinin tənzimlənməsini zəruri edir. Ona görə də ABŞ Prezidentinin bəhs olunan yanaşması dəstəklənir, bu mövqe sosial şəbəkələrin hüquqi tənzimlənməsinin vacibliyinin beynəlxalq səviyyədə diqqətə çatdırılmasının nümunəsi kimi göstərilir. Əlbəttə, bu istiqamətdə beynəlxalq təcrübə mövcuddur. Artıq Avropada bir sıra dövlətlər, o cümlədən Almaniya sosial şəbəkələrin zərərli təsirlərindən qorunmaq üçün məhdudlaşdırıcı qanunlar qəbul edib və proses sürətlə davam edir. Önə çəkilən və xüsusilə diqqətə çatdırılan məqam ondan ibarətdir ki, sosial şəbəkələr barədə universal normativ standartlar mövcud deyil, bu səbəbdən burada feyk məlumatlar sərhədsiz olaraq – heç bir maneəyə məruz qalmadan geniş yayılır. Üstəlik, qeyd etdiyimiz kimi, zərərli informasiyalar sırasında mənəvi-əxlaqi dəyərələrə zidd materiallar, terrora, zorakılığa çağırışlar xüsusi yer tutur. Eyni zamanda, sərhədsizlik və hüquqi tənzimləmə mexanizmlərinin olmaması qeyri-qanuni ticarətin və digər zərərli əməllərin geniş yayılmasına, ayrı-ayrı fərdlərə, şirkətlərə, ölkələrə qarşı kampaniyalar təşkil etməyə, siyasi kataklizmlər formalaşdırmağa şərait yaradır.

Sosial şəbəkələrlə bağlı beynəlxalq səviyyədə universal normativ hüquqi aktların hazırlanması qlobal xarakterli aktual məsələdir

Göründüyü kimi, bu mülahizər və təsbitlər Trampın qərarının, əslində, düzgün olduğunu göstərir. Məsələ ondadır ki, sosial şəbəkələrin fəaliyyət təkcə ABŞ-da dediyimiz halların yaranmasına səbəb olmur, eyni zamanda, dünyanın bir çox ölkələrində, o cümlədən Azərbaycanda da müəyyən mənfi fəsadlara gətirib çıxaran informasiya aləti rolunu oynayır. Bəzi vətəndaşlarımızın sosial şəbəkələri mənəvi-siyasi terror vasitəsinə, qeyri-ciddi və qeyri-obyektiv informasiya ruporuna çevirməsi buna əyani sübutdur.  Eyni zamanda, anti-Azərbaycan dairələr sosial şəbəkələrdən, onlayn platformalardan istifadə edərək ölkəmizə qarşı qərəzli informasiyalar yayır, “qara piar” kampaniyası aparır. Hətta terror çağırışları bu sırada xüsusilə nəzərə çarpır.

Ona görə də hər hansı bir formada mütləq sosial şəbəkələrdə olan bütün növ ictimai münasibətlərin hüquqla tənzimlənməsi vacibdir. Hazırkı vəziyyətdə isə Trampın  belə bir  qərar qəbul etməsi sosial şəbəkələrin hüquqa dəvət edilməsi istiqamətində atılan ilkin addımlardan biri kimi qiymətləndirilməlidir. Artıq beynəlxalq miqyasda və ölkələr səviyyəsində bu istiqamətdə iş görməyin, sosial şəbəkələrin fəaliyyətini tənzimləyən qanunlar qəbul edilməsinin zamanıdır. Şübhəsiz ki, sosial media və şəbəkələr qlobal informasiya cəmiyyətini yaradan əsas mübadilə platformasıdır, bu səbəbdən hazırkı mərhələdə sosial və hüquqi məsuliyyətini artırmaqla öz fəaliyyətində yeni keyfiyyət mərhələsi yaratmalıdır.

Bütün hallarda, internet azadlığının heç bir halda digər azadlıqları məhdudlaşdırmamalı olduğu nəzərə alınaraq onlayn platformada balansın əldə olunması üçün hüquqi tənzimlənmələrin həyata keçirilməsi labüddür. Sosial şəbəkələrlə bağlı beynəlxalq səviyyədə universal normativ hüquqi aktların hazırlanması və tətbiqi ilə bağlı intensiv müzakirələr aparılır, ayrı-ayrı ölkələrdə qanunlara əlavələr edilir, yeni qanunların qəbulunun gündəmdə olduğu nəzərə çarpır. Təbii ki, qlobal xarakter və məzmun kəsb edən belə bir şəraitdə Azərbaycan da prosesdən kənarda qalmamalı və ümumi işə öz töhfəsini vermək üçün müvafiq addımlar atmalıdır.