Xəbərlər
Nizami Cəfərov: Biz İslamı mənəviyyat, birləşdirici humanist amil və insansevərlik fəlsəfəsi kimi qoruyuruq
«Azərbaycan dövləti və xalqı İslam həmrəyliyində mühüm rol oynayır. Azərbaycan İslam dünyasındakı inkişafa töhfələr verir və İslam ölkələri ilə bizim çox sıx əlaqələrimiz var». Bu fikirləri akademik Nizami Cəfərov deyib.
N.Cəfərov bildirib ki, biz İslamı milli mənəvi dəyər kimi qoruyuruq. Qısa müddət ərzində ölkəmizdə nə qədər ibadətgahlar, məscidlər tikilib və ya bərpa olunub. Bunların hamısı müasir dövrdə real olaraq dinimizə münasibətimizdir.
«Həmçinin, İslam həmrəyliyinin çox mükəmməl bir şəkildə təzahür etməsi üçün, öz tarixi əsasları üzərində dayanması üçün özünün tarixiliyini, təbiiliyini qorunması üçün də biz mübarizə aparırıq. Bu və ya digər təriqətlərə qarşı bizim dövlətçilik təfəkkürümüzdə barışmaz bir münasibət var. Yəni tərqətçilik tarix boyu həmişə İslam dünyasında təfriqəçilik yaradır. Bu gün də həmin cəhdlər olduğuna görə, biz bu sahədə kifayət qədər ardıcıl bir şəkildə İslamı mənəviyyat kimi, birləşdirici humanist amil kimi, insansevərlik fəlsəfəsi kimi qoruyuruq. Dağıdıcı təriqətlər şəklində ortaya çıxacaq «təşəbbüslərə» isə imkan vermirik. Bizim dövlət strukturunda ayrıca qurum var ki, bu məsələlrlə çox ciddi məşğul olur və uğurla fəaliyyət göstərir. Biz İslam həmrəyliyini iki mənada başa düşürük. Birincisi, İslam daxilində həmrəylik, ikinci isə İslamın dünyada yaratdığı həmrəylikdir. İslam sonuncu din olduğuna görə həmişə bütün dinlərə humansit münasibət bəsləyib, hörmətlə yanaşıb. Bu gün bütün bunlar Azərbaycan dövlətçiliyinin və ideologiyasının təcrübəsində mövcuddur»- deyə, akademik vurğulayıb.