Xəbərlər
Yeni reallıqların rəsmi təsdiqi: Azərbaycan diplomatiyasının qələbəsi

Emin Şıxəliyev
Naxçıvan MR Ali Məclisinin deputatı, Naxçıvan Dövlət Universitetinin dosenti, tarix elmləri doktoru
Məlum olduğu kimi, ATƏT-in Minsk Qrupu 1992-ci ildə Ermənistan-Azərbaycan münaqişəsinin həllində vasitəçilik məqsədi üçün yaradılmışdı və münaqişə ilə bağlı danışıqlar prosesi ATƏT-in Minsk Qrupunun həmsədrləri olan Rusiya, ABŞ və Fransanın nəzarəti altında idi. Münaqişənin həlli ilə bağlı bu dövlətlərin hər birinin öz mövqeyi vardı ki, bu da danışıqlarda uğur əldə edilməsini çətinləşdirirdi. Aydındır ki, qlobal güc mərkəzlərini təmsil edən hər üç ölkə təcavüzkara təzyiq etmək üçün geosiyasi nüfuza malik idilər. Amma məsələ burasındadır ki, bu və ya digər münaqişələrin həlli istiqamətində əsas problem böyük dövlətlərin münaqişəni həll etmək bacarıqlarında yox, onların siyasi iradələrindədir. Bu həmişə belə olub və bundan sonra da olacaq. Minsk Qrupunda Dağlıq Qarabağ münaqişəsinin həllinə ciddi marağın olmamasının nəticəsi idi ki, qurum öz öhdəliklərini yerinə yetirmirdi. Minsk Qrupunun həmsədr ölkələri sırf münaqişənin gərginləşməsinin qarşısını almaq üçün regiona səfərlər ediblər. Beləliklə də onlar daha çox “münaqişənin həlli mexanizmləri”nin icrası ilə deyil, “münaqişənin idarə edilməsi” ilə məşğul olublar. İstər rəsmi səviyyədə, istərsə də Azərbaycan ictimaiyyətində həmsədrlərin dəfələrlə regiona səfərləri haqlı olaraq “turistik ekskursiya” kimi qiymətləndirilib. Həm beynəlxalq təşkilatların, həm ATƏT-in Minsk Qrupu üzvlərinin, həm də digər dövlətlərin yeritdikləri ikili standartlar siyasətinin nəticəsi idi ki, Ermənistan tərəfi problemin öz real həllinə yanaşmaq istəməmiş, üstəlik, atəşkəs rejimini də sıx-sıx pozmuşdur. Nəticədə 2020-ci ilin sentyabr ayında baş vermiş müharibə Qarabağ münaqişəsinin əslində dondurulmuş olmadığını ortaya qoydu. Daim böyük dövlətlər tərəfindən dəstəklənəcəyini ümid edən Ermənistan təmas xəttini pozmağa davam etdi, psixoloji baxımdan Azərbaycana zərbə vurmağa çalışdı və qıcıqlandırma metodlarından istifadə etdi. Nəticədə Azərbaycan tərəfi Ermənistan qarşısında güc və qətiyyət nümayiş etdirərək özünün “dəmir yumruq” əməliyyatını reallaşdırdı, işğal altındakı torpaqlarını azad etdi, sonrakı mərhələdə antiterror əməliyyatını gerçəkləşdirərək ərazi bütövlüyünü bərpa etdi. Bu reallıq artıq beynəlxalq arenada dövlətlər və təşkilatlar tərəfindən getdikcə qəbul edilməyə başladı. Minsk Qrupu Azərbaycan üçün ölü bir qurum idi. Rəsmi Bakının Ermənistan qarşısındakı tələblərindən biri də ATƏT-in Minsk Qrupunun ləğvi ilə bağlı məsələ idi. Öz tələblərindən heç bir şəkildə geri addım atmayan Azərbaycan Prezidentinin uğurlu siyasi gedişləri nəticəsində bu tələb 2025-ci ilin avqustunda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş nazii Nikol Paşinyan arasında Vaşinqtonda imzalanan birgə bəyanatda öz əksini tapdı. Tərəflərin ATƏT-ə göndərdiyi birgə müraciət əsasında Minsk Qrupu rəsmən ləğv edildi. Zatən bu qurumun varlığı zatən olduqca məntiqsiz idi. Çünki bu qurum Qarabağ münaqişəsinin həlli üçün yaradılmışdı, amma 30 ildən çox fəaliyyətində səmərəsiz fəaliyyət göstərdi. Heç təsadüfi deyildir ki, bu dövr ərzində Ermənistanın işğal siyasəti faktiki qorundu. Azərbaycan özü beynəlxalq hüquqa uyğun olaraq ərazi bütövlüyünü bərpa etdi. Belə bir vəziyyətdə Minsk Qrupuna heç bir ehtiyac qalmadı. Azərbaycanın israrlı tələbi öz nəticəsini verdi. Bu qurumun ləğv olunması o anlama gəlir ki, artıq həmin qurumun üzvləri bu format vasitəsilə Cənubi Qafqaza istiqamət verə bilməyəcəklər. Bu qrupun ləğvi Azərbaycanın siyasi-diplomatik qələbəsi sayılır. Azərbaycan faktiki olaraq “dondurulmuş status-qvo mexanizmini” sıradan çıxardı. Bu qrupun varlığı Cənubi Qafqazda mühüm qələbə əldə edən Azərbaycanın yaratdığı reallığa ziddi idi. Amma bu gün Minsk Qrupunun ləğvi həmin reallığın bilavasitə beynəxalq səviyyədə təsdiqi deməkdir. Beləliklə, Azərbaycan sübut etdi ki, regionun gələcəyini müəyyənləşdirən əsas aktor kimi bu dövlət hərbi, siyasi və diplomatik böyük üstünlüyə sahibdir və öz iradəsini qəbul etdirmək gücünə sahibdir.