YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov: Prezident İlham Əliyevin çadır şəhərciklərinin ləğvinə dair proqramı ölkəmizin tarixində həyata keçirilən miqyasca ən nəhəng, mahiyyətcə ən humanist layihələrdən biri, bəlkə də birincisidir

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini – İcra katibi Əli Əhmədov özünün rəsmi facebook səhifəsində BMT-nin Qaçqınların Ali Komissarlığının Azərbaycan nümayəndəsi Guido Ambroso ilə görüşündə ona təqdim edilmiş fotolar barədə təəssüratlarını paylaşıb.

Əli Əhmədovun toxunduğu mövzunun aktuallığını nəzərə alıb oxucularımıza təqdim edirik:

- Bu gün BMT-nin Qaçqınların Ali Komissarlığının Azərbaycan nümayəndəsi Guido Ambroso ötən əsrin 90-cı illərində Azərbaycanda olarkən çəkdiyi bir neçə fotoşəkli mənə təqdim etdi. Şəkillərdə məcburi köçkünlərin yaşadığı şərait əks olunub. Bu şəkillər məni xəyalən həmin illərə qaytardı: 100 minlərlə naəlac insan çadırlarda, ən ağır şəraitdə yaşamağa məhkum idi. O zaman ayrı-ayrı ölkələr, beynəlxalq humanitar təşkilatları Azərbaycana ərzaq göndərirdi ki, məcburi köçkünlər heç olmasa aclıqdan əziyyət çəkməsin.

İndi isə həmin məcburi köçkünlər onlar üçün salınmış 100-dən çox yeni şəhərcikdə ən müasir mənzillərdə yaşayır. Fərqi müqayisə etmək naminə həmin şəhərciklərdən ikisinin şəkilini də təqdim edirəm. Bu şəkillərə baxıb etiraf etməyə bilməzsən ki, Prezident İlham Əliyevin 2003-cü ildə bəyan etdiyi “Azərbaycanda heç bir çadır şəhərciyi qalmayacaq” proqramı ölkəmizin tarixində həyata keçirilən miqyasca ən nəhəng, mahiyyətcə ən humanist layihələrdən biri, bəlkə də birincisidir. Bundan da az əhəmiyyət kəsb etməyən ikinci cəhət isə ondan ibarətdir ki, indi köçkünlərin  beynəlxalq təşkilatların humantar yardımına ehtiyacı yoxdur. Onların bütün ehtiyaclarının qarşılanmasını dövlət öz üzərinə götürüb.

Təqdim etdiyim şəkillərə Azərbaycana ləkə vurmağı özünün peşəsinə çevirmiş radikallar və onların yalan istehsal edən təbliğatçılarının baxmasını çox istərdim. Dəyişəcəklərinə ümid etmirəm. Utanc hissi keçiricəkləri də inandırıcı deyil. Məqsədim Azərbaycanda nə qədər möhtəşəm inkişaf və dəyişikliklərin baş verdiyini təqdim olunan şəkillərlə bir daha göstərməkdir.