Xəbərlər
Ümummilli liderin müqəddəs arzuları yolgöstərənimizdir
Jalə Əliyeva
Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri
Komitəsinin sədr müavini,
BDU-nun professoru
Dünyanın nadir şəxsiyyətlərindən olan Azərbaycan xalqının umummilli Lideri, Ulu Öndər Heydər Əliyevin 97-ci doğum ilini bu günlərdə ölkə və xalq olaraq həmrəyliklə qeyd edirik. Ulu öndər Heydər Əliyevin sadəcə Azərbaycanda deyil, həmvətənlərimiz tərəfindən bütün dünyada bayram kimi qeyd olunan doğum günü nadir şəxsiyyətlərindən olan ümummilli liderin əziz xatirəsinə böyük ehtiramın və məhəbbətin ifadəsidir.
Heydər Əliyev Vətənin ağır günündə onun imdadına yetişən, müqəddəs xilaskarlıq və quruculuq missiyasını üzərinə götürərək öz xalqının taleyində müstəsna rol oynayan, çətin və kəşməkeşli mücadiləsini qələbə ilə başa vuran siyasət dahisidir. Elə buna görə də bu böyük şəxsiyyətin adı Azərbaycan tarixinə, xalqımızın yaddaşına, öz xalqının taleyində müstəsna rol oynayan, Xilaskar kimi əbədi həkk olunmuşdur. Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanması, xalqın həm o zamankı, həm də gələcək taleyini təhdid edən təhlükələrin siyasi uzaqgörənliklə aradan qaldırılması ümummilli liderin danılmaz tarixi xidmətidir.
Heydər Əliyev qısa müddət ərzində xalqın tarixi yaddaşından gələn quruculuq ənənələrini, onun mədəni-intellektual imkanlarını, milli-mənəvi dəyərlərini, ölkənin təbii sərvətlərini və iqtisadi potensialını milli ideyanın və dövlət maraqlarının reallaşdırılması naminə səfərbər etməyi bacardı. Uzun müddətdən bəri xaosun burulğanında olan ölkədə ictimai-siyasi sabitlik təmin edildi. Bu sabitlik sayəsində gələcək uğurların əldə edilməsinin təməli atıldı. Azərbaycan dövlətinin milli-siyasi suverenliyini qoruyub saxlaması, daxili və xarici siyasət sahəsində inamlı addımlar atması onun beynəlxalq mövqelərinin güclənməsinə və xarici investisiyaların ölkə iqtisadiyyatına cəlb olunmasına təkan verdi.
1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” ilə reallaşdırılmağa başlayan yeni neft strategiyası sayəsində hazırlanan və həyata keçirilən strateji layihələr bölgədə və dünyada yeni coğrafi-siyasi mənzərənin yaranmasını, Azərbaycanın beynəlxalq enerji və nəqliyyat sistemində mühüm oyunçulardan birinə çevrilməsini təmin etdi. Bununla da 90-cı illərin ortalarından etibarən milli müstəqillik yolu ilə inamla irəliləyən Azərbaycan Respublikasında növbəti tarixi mərhələ - iqtisadi islahatlar və yüksəliş dövrünün əsası qoyuldu. Artıq hər kəsə gün işığı kimi məlum olan bir reallıq vardır ki, bölgədə və dünyada enerji təhlükəsizliyinin təminatı Azərbaycanın iştirakı olmadan mümkün deyildir. Bu əminlik, məhz Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və hazırda da ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən neft strategiyasının təməl daşı kimi xarakterizə edilməlidir.
Elə bu siyasi uzaqgörənliyin, bu siyasi kursun davamı olaraq, 2003-cü ildən etibarən Azərbaycanda Prezident İlham Əliyevin həyata keçirtdiyi daxili və xarici siyasət nəticəsində son 20 ilə yaxın müddət ərzində ölkədə mövcud olan bütün sahələrdə - ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatın bütün sahələrində, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda ciddi addımlar atıldı, böyük uğurlar əldə edildi, Azərbaycan sürətlə inkişaf edən bir ölkəyə çevrildi.
İlham Əliyev, 2003-cü ildə Prezident kürsüsünə qalxdıqdan və ölkəsi, xalqı önündə, “Mən hər bir azərbaycanlının Prezidenti olacağam”, andını içdikdən dərhal sonra böyük bir sürətlə başladılan, sadəcə bu günümüzə deyil, gələcəyimizə ünvanlanan nəhəng layihələrin həyata keçirilməsi, dövlət proqramlarının qəbul edilməsi respublikamızın hərtərəfli tərəqqisinə və iqtisadi inkişafına güclü təkan verdi.
Bu gün Ümummilli Liderin ideyaları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gərgin əməyi və fəaliyyəti nəticəsində yaşayır və uğurla inkişaf edir. Bu ideyaların təməlində isə Azərbaycan dövlətinin daha da güclənməsi, onun müstəqilliyinin qorunması, iqtisadiyyatın inkişafı və xalqın firavan həyatının təmin edilməsi durur.
"Əsl siyasət – konkret, real iş görməkdən ibarətdir" – deyərək fəaliyyətə başlayan Prezident İlham Əliyev hələ 2003-cü ildə verdiyi vədə sadiq qalaraq, öz fəaliyyəti ilə hər bir Azərbaycan vətəndaşına yaxşı Prezident olmağı bacardı.
2018-ci ilin 11 aprel seçkilərində xalqın böyük dəstəyi ilə Azərbaycana rəhbərlik kimi məsuliyyətli missiyanı növbəti mərhələdə də üzərinə götürmüş İlham Əliyev Azərbaycanı daha qüdrətli dövlətə çevirmək kimi əzəmətli bir missiya həyata keçirməkdədir. Azərbaycan ildən-ilə daha da güclənir, zənginləşir, hərtərəfli inkişaf yolunda yeni uğurlara imza atır, insan amili isə həyata keçirilən siyasətin ana xəttini təşkil edir.
"Mənim işim ondan ibarətdir ki, xalqa xidmət etməliyəm. Onu da edirəm və bundan sonra da edəcəyəm. Bütün işlərimdə mən xalqa arxalanıram. Əgər təşəbbüslərimiz xalq tərəfindən dəstəklənməsəydi, bütün bu işləri görmək mümkün olmazdı" – deyən cənab Prezident elə ilk gündən idarəçilikdə, fəaliyyətdə, düşüncədə yenilikləri və sivil dəyərləri böyük bir uğurla tətbiq etməyə başladı.
Dövlət başçısının gerçəkləşdirdiyi uğurlu diplomatiya sayəsində Azərbaycan bölgədə və dünyada layiqli yerini tapdı, regional liderliyini təmin etdi. Ulu öndər Heydər Əliyevin xalqı və ölkəsi üçün bitib tükənməyən arzularının davamı kimi, məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən nəhəng iqtisadi layihələr Azərbaycanı Avrasiya məkanında enerji və nəqliyyat xəritələrini dəyişən bir ölkə statusunu aldı.
Ulu Öndər hələ sovet dövründə Azərbaycanı qarış-qarış gəzir, ölkənin hər bir guşəsinə səfərlər edir, insanların həyat tərzi ilə tanış olurdu. Azərbaycan insanını daha yaxından tanıması, onların ənənələrini, mənəvi dəyərlərini, milli keyfiyyətlərini dərindən bilməsi ona milli idealogiyanın müəyyən edilməsində hər zama doğru olan yolu göstərmişdi. Təbii ki, bu idealogiya Azərbaycanın gələcək müstəqilliyinə hesablanmışdı.
Son 20 ildə keçilən müstəqillik yolunun və qazanılan tarixi nailiyyətlərin təhlili Heydər Əliyev ideyalarının əvəzsizliyini və 2003-cü ildən bəri bu təməlllər üzərində həyata keçirilən yeni yanaşmann düzgünlüyünü bir daha sübut edir. Artıq Azərbaycan öz inkişafının elə bir mərhələsindədir ki, ölkənin bütün potensialı dövlət müstəqilliyimizin əbədiliyi ideyasına səfərbər edilmişdir. Bu gün bir-birini uğurla tamamlayan daxili və xarici siyasət beynəlxalq aləmə inteqrasiyanı təmin edib, milli iqtisadiyyatımız dünya iqtisadi sisteminin ayrılmaz tərkib hissəsinə çevrilib.
Lakin bunu da qeyd etməliyik ki, bu gün sürətlə dəyişən və ziddiyyətli təzahürləri ilə qloballaşan dünyada son dərəcə mürəkkəb proseslər baş verir. Yaşamaqda olduğumuz müasir gerçəklik bir daha göstərir ki, gələcəyi proqnozlaşdırmadan, qlobal çağırışları, təhdid və təhlükələri siyasi-nəzəri təhlillərə əsaslanaraq qiymətləndirmədən uğurlu inkişafa nail olmaq imkansızdır.
Elə son aylarda bütün dünyanı, insanlığı təhdid edən, eyni zamanda ölkəmizdən də yan keçməyən COVİD-19 pandemiyasından ölkəmizin və xalqımızın ən az itkiylə çıxması məhz yuxarıda sadaladığımız proqnozlaşdırmalar, qiymətləndirmələr sayəsində əldə edildi. Ölkə Prezidenti Cənab İlham Əliyev və ölkənin birinci xanmı, birinci Vitse-Prezident xanım Mehriban Əliyeva hər zaman olduğu kimi, bu günlərdə də vətəndaşlarımızı sadəcə tibbi baxımdan deyil, həm də sosial baxımdan qorumaq üçün hətta mümkünsüz olanı da mümkün etmək bacarıqlarını, hər zaman xalqın yanında olduqlarını, hər bir azərbaycanlının güman və pənah yerinə çevrildiklərini atdıqları misilsiz addımlar və həyata keçirtdikləri ölçüyəgəlməz tədbirlərlə bir daha isbat etdilər, ölkəmizi yenə də dünyaya müsbət bir örnək, yeni bir model kimi təqdim etməyi bacardılar. Azərbaycan, bütün dünyaya hətta ən gözlənilməz hadisələrə, fors-major durumlara hazır olduğunu, vətəndaşını bütün zamanlarda qorumaq və himayə etmək imkanlarına sahib olduğunu nümayiş etdirdi. Bütün bunlar isə əlbəttə ki, güclü iqtisadiyyat, düşünülmüş siyasət və ən ümdəsi dövlət-xalq birliyi sayəsində mümkün ola bilər.
Ötən bir-neçə ayda yaşanan hadisələr göstərdi ki, yaxın illərdə bütün dünya toplumu kimi, bizi də çətin və məsuliyyətli vəzifələr gözləyə bilər. Və heç kim, heç bir ölkə gözlənilməzliklərdən sığortalanmamışdır. Amma ölkə başçısının bütün dövrlərdə nümayiş etdirdiyi qətiyyət və qərarlılıq növbəti mərhələnin də uğurla nəticələnəcəyinə dərin inam və əminlik yaradır. Çünki qarşıya qoyulmuş məqsədləri reallığa çevirmək üçün lazımi hüquqi-demokratik şərait, xalqın maraqlarını ləyaqətlə təmsil edən hakimiyyət və siyasi iradə mövcuddur.
Son olaraq Ulu Öndər Heydər Əliyevin bir kəlamını xatırlatmağı zəruri sayırıq. O, “Azərbaycan dünyaya günəş kimi doğacaq” deyirdi. Əminik ki, Ümummilli liderin bu müqəddəs arzusu da Prezident İlham Əliyevin rəhbərliyi ilə getdiyimiz yolda bizlərə hər zaman yolgöstərən olacaqdır.