Xəbərlər
Azərbaycan UNESKO-nun iki köməkçi orqanına üzv seçilib
Parisdə UNESKO Baş Konfransının 40-cı sessiyası çərçivəsində qurumun bir sıra köməkçi orqanlarına seçkilər keçirilib.
Şərqi Avropa qrupundan namizədliyini irəli sürmüş Azərbaycan Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitənin (CIGEPS) və Kommunikasiyanın İnkişafı üzrə Beynəlxalq Proqramın Hökumətlərarası Şurasının (IPDC) üzvü seçilib.
Qeyd edək ki, 1978-ci ildə əsası qoyulan CIGEPS-in əsas məqsədi idmanın rolu və dəyərini, onun dövlət siyasətinə daxil edilməsini təşviq etməkdir. Hökumətlərarası Komitəyə 4 il müddətinə seçilən ölkələr bu sahə üzrə texniki tövsiyələr verir, araşdırmalar aparır və siyasi tövsiyələri hazırlamaq üçün uğurlu təcrübələri müəyyənləşdirir.
IPDC isə inkişaf etməkdə olan ölkələrdə medianın inkişafını müzakirə və təşviq etmək məqsədilə beynəlxalq ictimaiyyəti səfərbər edən BMT sisteminin yeganə çoxtərəfli forumudur. Proqram media layihələrinə dəstək verməklə yanaşı, inkişaf etməkdə olan ölkələrdə azad və plüralist medianın inkişafı üçün sağlam bir mühitin təmin olunmasına çalışır.
Xatırladaq ki, UNESKO Baş Konfransının 40-cı sessiyası noyabrın 27-dək davam edəcək.