Xəbərlər
Vüqar Rəhimzadə: Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin hər iki dövrü dövlətçilik tariximizin şanlı səhifəsidir
«Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin vaxtilə söylədiyi “Mən nikbinəm, hesab edirəm ki, xalq, millət, Azərbaycan vətəndaşları – biz hamımız birlikdə bu çətinliklərin öhdəsindən gələcəyik. Heç bir qüvvə Azərbaycanın müstəqilliyini əlindən ala bilməz, bundan sonra heç bir qüvvə Azərbaycanın dövlətlətçiliyini məhv edə bilməz» fikirləri bu gün də xalqımız tərəfindən qürurla xatırlanır. Ulu Öndərin müstəqillik konsepsiyasının, sosial-iqtisadi inkişaf strategiyasının uzaqgörənliyi cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qazandığı uğurlarda bir daha öz təsdiqini tapır.»
Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
V.Rəhimzadə qeyd edib ki, ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin hər iki dövrü dövlətçilik tariximizin şanlı səhifəsidir. Xalqını, Vətənini, torpağını hər şeydən əziz tutan Ümummilli Lider bildirirdi ki, mənim üçün xalqın mənə göstərdiyi etimaddan və etibardan yüksək mükafat yoxdur. Dövlətinə, xalqına xidməti hakimiyyətinin hər iki dövründə fəaliyyətinin əsas prinsipinə çevirən ulu öndər Heydər Əliyevin gördüyü işlərin, xidmətlərinin miqyası o qədər genişdir ki, bu barədə günlərdə, aylarla danışmaq olar. Onun fəaliyyətinin hər bir sahəsi özlüyündə bir tədqiqat mövzusudur, neçə-neçə əsərlərin yaranmasını, kitabların nəşr olunmasını şərtləndirir. Ümummilli Liderin hakimiyyətinin birinci dövründə atdığı addımlara diqqət yetirdikdə Onun gələcəkdə Azərbaycanı müstəqil dövlət kimi görmək istəyi özünü qabarıq şəkildə bürüzə verir. Hakimiyyətinin ikinci dövrü Azərbaycanda müstəqilliyin əbədi və dönməz xarakter alması, dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadi inkişaf üçün möhkəm təməlin yaradılması, milli-mənəvi yuksəliş, hər kəsin özünü ölkəsinin layiqli vətəndaşı kimi dərk etməsi ilə müasir tariximizə əbədi həkk olunub.
Baş redaktor vurğulayıb ki, Ulu Öndər 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra xalqın başı üstünü almış bəlalardan millətini qorudu, ölkəmizdə ictimai-siyasi sabitliyi təmin etdi, vətəndaş qarşıdurmasını aradan qaldırdı, ölkəni parçalanmaq təhlükəsindən xilas etməklə milli qurtuluşu təmin etdi. Ölkəmiz demokratiya, hüquqi, sivil dövlət quruculuğu yolu ilə inamla irəlilədi, vətəndaş birliyi yaradıldı.
“Ümummilli Lider səylər birləşdirilmədən, təcrübə mübadiləsi aparılmadan heç bir ölkənin təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməzliyini önə çəkərək tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft sazişinin imzalanmasına nail oldu” söyləyən V. Rəhimzadə qeyd edib ki, bu saziş Azərbaycana böyük siyasi və iqtisadi dividendlər qazandırıb. Hazırda Azərbaycan bu möhtəşəm strategiyanın real nəticələrini görür, ölkəmiz təkmil sosial-iqtisadi islahatları ilə dünyanın ən islahatçı ölkələri sırasında yer alır.
V.Rəhimzadə bildirib ki, Ümummilli Liderin tarixi xidmətlərindən bəhs edərkən demokratik, hüquqi dövlət quruculuğu yolunda atdığı addımları xüsusi qeyd etməliyik: «Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanan və 1995-ci il 12 noyabr tarixində ümumxalq səsverməsi yolu ilə qəbul olunan müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirməklə bərabər, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarmışdır. 1998-ci ildə Azərbaycan Şərqdə ölüm hökmünün tamamilə ləğv edilməsinə nail olan ilk ölkə olmuşdur. Dahi şəxsiyyət bildirirdi ki, respublikamızda hüquqi dövlət qurulması, demokratik, sivilizasiyalı cəmiyyət yaradılması, insan hüquq və azadlıqlarının, söz, vicdan azadlığının, müasir plüralizmin təmin edilməsi, çoxpartiyalı siçtemin bərqərar olması əvvəldən qəbul etdiyimiz prinsiplərdir.»
«Bu gün haqqında geniş bəhs etdiyimiz çoxpartiyalı sistemin bünövrəsi də Ulu Öndər tərəfindən qoyulub» söyləyən V.Rəhimzadə qeyd edib ki, bu gün ölkənin ictimai-siyasi həyatında əhəmiyyətli rol oynayan Yeni Azərbaycan Partiyasının yaradılması Ümummilli Liderin xidmətləri sırasındandır: « YAP Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının fəal iştirakı ilə yaranmışdır. Həmin dövrün iqtidarının yarıtmaz siyasəti dövlətə, xalqa qarşı edilən xəyanətlər Azərbaycanı nəinki yeni qazandığı müstəqilliyini itirmək, həttə bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üzləşdirmişdi. AXC-Müsavat cütlüyü özünün yarıtmaz idarəçilik fəaliyyəti ilə xalqın bu günə və gələcəyə ümidini itirmişdi. Məhz belə bir vaxtda 91 nəfər ziyalının imzası ilə ulu öndər Heydər Əliyevə müraciət ünvanlandı. Həmin sənəd həqiqətdə xalqın böyük əksəriyyətinin arzu və istəklərinin ifadəsi idi. Ümummilli Lider Yeni Azərbaycan Partiyasının yaradılmasını tarixi şəraitin diktəsi ilə meydana gələn zərurət kimi qiymətləndirərək bildirmişdir: “Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içindən çıxmış zərurətdir.” Bu gün YAP Heydər Əliyev siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, demokratik inkişaf prosesində fəal iştirak edir, Azərbaycan dövlətinin qüdrətlənməsinə, xalqın sosial rifahinin yüksəlməsinə, yeni-yeni hədəflərin gerçəkləşməsi istiqamətində düşünülmüş və məqsədyönlü siyasət həyata keçirir.»
V.Rəhimzadə bildirib ki, Azərbaycan bu gün Ümummilli Liderin yaratdığı fundamental təməl üzərində ucalır, dünyanın inkişaf etmiş ölkələri sırasında addımlamağı əsas hədəf kimi qarşıya qoyur. Zəngin dövlətçilik məktəbi keçən cənab İlham Əliyev dünyada ən islahatçı dövlət rəhbəri kimi tanınır və Ona böyük etimad göstərilir. Bu gün müasir müstəqil Azərbaycana hansı sahədən baxsaq böyük inkişafın, tərəqqinin şahidi olarıq. Bütün bu uğurlar Heydər Əliyev siyasətinin təntənəsidir.
Baş redaktor onu da bildirib ki, Heydər Əliyev irsinin təbliği məqsədilə yaradılan Heydər Əliyev Fondunun bu istiqamətdə gördüyü işlərin, Azərbaycanın ayrı-ayrı sahələrdə inkişafına verdiyi töhfələrin miqyası genişdir. Ölkə daxilində və dünya arenasında həyata keçirdiyi layihələrin əhəmiyyətini nəzərə alan ölkə Prezidenti İlham Əliyev Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanı Vətənimizin ən ali mükafatı - «Heydər Əliyev mükafatı» ilə təltif edərkən bildirmişdir ki, Fondun bütün təşəbbüsləri milli ruha əsaslanır: «Modernləşmə, müasirləşmə, dünya birliyinə inteqrasiya, Azərbaycanın milli maraqlarının müdafiə edilməsi, Azərbaycannın olduğu kimi dünyaya təqdim edilməsi- bütün bu şərəfli funksiyalar bu Fondun üzərinə düşür.»
V.Rəhimzadə vurğulayıb ki, bu gün güclü, qüdrətli Azərbaycan bütün dünya azərbaycanlılarının qürur mənbəyidir. Ümummilli Lider daim qürurla bildirirdi: “Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam!” Azərbaycan xalqı da fəxr edir ki, onun Heydər Əliyev kimi ölkəsinin gələcəyini düşünərək inkişaf strategiyasını hazırlayan tarixi şəxsiyyəti, lideri olub və bu gün həmin siyasi xətt möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilərək Azərbaycana ən yüksək zirvələri fəth etdirir.