YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və Finlandiya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib

Helsinki şəhərində Azərbaycan Respublikası və Finlandiya Respublikasının Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, Azərbaycan tərəfindən nümayəndə heyətinə Xarici İşlər nazirinin müavini Xələf Xələfov başçılıq edib. Nazir müavini məsləhətləşmələr çərçivəsində Finlandiya Xarici İşlər Nazirliyinin Dövlət katibi Matti Anttonen və Şərqi Avropa, Rusiya və Mərkəzi Asiya üzrə baş direktoru Maimo Henrikssonla görüşlər keçirib.

Məsləhətləşmələr zamanı iki ölkə arasında əlaqələrin hazırkı vəziyyəti təhlil olunub və əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb. Tərəflər Azərbaycan və Finlandiya arasında əlaqələrin müxtəlif sahələrdə daha da genişləndirilməsi üçün böyük potensialın mövcud olduğunu vurğulayıblar. Xüsusilə də iqtisadiyyat və ətraf mühitin qorunması, peşə təhsili üzrə əməkdaşlıq istiqamətləri, habelə Finlandiyanın iştirakı ilə Azərbaycanda həyata keçirilən Tvinninq layihələri müzakirə edilib.

Xələf Xələfov həmsöhbətlərinə ölkəmizdə aparılan islahatlar haqqında ətraflı məlumat verib.

Görüşlərdə Azərbaycan–Avropa İttifaqı münasibətləri, Finlandiyanın Aİ-ə sədrliyi çərçivəsində müəyyən etdiyi prioritetlər ətrafında fikir mübadiləsi aparılıb. Məsləhətləşmələr zamanı, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və problemin həlli prosesinin hazırkı vəziyyəti müzakirə edilib. Bundan əlavə, tərəflər Xəzər dənizi hövzəsində əməkdaşlıq, Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşdırılan regional enerji və nəqliyyat layihələri, habelə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Helsinkiyə səfəri çərçivəsində X.Xələfov, həmçinin Finlandiya parlamentinin Beynəlxalq əlaqələr komitəsinin sədr müavini, sabiq Xarici İşlər naziri İlkka Kanerva ilə də görüşüb.