Xəbərlər
Səfir Daynis Qarançs: Latviya Azərbaycandan yatırılan sərmayələrin artırılmasında maraqlıdır
Azərbaycanın Latviyada topdansatış ticarəti sahəsində uğurlu investisiya nümunələri var və gələcəkdə ölkə öz limanlarına və logistika mərkəzlərinə daha çox investor cəlb etmək istəyər.
Bunu Latviyanın Azərbaycandakı səfiri Daynis Qarançs bildirib.
Onun sözlərinə görə, Latviya şirkətləri Azərbaycanda nəqliyyat və logistika, mühəndislik, İKT, qida istehsalı, memarlıq, dizayn, tikinti, kimya və əczaçılıq sənayesi, turizm və s. kimi sahələrdə fəaliyyət göstərir:
"Bu əməkdaşlığı genişləndirmək istərdik. Latviyanın geniş təcrübəsi olan yaşıl texnologiyalar perspektivli bir istiqamətdir. Qarşılıqlı, faydalı, ikitərəfli sərmayələrin genişləndirilməsində maraqlıyıq. Kiçik və orta sahibkarlığa investisiya qoymaq iqtisadi münasibətlərimizə böyük fayda gətirə bilər".
İkitərəfli ticarətdən danışan səfir hazırda Latviyadan Azərbaycana ixrac olunan malların əsas kateqoriyalarının ərzaq məhsulları, tikinti materialları, ağac məmulatları, kimyəvi maddələr və əczaçılıq məhsulları olduğunu qeyd edib:
"Supermarketlərimizdə Azərbaycandan gətirilən meyvə və tərəvəzləri görməkdən çox məmnunuq. Ancaq ikitərəfli ticarətin hazırkı həcmi (2019-cu ilin birinci yarısında 7,75 milyon avro) ölkələrimizin real iqtisadi potensialını əks etdirmir. Səfirliyin prioritet istiqamətlərindən biri sahibkarlarımızı yeni imkanlar tapmağa təşviq etmək və iki ölkənin müəssisələri arasında gələcək əlaqələri asanlaşdırmaqdır".