YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni, müasir Ağdam qurulur

Etibar Hacıyev

YAP Ağstafa rayon təşkilatının sədri

Tarixi Zəfərimizin əbədiləşdirilməsinə xidmət edən mühüm addımlardan biri də dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə  işğaldan azad edilmiş ərazilərimiz üzrə şəhər günlərinin təsis edilməsidir. Həmin sənədə əsasən 20 noyabr Ağdam Şəhəri Günüdür.

Ağdam rayonu 1930-cu ildə yaradılıb. Sahəsi 1094 kvadrat km olan rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır. Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. Rayonun ərazisində XX əsrin 50-ci illərindən başlayaraq aparılan arxeoloji tədqiqat işləri zamanı məlum olmuşdur ki, Ağdamın ərazisi qədim insanların yaşayış məskənlərindən biridir. Arxeoloji tədqiqatlar nəticəsində müəyyən oldu ki, ilk qədim insanlar rayon ərazisində altı-səkkiz min il bundan əvvəl, yəni, Eneolit dövründə (e.ə. IV-VI minilliyi əhatə edir, “misdaş” dövrü adlanır) yaşamış, qədim əkinçilik və maldarlıq mədəniyyətinə bələd olmuşlar. Burdan tapılan taxıl və üzüm dənələri bir daha sübut etmişdir ki, yerli əhali oturaq həyat keçirmiş və yüksək əkinçilik mədəniyyətinə malik olmuşdur. Arxeoloqlar Üzərriktəpədə apardıqları tədqiqatlar nəticəsində tapılan maddi-mədəniyyət qalıqlarına əsaslanaraq qeyd edirlər ki, bura Qafqazda ilk şəhər tipli yaşayış məskəni və Zaqafqaziyada ən zəngin abidələri olan yerlərdən biri olmuşdur.

 Ağdam uğrunda 42 gün davam edən döyüş 1993-cü il 23 iyul tarixində Ağdam ərazisinin 73 faizinin işğalı ilə bitdi. Ərazisi 1094 kvadrat kilometr olan Ağdamın 882 kvadrat kilometri, rayon mərkəzi ilə birgə 90 kəndi işğal olunmuş, işğal nəticəsində 128 min insan məcburi köçkün həyatını yaşamağa məcbur olub. İşğal nəticəsində Ağdam rayonunun 38 kolxozu, 12 sənaye obyekti, 74 məktəbi, 271 mədəniyyət evi, bütün dünyada yeganə olan Çörək muzeyi, 67 idarə və 99 klubu düşmən əlinə keçmişdir. Ağdam uğrunda gedən döyüşlər zamanı 6 mindən artıq insan şəhid olmuş, minlərlə insan yaralanmış, əhali öz doğma ev-eşiyindən qovularaq məcburi köçkün kimi Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşmışdır.

44 günlük Vətən müharibəsində əldə etdiyimiz Qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci il noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Azərbaycana təhvil verildi və bununla da əsaslı şəkildə insan tələfatının qarşısı alındı.

Bu gün digər azad edilmiş ərazilərimiz kimi, Ağdam rayonu da  genişmiqyaslı bərpa-quruculuq dövrünü yaşayır. Dövlət başçısı İlham Əliyevin tarixi Zəfərimizdən sonra bu rayona reallaşdırdığı 15-ə yaxın səfərin hər biri Böyük Qayıdışa yönələn mühüm addımlarla tarixə yazıldı.

2020-ci il noyabrın 23-də Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində oldular. Dövlətimizin başçısı Ağdamda Azərbaycanın üçrəngli bayrağını qaldırdı. İyirmi yeddi ildən sonra işğaldan azad olunan Ağdamda indi dövlət bayrağımız qürurla dalğalanır. Bu görüntüləri hər bir azərbaycanlı fəxrlə və böyük sevinclə izləyir. Bir vaxtlar qaynar həyatın olduğu, əməksevər insanların qurub-yaratdıqları abad şəhərdən əsər-əlamət qalmayıb. Erməni işğalçılar xislətlərinə uyğun olaraq, Ağdamın ağ damlarını xarabalığa çeviriblər, şəhəri darmadağın ediblər.

Həmin səfər zamanı  dövlətimizin başçısı İlham Əliyev  və birinci xanım Mehriban Əliyeva  Ağdam məscidini ziyarət etdilər. Cənab  İlham Əliyev Məkkədən gətirdiyi “Qurani-Kərim”i Ağdam məscidinə bağışlamışdı. Ağdam məscidinin qarşısında çıxış edən dövlət başçısı İlham Əliyev bu çağırışı etmişdir: “Bu gün tarixi bir gündür. Biz şanlı Qələbəmizi qeyd edirik. Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın. Bu, böyük iş olacaqdır. Əlbəttə ki, böyük zəhmət tələb edəcək. Amma necə ki, biz 44 gün ərzində birlik göstərmişik, əminəm ki, azad edilmiş torpaqlarımızın bərpası işində də birlik, əzmkarlıq göstərəcəyik. Bütün şəhərlərimizi bərpa edəcəyik, daha da gözəl şəhərlər olacaqdır. Şəhərlərimizdə qalan tarixi abidələri bərpa edəcəyik və bir daha gücümüzü göstərəcəyik. Biz Qələbəmizi dəmir yumruq hesabına, düşməni qova-qova qazanmışıq və indi durmuşuq öz torpağımızda”.

Hazırda Ağdam şəhərsalmanın müasir Azərbaycan təcrübəsini dünyaya təqdim edir. Ağdam şəhəri və kəndlər Baş plan əsasında bərpa edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 16 avqust tarixli Qərarı  ilə “Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiq edilmişdir. Ağdam şəhərinin Baş Planı bütün işğaldan azad edilmiş rayonların içərisində ən birinci təsdiqlənmişdir. Ağdam azad edilmiş ərazilərin ən böyük, Azərbaycanın isə dördüncü böyük şəhərinə çevriləcək. Burada 100 min nəfər əhalinin yaşayacağı planlaşdırılır. Şanlı Qələbə nəticəsində işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Ağdamda da geniş tikinti-quruculuq işləri həyata keçirilir. Xarabalıqlar üzərində yeni, müasir Ağdam qurulur. “Böyük Qayıdış” proqramı çərçivəsində Ağdam şəhəri və kəndlər yenidən tikilir, infrastruktur layihələri icra olunur, yollar inşa edilir, yeni istehsal müəssisələri yaradılır, yaşıllıqlar salınır, ərazilər mina və partlamamış hərbi sursatlardan təmizlənir. Tezliklə sakinlərinə qovuşan şəhərlərimiz sırasında Ağdam şəhəri də olacaq.