Xəbərlər
Vüqar Rəhimzadə: Bir illik hakimiyyətləri dövründə AXC-Müsavat cütlüyü yalnız dövlətə, xalqa xəyanəti, millətə zülm verməsi ilə yadda qalıb
“AXCP-də diktatura hökm sürür, partiyanın sədri Əli Kərimli isə avtoritar düşüncəyə malikdir. AXCP-dən istefa verən şəxslərin hamısı Əli Kərimlinin partiya daxilində avtoritarizm yaratması, azad sözü boğması, tənqidə və fərqli fikrə dözümsüz yanaşması barədə danışırlar. Siravi cəbhəçilər belə bildirirlər ki, bu partiyada hər kəs yalnız Əli Kərimlinin şəxsi maraqlarına xidmət edir.” Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında söyləyib.
Vüqar Rəhimzadə bildirib ki, AXCP sədri Əli Kərimlinin bir qayda olaraq mənəviyyatsız üsullarla mübarizə aparması artıq heç kimə sirr deyil. “Demokrat” donuna bürünərək min bir oyundan çıxan Əli Kərimlinin çirkin əməlləri ilə bağlı kifayət qədər həqiqətlər ortadadır: “Zaman-zaman AXCP-dən istefa verən cəbhəçilər də öz üzdəniraq “liderləri”nin çirkin xislətindən, xəyanətkar əməllərindən və antimilli fəaliyyətindən dəfələrlə söz açıblar. Doğrudur, bu antimilli ünsür formal olaraq AXCP sədri olsa da o, bu gün xalq arasında daha çox bloqger funksiyasını yerinə yetirən qaragüruhçu kimi tanınır. “Osmanqızı” və “Azərbaycan saatı” kanallarından başqa çox nadir hallarda başqa youtube tv-lərə müsahibə verən bu antimilli ünsür yalnız və yalnız ictimai rəyi çaşdırmağa, siyasi dividend əldə etməyə və əlbəttə ki, xarici qrant təşkilatlarının diqqətini çəkməyə çalışır.”
“Bu gün yaşlı və orta nəslin nümayəndələri yaxşı xatırlayırlar ki, bədnam AXC-Müsavat cütlüyünün hakimiyyəti ölkəni bərbad vəziyyətə salmışdı və bu, orduda daha acınacaqlı hal almışdı” deyən Vüqar Rəhimzadə əlavə edib ki, ordunun maddi-texniki təminatı, hərbi arsenalı yox idi, ordunun döyüş ruhunu saxlamaq üçün arxa cəbhədə milli birlik də təmin edilməmişdi: “Ön cəbhədə döyüşlərin getdiyi bir vaxtda arxa cəbhədə vəzifə davası aparılır, siyasi və silahlı qruplaşmalar arasında açıq silahlı mübarizə gedirdi. Ordunun daxilindəki müxtəlif birləşmələr də ayrı-ayrı siyasi və maraq qruplarının tabeliyində idilər. Paytaxtda vəzifə davasına çıxan siyasi qruplar daha çox pay qoparmaq üçün həmin silahlı birləşmələri ön cəbhədən – döyüş bölgəsindən geri çəkərək Bakıya gətirir, siyasi mübarizədə, vəzifə bölgüsündə təzyiq aləti kimi istifadə edirdilər. Cəbhədə döyüşlərin getdiyi vaxt Surət Hüseynovun, İsgəndər Həmidovun, Rəhim Qazıyevin və digərlərinin silahlı dəstələrinin Bakı küçələrində avtomatlarla gəzdiyini, insanlara divan tutduğunu, vəzifə bölgüsündə daha çox pay qoparmaq üçün paytaxtı hərbi poliqona çevirdiklərini xalq unutmayıb. Ordu Bakıda vəzifə davasında iştirak etdiyi həmin dövrdə isə ön cəbhə müdafiəsiz qalmışdı. Nəticədə erməni işğalçıları Dağlıq Qarabağla birgə ətraf yeddi rayonu da işğal etməyə nail oldular”.
Vüqar Rəhimzadə diqqətə çatdırıb ki, dil pəhləvanı olan qaragüruhçu Əli Kərimlinin bütün pafoslu çıxışları yalan və böhtan üzərində qurulur, özü kimi simasızların qondarma “internet televiziyalarında” hər dəfə mənəviyyatsızlığınıı bir daha ortaya qoyur: “Onun moizələrinə qulaq asan və 1992-1993-cü illərdən bixəbər olan insana elə gələ bilər ki, guya həmin dövr ölkəmizdə ən uğurlu və xoşbəxt illər olub. Guya ölkədə bütün sahələrdə inkişaf, güclü iqtisadiyyat, yüksək rifah və s. təmin olunubmuş. Lakin sual olunur ki, əgər belə idisə, niyə AXC hakimiyyəti cəmi 1 il davam gətirə bildi? Niyə Qarabağ ermənilərdən təmizlənmədi, siyasi-iqtisadi islahatlar aparılmadı, ölkədə vətəndaş müharibəsi və separatizm meyilləri tüğyan etməyə başladı? Əslində isə həmin 1 il ərzində AXC-Müsavat cütlüyünün ölkəni hansı vəziyyətə saldığı hər kəsə məlumdur. Heç kəsə sirr deyil ki, Sovet İttifaqının süqutundan əvvəl və sonrakı dövründə Azərbaycanda tüğyan edən hərc-mərcilik ərazilərimizin bir hissəsinin erməni işğalı ilə üz-üzə qoymuş, digər hissəsində isə bu işğal yerli məmur özbaşınalığı ilə əvəzləmişdi ki, nəticədə xaos, anarxiya yaranmış, ölkə hərtərəfli böhrana sürüklənmişdi. Bu zaman hakimiyyəti əldə saxlamaq, eyni zamanda, Azərbaycana rəhbərlik etmək uğrunda mübarizə aparan diletant siyasətçilər ölkəni düşmənə peşkəş etməyə hazır olmaqla kifayətlənmir, əllərində olan bütün imkanlardan, o cümlədən qanunsuz silahlı birləşmələrdən maksimum səviyyədə yararlanmaqla dövlət mülkiyyətini talayırdılar. Bu cür dağıdıcı siyasət AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə daha da dərinləşmiş, Azərbaycan iqtisadiyyatı defolt həddə çatmışdı.
1991-ci ildən başlayaraq ölkə iqtisadiyyatında ümumi daxili məhsul istehsalı hər il orta hesabla 16,5 faiz azalmış, istehsal potensialının üçdəiki hissəsi sıradan çıxmışdı. Ümumi xarakterizə etsək, bu dövrdə ölkə iqtisadiyyatının həcmi 1989-cu ilin müvafiq göstəricisinin 20 faizini təşkil edirdi. 1992-ci ildə inflyasiya səviyyəsi əvvəlki ilə nisbətən 4,9 dəfə artaraq 1012,3 faiz təskil etmişdi ki, nəticədə sonrakı illərdə bu rəqəm özünün ən yüksək həddinə - 1763,5 faizə çatmışdı. Bu dövrdə ölkə iqtisadiyyatına demək olar ki, xarici sərmayə qoyulmamışdı. Məhz bu səbəblərə görə issizlik səviyyəsi xeyli artmışdı. 1991-ci ildən baslayaraq 4 il ərzində əməkhaqqı 5,7 dəfə azalmışdı.
Həmin dövrdə nə ordudan, nə də hərbi uğurlardan danışmaq mümkün idi. Ölkədə ordu əvəzinə, çoxsaylı silahlı qruplaşmalar mövcud idi. Vəzifə davası aparan hər kəs bir batalyon saxlayırdı. Ön cəbhədəki uğursuzluqlar da öz yerində. Həmin dövrdə orduda vahid komandanlıqdan isə söhbət belə gedə bilməzdi. Bunun da nəticəsi olaraq erməni hərbi birləşmələri və onların havadarları tərəfindən torpaqlarımızın işğalının qarşısını almaq mümkün olmurdu. Ölkə daxilindəki xaosun, anarxiyanın, mənəm-mənəmliyin məntiqi nəticəsi olaraq Dağlıq Qarabağla yanaşı, Kəlbəcər kimi strateji əhəmiyyətli rayon AXC hakimiyyətinin günahı ucbatından əldən verildi. Ön cəbhədə, orduda olan belə bir acınacaqlı şəraiti aradan qaldırmaq, ölkəni düşdüyü dramatik situasiyadan çıxarmaq əvəzinə, paytaxtda hakimiyyətdaxili mübarizə gündən-günə qızışırdı. Bu mübarizədə ön cəbhədə dislokasiya olunmuş silahlı birləşmələrin Bakıya cəlb edilməsi isə işğalçı ordunun əl-qolunu açırdı. Nəticədə AXC hakimiyyətinin hərbi sahədəki “nailiyyətləri” ona gətirib çıxardı ki, ermənilər ölkənin ümumilikdə 20 faiz ərazisini işğal etdilər.
O zaman hakimiyyətdə olan qüvvənin apardığı siyasət nəticəsində ölkə iqtisadiyyatı çökdürülür, büdcə talanırdı. Ölkədə bütün sahələrdə olduğu kimi, iqtisadi sferada da korrupsiya və rüşvətxorluq baş alıb gedirdi. Milyonlarla manatın toplandığı Ləl-Cəvahirat Fondunun vəsaitləri belə mənimsənilmişdi. İş o yerə çatmışdı ki, Elçibəy öz məmurlarına üzünü tutub «rüşvəti alanda elə edin ki, kommunistlərin atasına rəhmət oxutdurmayın» demişdi.
Ölkənin siyasi sistemində də vəziyyət acınacaqlı idi. AXC demokratik şüarlarla hakimiyyətə gəlsə də, tezliklə avtoritar xarakterini ortaya qoydu. Müxalif sözə, tənqidə dözümsüzlük nümayiş etdirdi. Ölkədə plüralizm boğulmağa başladı. Həmin dövrdə jurnalistlərin yüksək vəzifəli məmurlar tərəfindən döydürülməsi, onların həbs edilməsi, müxalifət nümayəndələrinin fəaliyyətinə maneçilik törədilməsi, onların təhqirə məruz qalmaları, qərargahlarının dağıdılması adi hala çevrilmişdi. Söz azadlığının boğulması müstəqil qəzetlərə edilən təzyiqlərdə özünü göstərirdi. Məsələn, qəzet redaksiyalarına edilən basqınlar, jurnalistlərə edilən fiziki təzyiqlər bunun bariz nümunəsidir.
Bir sözlə, bir illik hakimiyyətləri dövründə AXC-Müsavat cütlüyü yalnız dövlətə, xalqa xəyanəti, millətə zülm verməsi, insanları aclıq imtahanına çəkməsi, vətəndaş müharibəsi törətməsi, separatizmi alovlandırması və s. ilə yadda qaldı.”
Vüqar Rəhimzadə söyləyib ki, bütün bunlar qısası Əli Kərimli və onun kimilər üçün daha bir tarixi xatırlama dərsi olmalıdır. Çünki Əli Kərimli və onun ətrafındakılar vaxtilə milləti aclıqla imtahana çəkən Vətən xainləri, xalq düşmənlərdir.