YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Niderland və Belçikadakı diaspor üzvlərimiz qondarma rejimə etiraz bəyanatını Avropa təşkilatlarına göndəriblər

Azərbaycanın işğal edilmiş torpaqlarında yaradılan qondarma quruma qeyri-qanuni “seçkilər” keçirilməsi və Şuşada “andiçmə” mərasimi beynəlxalq hüquqa, bölgədə sülhə və sabitliyə qarşı təhdid, Azərbaycana qarşı təxribatdır.

Bu fikir Avropa Azərbaycanlıları Konqresi və Niderland və Belçika Azərbaycanlıları Koordinasiyası Şurasının Avropa Parlamentinə, Avropa İnsan Hüquqları Məhkəməsinə, Avropa Parlamentinin İnsan Hüquqları Komissiyası və Niderland Parlamentinə ünvanlandığı bəyanatda yer alıb.

Erməni separatçılarının çirkin əməllərinə etiraz bəyanatında vurğulanıb ki, Qarabağ Azərbaycandır. Bir sıra dövlətlər və beynəlxalq təşkilatlar bu “seçki” şousunu pisləyərək, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib, qondarma Dağlıq Qarabağ Respublikasını və orada keçirilmiş “seçkiləri” tanımadıqlarını bəyan edib. Dünyanın bir çox dövlətləri, eləcə də Avropa İttifaqı, ATƏT, NATO, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Türk Şurası, GUAM, Avropa Parlamenti, TÜRKPA kimi beynəlxalq təşkilatlar, nüfuzlu KİV-lər, eləcə də görkəmli şəxsiyyətlər bu “seçkiləri” məqsədli təxribat, Qafqazda sülhə, sabitliyə qarşı məsuliyyətsiz siyasi addım, münaqişənin sülh yolu ilə nizamlanmasına qarşı ciddi əngəl, beynəlxalq hüquq normalarına təhdid kimi dəyərləndirirlər. Bu qondarma “seçkilərin” və onların “nəticələrinin” qanunsuz olduğunu bəyan ediblər. Ermənistan rəhbərliyi və erməni lobbisi tərəfindən dəstək görən, heç bir beynəlxalq təşkilat və ölkə tərəfindən tanınmayan işğalçı rejim və onun burada təşkil etdiyi qondarma “seçkilər” beynəlxalq hüquqa ziddir.

Qeyd edilib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair aparılan danışıqlara böyük zərbə olan bu addım, qarşı tərəfin əsl niyyətini üzə çıxararaq məsələnin həllində maraqlı olmadığını bir daha göstərir. Qanunsuz parlament tərəfindən saxta seçkilərin keçirilməsi Ermənistanın sülh danışıqlarında beynəlxalq ictimaiyyəti aldatmağa cəhd göstərdiyini sübut edir. Bu səbəbdən dünya dövlətləri, eləcə də beynəlxalq təşkilatlar Ermənistana qarşı daha ciddi təzyiq və sanksiyalar tətbiq etməklə onu beynəlxalq hüquq normalarına hörmətlə yanaşmağa məcbur etməlidir.

Bəyanatda vurğulanıb ki, Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınmış ərazilərində saxta prezident seçkisinin keçirilməsi və “andiçmə” mərasiminin təşkili yolverilməzdir. Avropada yaşayan azərbaycanlılar bunu Azərbaycanın işğal olunmuş torpaqlarında, başda Xocalı faciəsi olmaqla, dinc insanların qatili olan separatçı rejimin və işğalçı Ermənistanın cinayətkar fəaliyyətlərinin davamı kimi qiymətləndirərək, bu təxribatçı, eləcə də cinayətkar əməlləri kəskin şəkildə pisləyir.

Diaspor üzvlərimiz separatçı rejimin saxta prezidentinin “andiçmə” mərasiminin qarşısının alınması və Ermənistanın bu cinayətkar əmələ dəstəyinin dayandırılması üçün məsələyə təcili müdaxilə olunmasını xahiş ediblər.

 

DİGƏR Xəbərlər Arxiv