Xəbərlər
“Vətənpərvərlik – milli birlik və həmrəyliyin əsasıdır”

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatının inzibati binasında “Vətənpərvərlik – milli birlik və həmrəyliyin əsasıdır” mövzusunda tədbir keçirilib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub.
Tədbiri giriş sözü ilə açan YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov bildirib ki, vətənpərvərlik xalqımızın tarix boyu formalaşdırdığı ən müqəddəs dəyərlərdən biridir: “Bu duyğu Azərbaycan xalqının qanında, yaddaşında və həyat tərzində həmişə mövcud olmuşdur. Vətənə olan sevgi, torpağa bağlılıq və milli-mənəvi dəyərlərə sadiqlik xalqımızı bütün dövrlərdə birləşdirən əsas güc olmuşdur. Tarix göstərir ki, çətin günlərdə, ağır sınaqlarda məhz vətənpərvərlik ruhu ilə birləşərək qalib gəlmişik”.
Təşkilat sədri vurğulayıb ki, Qarabağ Zəfəri buna ən bariz nümunədir – xalq, ordu və dövlət bir amal uğrunda birləşərək tarixi Qələbəyə imza atıb: “Vətənpərvərlik yalnız müharibə zamanı deyil, gündəlik həyatımızda da özünü göstərir. Ordumuzun Zəfər yürüşləri xalqımıza qol-qanad verib, Vətən müharibəsində tarixi qələbəmiz böyük milli potensialımızı üzə çıxarıb. Azərbaycanda müstəqillik dövründə dövlətçilik dəyərlərinə bağlı, tarixi yaddaşı qoruyub saxlayan, vətənpərvər və əzmkar nəsil yetişdirdib.
Partiya veteranları Arif Mahmudov, Məzahir Mahmudov və partiya fəalı Taleh İsazadə qeyd ediblər ki, Azərbaycan gəncliyi tariximizin qüdrətli dövrünün müəllifinə çevrilib. Qeyd olunub ki, 44 günlük tarixi qələbə Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi və ordumuzun şücaəti hesabına əldə olunub. Bu qəhrəmanlıq dövrü tarix boyu şanlı qürur mənbəyi olaraq əbədiləşəcəkdir.
Çıxışlardan sonra yubiley yaşı tamam olmuş bir qrup partiya veteranına YAP Tərtər rayon təşkilatı tərəfindən qiymətli hədiyyələr təqdim olunub.
Tədbir partiya veteranları ilə çay süfrəsi ətrafında davam etdirilib və xatirə şəkli çəkdirilib.