Xəbərlər
“Əsrin müqaviləsindən Suverenliyə”
Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatının, Sumqayıt Şəhər İcra Hakimiyyətinin və “Azərikimya” İstehsalat Birliyinin birgə təşkilatçılığı ilə “Əsrin müqaviləsindən Suverenliyə” mövzusunda tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə YAP İdarə Heyətinin üzvü, partiyanın Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Tahir Mirkişili, “Azərikimya” İstehsalat Birliyinin direktoru Elnur Məmmədli, Sumqayıt Dövlət Universitetinin Tarix, coğrafiya və metodika kafedrasının müdiri Sona Məhərrəmova, Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Loğman Abdullayev çıxış ediblər.
Çıxışlarda “Əsrin müqaviləsi”nin Azərbaycanın müstəqil dövlət kimi inkişafında, iqtisadi potensialının gücləndirilməsində və beynəlxalq enerji əməkdaşlığının genişlənməsində mühüm rol oynadığı bildirilib. Qeyd olunub ki, 20 sentyabr 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” ölkənin enerji sektorunun inkişafı, sənaye potensialının artırılması və yeni beynəlxalq tərəfdaşlıqların qurulması baxımından mühüm mərhələnin əsasını qoyub. Çıxışlarda Azərbaycanın enerji siyasətinin sonrakı illərdə davam etdirilməsi nəticəsində iqtisadi imkanların genişləndirildiyi, sənaye və enerji sektorunda mühüm layihələrin həyata keçirildiyi vurğulanıb.
Diqqətə çatdırılıb ki, tədbirin “Əsrin müqaviləsindən Suverenliyə” adlandırılması da təsadüfi deyil. “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi inkişafında və beynəlxalq enerji əməkdaşlığında yeni mərhələ yaratdığı kimi, 20 sentyabr Dövlət Suverenliyi Günü də Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpasını ifadə edən tarixi gün kimi dövlətçilik tarixində xüsusi yer tutur.
Sonra partiyaya yeni qoşulanlara üzvlük vəsiqələri təqdim olunub.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.
