Xəbərlər
Strateji əməkdaşlıq platforması
Şəhla Abdullayeva
YAP Ucar rayon təşkilatının sədri
“Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan bir təşkilatdır. Çünki müxtəlif formatlarda müzakirə olunan məsələlər beynəlxalq gündəliyi, beynəlxalq təhlükəsizliyi, multikulturalizm, ticarət, nəqliyyat, ümumilikdə humanitar əməkdaşlıqla bağlı məsələləri əhatə edir. Ona görə də əminliklə demək olar ki, təxminən iyirmiillik fəaliyyətindən, təşkilatın yaradıldığı 2009-cu ildə Naxçıvanda keçirilmiş tarixi Zirvə görüşündən sonra Türk Dövlətləri Təşkilatı mühüm məsələlərin həlli və üzv ölkələr arasında qarşılıqlı əlaqələrin inkişafı, həmçinin təşkilatın beynəlxalq arenadakı mövqeyinin müəyyənləşdirilməsi və möhkəmləndirilməsi üçün öz potensialından maksimum istifadə edir. Biz hamımız bunda maraqlıyıq.” Dövlətimizin başçısı İlham Əliyev sentyabr ayının 17-də Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən onu da bildirdi ki, ölkələrimizin potensialı kifayət qədər böyükdür və güclənməkdə davam edir. Biz çox geniş coğrafi məkanda yerləşirik. Ərazimizdən bu gün təkcə ölkələrimiz üçün deyil, daha geniş coğrafiya üçün də mühüm rol oynayan ən vacib enerji və nəqliyyat yolları, dəhlizlər keçir. TDT regionunun qərbində və şərqində də təşkilatımızın və onun beynəlxalq məsələlərdə, o cümlədən bağlantılar, nəqliyyat təhlükəsizliyi, enerji təhlükəsizliyi və ümumilikdə təhlükəsizliklə bağlı məsələlərdə müsbət rolunun güclənməsini böyük maraqla izləyirlər. Ona görə də əminəm ki, bu gün keçiriləcək şura çərçivəsində, o cümlədən bu məsələlər də müzakirə olunacaq. Çünki bu gün enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları olmadan, ümumiyyətlə təhlükəsizlikdən danışmaq mümkün deyil.
Ölkələrimiz böyük təbii ehtiyatlara malikdir və bu da böyük üstünlükdür. Bu təbii ehtiyatlar dövlətlərimizin möhkəmlənməsinə, xalqlarımızın rifahının yüksəlməsinə xidmət edir, həmçinin bütün dünya üçün mühüm rol oynayır. Xüsusilə sərhədlərimizin perimetri boyunca mövcud olan bugünkü şəraitdə enerji təhlükəsizliyi ilə bağlı məsələlər mühüm əhəmiyyət kəsb edir. Türk dövlətlərinin rəqəmsal gələcək, enerji, nəqliyyat və müdafiə sənayesi sahələrində əməkdaşlığı təşkilatın qlobal güc balansında çəkisini artırır. Təhlillər göstərir ki, Türk Dövlətləri Təşkilatı sadəcə mədəni-tarixi birlik deyil, strateji əməkdaşlıq platforması və müstəqil güc mərkəzi kimi formalaşır. Qlobal rəqabətin dərinləşdiyi bir dövrdə TDT-nin birliyi və koordinasiyalı fəaliyyəti Türk dünyasını beynəlxalq arenada mühüm aktora çevirir. Bir sözlə, qlobal rəqabət fonunda artıq Türk Dövlətləri Təşkilatının vahid güc mərkəzinə çevrilməsi qaçılmazdır. Prezident İlham Əliyevin çıxışlarında bu amilə xüsusi diqqət çəkməsi strateji hədəflər, eyni zamanda, regional sülh, sabitlik və rifahın gücləndirilməsi baxımından uzaqgörən mühüm addım kimi dəyərləndirilməlidir.
Qeyd edək ki, Türk Dövlətləri Təşkilatının Zirvə görüşləri müntəzəm xarakter daşıyır. Cənab İlham Əliyev qəbuldakı çıxışında vurğuladı ki, Azərbaycanın təşəbbüsü ilə yaxın vaxtlardan etibarən qeyri-rəsmi Zirvə görüşləri də keçirməyə başlamışıq. Çünki hesab etdik ki, dövlət başçılarının ildə bir dəfə məhz bu formatda görüşməsi kifayət deyil. Lakin dediyim kimi, ölkələrimizin hər birinin üzv ölkələrlə ikitərəfli gündəliyi kifayət qədər fəaldır. Ancaq biz birlikdə ildə bir dəfə toplaşırıq və hesab etdik ki, bu azdır. Həmkarlarımız da bunu dəstəklədilər.
Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü ilk dəfə 2024-cü ilin iyul ayında Şuşada keçirildi. Cənab İlham Əliyev Şuşa Zirvə görüşündəki çıxışında bu çağırışı etmişdir ki, Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməlidir. Biz böyük coğrafi məkanı əhatə edirik, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensialımız döyüş meydanlarında özünü dəfələrlə göstərmişdir. Zəngin təbii resurslarımız, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tariximiz, mədəniyyətimiz bizim böyük sərvətimizdir. Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir. XXI əsr Tü rk dünyasının inkişafı əsri olmalıdır.
Cənab İlham Əliyevin Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxsləri ilə görüşündəki çıxışı da Türk dünyasının birliyinə, həmrəyliyinə yönələn mühüm çağırışlarla diqqətdə oldu. Belə ki, “Əminəm ki, hər biriniz öz ölkənizdəki vəziyyəti çox yaxşı bilirsiniz. Təbii ki, ölkələrimizdə vəziyyət eyni deyil. Lakin müəyyən beynəlxalq mərkəzlərdən ölkələrimizin dövlət maraqlarının sarsıdılmasına yönəlmiş fəaliyyət prinsipləri dəyişməz olaraq qalır” deyən dövlətimizin başçısı bildirdi ki, həm metodlar, həm də məqsədlərinə nail olmaq cəhdləri kifayət qədər şablon xarakter daşıyır, primitivdir. Bir sözlə, bədxahlarımızda, deyərdim ki, yaradıcılıq çatışmır. Əlbəttə ki, onlar əsas səylərini hələ formalaşmamış, formalaşma mərhələsində olan və manipulyasiya etməyin daha asan olduğu gənc nəslə yönəldirlər. Məhz buna görə deyirəm, bilirəm ki, ölkələrimizin hər birində fəal gənclər siyasəti həyata keçirilir. Lakin hesab edirəm ki, TDT çərçivəsində məhz gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməliyik, müntəzəm tədbirlər, forumlar, konfranslar keçirməliyik ki, gənc vətəndaşlarımız bir-biri ilə ünsiyyət qursunlar. Onlar qohum xalqlara bizim nəslin münasibət göstərdiyi kimi münasibət göstərsinlər. Bunu, əlbəttə, öz nümunəmiz, uğurlu fəaliyyətimiz, təşkilatımızın möhkəmləndirilməsi ilə yanaşı, düzgün ideoloji iş vasitəsilə onlara ötürməliyik. Belə bir əminlik də ifadə edildi ki, ölkələrinizin təhlükəsizlik şuralarının rəhbərləri kimi qarşınızda duran vəzifələr, təbii ki, kifayət qədər böyükdür. 5-ci iclas çərçivəsində həm məlumat, həm də təcrübə mübadiləsi aparılacaq. Zəif yerlərimizin harada olduğunu, bizə zərər vurmağa çalışan yad ünsürlərin nüfuz edə biləcəyi, necə deyərlər, hansı pəncərələrin mövcud olduğunu müəyyənləşdirmək faydalı olacaq.
