Xəbərlər
Elman Məmmədov: Həmsədrlərin fəaliyyətindən ictimaiyyətimiz narazıdır
«ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətindən ictimaiyyətimiz narazıdır. Təbii ki, belə fəaliyyətdən razı qalmaq mümkün deyil». Bu fikri Milli Məclisin deputatı Elman Məmmədov deyib.
E.Məmmədov bildirib ki, həmsədrlər 30 ilə yaxın müddətdə münaqişənin nizamlanması istiqamətində heç bir iş görməyiblər. Onun sözlərinə görə, həmsədrlərin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bölgəyə səfərini turist səfəri də adlandırmaq olar.
«Həmsədr dövlətlər münaqişənin nizamlanmasına ikili standartlarla yanaşırlar. Buna səbəb münaqişə tərəflərinin eyni statusla dəyərləndirilməsidir. İşağlçı Ermənistan, torpaqları işğal olunan isə Azərbaycandır. Lakin tərəflər eyni statusla dəyərləndirilir. Həmçinin hər iki tərəfdən eyni güzəştlərin tələb olunması göstərir ki, ATƏT-in Minsk qrupu bu problemin həlli ilə ciddi məşğul olmur. Amma beynəlxalq müstəvidə Ermənistanın təcavüzkar siyasətinin ifşa edilməsi istiqamətində Azərbaycanın siyasəti müsbət nəticələrini verməkdədir. Bir sıra beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsi haqda sənədlər qəbul edib və həmin sənədlərdə Azərbaycan torpaqlarının işğal olunması faktı əksini tapıb»- deyə, E.Məmmədov vurğulayıb.