Xəbərlər
Ağdam şəhəri günü: Qarabağın dirçəliş simvolu
Şəhla Abdullayeva
YAP Ucar rayon təşkilatının sədri
Bugünümüzün əsas çağırışlarından biri Qarabağın və Şərqi Zəngəzurun nəinki Azərbaycanın, dünyanın ən gözəl yerlərindən birinə çevrilməsidir. Bu hədəfə yüksək səviyyədə nail olmaq üçün yeni prioritetlər müəyyənləşdirildi, Dövlət Proqramları təsdiqləndi. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdən ötən beş ildə işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən bərpa-quruculuq işlərinin miqyası hər birimizdə böyük qürur hissi yaradır.
20 noyabr Ağdam Şəhəri Günüdür. Hər bir əlamətdar tarix, gün onun mahiyyətinin təqdimatını bir zərurət kimi qarşıya qoyur. Zəfərimizin əbədiləşdirilməsi məqsədilə təsis edilən işğaldan azad edilmiş ərazilərimiz üzrə şəhər günləri ötən beş ildə görülən işlərin təqdimatın əhəmiyyətli rol oynayır. Dövlət başçısı İlham Əliyevin tarixi Zəfərimizdən sonra azad edilmiş ərazilərimizə başlanan səfərlərinin hər biri mühüm sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Bu ərazilərin müasir dövrün tələbləri əsasında yenidən qurulması və bərpası üçün bütün zəruri addımlar atılır. Ən əsası yeni idarəçilik sistemi tətbiq edilir. Bu ərazilərdə Prezidentin şəxsi nümayəndəsinin təyin edilməsi işlərin səmərəliliyinin təmin edilməsində əhəmiyyətli rol oynayır.
Tarixi sahibinə qovuşan torpaqlarımız “ağıllı şəhər” və “ağıllı kənd” layihələri çərçivəsində bərpa edilir, yenidən qurulur. Azərbaycan bu ərazilərdə görülən işlərin fonunda dünyaya müasir şəhərsalmanın təkmil modelini təqdim edir. Məlumdur ki, Ağdam, Zəngilan və Xankəndi şəhərlərində Azərbaycan Milli Şəhərsalma Forumları keçirilib. Hər üç tədbirin iştirakçılarının say tərkibinə diqqət yetirdikdə marağın nə qədər böyük olduğunu görürük. Belə tədbirlər işğaldan azad edilmiş ərazilərimizdə ermənilərin törətdikləri vəhşiliklərin dünya ictimaiyyətinə təqdimatında əhəmiyyətli rol oynayır. Bu torpaqlar erməni vandallığının şahidləridir. Onu da qeyd edək ki, Zəngilan rayonunun Ağalı kəndi ilk “ağıllı kənd” oldu. İlk “ağıllı şəhər” isə “ruhlar şəhəri” adlandırılan Ağdam şəhəri olacaq.
Ağdam rayonunda iqtisadiyyatın, yerli istehsalın inkişafı məqsədilə icra olunan layihələrdən biri Ağdam Sənaye Parkıdır. Prezident İlham Əliyevin 2021-ci il 28 may tarixli Fərmanına əsasən yaradılan sənaye parkı 190 hektar ərazini əhatə edir. Parkın yaradılmasında məqsəd işğaldan azad edilən ərazilərin dirçəldilməsi, Qarabağın sənaye potensialının reallaşdırılması, sahibkarlığın dəstəklənməsi, əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasıdır. Ağdam Sənaye Parkı rezident sayına görə Sumqayıt Sənaye Parkından sonra ölkədə ikinci ən böyük sənaye parkıdır. Parkda ümumi investisiyalarının həcmi 260 milyon manatdan çox olan 28 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Ağdam Sənaye Parkında hazırda 9 müəssisə fəaliyyət göstərir, 5-dən çox müəssisənin tikintisi isə davam etdirilir. Sahibkarlar tərəfindən görülən işlərə 115 milyon manatdan çox investisiya yatırılıb, 938 nəfər daimi işlə təmin edilib.
Digər azad edilmiş şəhər və kəndlərimiz kimi, Ağdam şəhəri də Baş Plan əsasında bərpa olunur. Şəhərin özündə 5 məhəllə nəzərdə tutulur. Hazırda 2-ci məhəllədə 66 binanın tikinti işləri başlayıb. Bundan sonra paralel olaraq digər məhəllələrdə də tikinti işləri aparılacaq. Hazırda Ağdamda 3 kənddə - Kəngərli, Xıdırlı, Sarıcalıda bərpa-quruculuq işləri davam edir. Həmin kəndlərin birinci mərhələlərinin açılışı olmuşdur. Ağdam rayonunda digər kəndlər üzrə layihələndirmə işləri aparılır. 2025-ci ilin oktyabr ayına qədər Ağdamın yenidən məskunlaşdırılması proqramı çərçivəsində 825 ailə, 3318 nəfər öz doğma torpaqlarına köçürülüb.
“Ruhlar şəhəri” cənnətə çevrilir. Azərbaycanın milli inkişaf strategiyasında şəhərsalma prioritet istiqamətlərdən birini təşkil edir. Ölkədə şəhərsalma və urbanizasiya sahəsində qəbul edilmiş yanaşmalar iqtisadi dayanıqlılığa, sosial-iqtisadi rifaha töhfə verir. Xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan genişmiqyaslı bərpa və quruculuq işləri Azərbaycan dövlətinin şəhərsalma sahəsində strateji baxışını və icra imkanlarını nümayiş etdirir. Böyük Qayıdış Proqramının birinci mərhələsinin başa çatacağı 2026-cı ilədək 140 min keçmiş məcburi köçkünün dogma yurd-yuvalarına qayıdışı nəzərdə tutulur. Bu hədəf azad edilmiş ərazilərimizdə görülən işlərin aydın mənzərəsini yaradır.
