Xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev Rumıniyanın yeni seçilmiş Prezidenti Klaus İohannisə təbrik ünvanladı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rumıniyanın yeni seçilmiş Prezidenti Klaus İohannisə təbrik ünvanladı.
Təbrikdə deyilir: “Rumıniyanın Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Azərbaycan və Rumıniyanı möhkəm dostluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri birləşdirir. Bu gün bu münasibətlər dinamik və hərtərəfli inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir.
Ümidvaram ki, xalqlarımızın rifahı naminə istər ikitərəfli qaydada, istərsə də regional və beynəlxalq qurumlar çərçivəsində qarşılıqlı etimada və dəstəyə əsaslanan əməkdaşlığımızı daha da genişləndirmək üçün birgə səylər göstərəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Rumıniya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram.”