Xəbərlər
Ulu öndər Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibətilə Pakistanın Dera İsmayil Xan ərazisinin (Tayfalar ərazisi) Tank bölgəsində “Heydər Əliyev Su Təchizatı layihəsi”nin açılış mərasimi keç
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibətilə Pakistanın Dera İsmayil Xan ərazisinin (Tayfalar ərazisi) Tank bölgəsində Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Beynəlxalq İnkişafa Yardım Agentliyinin dəstəyi ilə inşa edilmiş “Heydər Əliyev Su Təchizatı layihəsi”nin açılış mərasimi keçirilmişdir.
Mərasimdə Pakistan parlamenti sədrinin sabiq müavini, Azərbaycan-Pakistan parlamentlərarası dostluq qrupunun üzvü Fəysəl Kərim Kundi, Xayber Paxtunxva əyalət hökumətinin təmsilçiləri, əyalət assambleyasının deputatları, ətraf kəndlərin ağsaqqalları, media nümayəndələri iştirak etmişlər.
Tədbirdə çıxış edən Azərbaycan-Pakistan parlamentlərarası dostluq qrupunun üzvü Fəysəl Kərim Kundi Pakistanın mütəmadi olaraq terrordan əziyyət çəkən və iqtisadi inkişafdan geri qalan regionunda Heydər Əliyev Fondu tərəfindən belə aksiyanın keçirilməsi faktını yüksək qiymətləndirərək, Fondun prezidenti Mehriban xanım Əliyevaya ərazi sakinlərinin adından dərin minnətdarlığını bildirmişdir. O, Azərbaycan tərəfinin bu addımını, sözün əsl mənasında, dostluq və qardaşlıq münasibətinin göstəricisi olduğunu vurğulamışdır. Bildirilmişdir ki, “Heydər Əliyev Su Təchizatı layihəsi” içməli su sarıdan əziyyət çəkən və daim təhlükə ilə üzləşən bölgə sakinləri üçün böyük dəstəkdir.
Daha sonra F.K.Kundi Pakistan və Azərbaycan arasında mövcud dostluq və qardaşlıq münasibətlərindən danışmış, 2013-cü ildə Azərbaycana səfəri zamanı ölkəmiz haqqında əldə etdiyi təəssüratlarını mərasim iştirakçıları ilə bölüşmüşdür.
Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov xalqlarımız arasındakı xoş münasibətlər barəsində ətraflı məlumat vermişdir. Mərasimin ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ərəfəsində keçirildiyini deyən səfir Ümummilli Liderin həyat və fəaliyyəti haqqında geniş söhbət açmışdır. Qeyd etmişdir ki, Heydər Əliyevin xatirəsi Azərbaycan xalqı tərəfindən daim əziz tutulur və Heydər Əliyev Fondu Ulu Öndərin doğum günü ilə bağlı ölkəmizdə və xarici dövlətlərdə genişmiqyaslı layihələr həyata keçirir. Səfir Pakistanın müxtəlif əyalətlərində birinci xanım Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə səhiyyə və təhsil sahələrində silsilə humanitar yardım proqramlarının həyata keçirildiyini bildirmişdir.
Bölgə sakinləri adından danışan Mahammad Ecaz yüz illər boyu ərazinin quraqlıqdan ciddi əziyyət çəkdiyini bildirmiş, indiyədək bölgə əhalisinin içməli suya olan tələbatını 10 kilometr uzaqlıqda yerləşən yağış suyu kollektorundan istifadə hesabına ödədiklərini vurğulamışdır. M.Ecaz “Heydər Əliyev Su Təchizatı layihəsi”nin həyata keçirilməsi nəticəsində on minlərlə əhalinin keyfiyyətli içməli su ilə təchiz edildiyini bildirmişdir. O, bu günün bölgə sakinləri üçün əsl bayram olduğunu qeyd edərək Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya, Azərbaycan xalqına və dövlətinə minnətdarlığını bildirmişdir.
Su təchizatı sisteminin tikintisini həyata keçirən AIMS İnkişaf Qrupunun prezidenti Əhməd Xan mərasim iştirakçılarına “Heydər Əliyev Su Təchizatı layihəsi”nin texniki imkanları haqqında məlumat verərək qeyd etmişdir ki, dərinliyi 700 metrdən artıq olan quyudan gün ərzində 150 tondan çox içməli su çıxarılacaqdır. Əhməd Xan bildirmişdir ki, su ehtiyatı, fasiləsiz elektrik təchizatı qurğusu və supaylayıcı sistemdən ibarət “Heydər Əliyev Su Təchizatı layihəsi” bölgədə yaşayan 40 min sakini içməli su ilə təmin edəcəkdir.
Mərasimin sonunda səfir D.Şikarov tədbirə qatılmış Xayber Paxtunxva əyalətinin jurnalistlərinə müsahibə vermişdir. Müsahibədə səfir Azərbaycan-Pakistan dostluğu, Azərbaycanın dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu siyasət, ölkəmizin birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun, həmçinin Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Beynəlxalq İnkişafa Yardım Agentliyinin fəaliyyəti haqqında ətraflı məlumat vermişdir.