YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Rəhimzadə: 3 oktyabr 1993-cü il inkişafa, tərəqqiyə gedən yolun başlanğıcıdır

«Azərbaycanın tarixində, xalqımızın taleyində elə mühüm günlər var ki, onların önəmi, əhəmiyyəti illər keçdikcə daha dərindən dərk olunur, ən əsası o tarixlərdə gələcəyimizi müəyyənləşdirən yolun başlanğıcı qoyulur. Belə əhəmiyyətli, bugünkü reallıqlarımızın əsasında dayanan günlərdən biri, məhz 1993-cü ilin 3 oktyabr tarixidir. Həmin gün xalqımız özünün gələcək taleyini müəyyənləşdirən, inkişafa, tərəqqiyə gedən yolun əsası kimi dəyərləndirilən bir seçimi etdi. Müasir müstəqil Azərbaycan Respublikasının tarixində son dərəcə əlamətdar gün olan 1993-cü il oktyabrın 3-də ölkəmizdə keçirilən prezident seçkilərində ulu öndər Heydər Əliyev xalqımızın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçildi. Ümummilli Lider ölkəmizin ən yeni tarixində böyük bir epoxanı özündə təcəssüm etdirən, müstəqil dövlətin iqtisadi-siyasi, sosial, mədəni, elmi əsaslarını yaradan, gələcək inkişafı müəyyənləşdirən inkişaf strategiyasının müəllifidir. Müasir müstəqil Azərbaycan əbəs yerə ulu öndər Heydər Əliyevin şah əsəri kimi dəyərləndirilmir.» Bu fikirləri YAP Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında Azərbaycanın uğurlu inkişafına yol açan 3 oktyabr 1993-cü il prezident seçkilərində xalqın 98,84 faiz səsini qazanaraq Prezident seçilən ulu öndər Heydər Əliyevin uzaqgörən və məqsədyönlü siyasətinin Azərbaycana qazandırdığı uğurlardan bəhs edərkən bildirib.

V.Rəhimzadə qeyd edib ki, Azərbaycanın müstəqilliyinin ilk illəri tariximizin qaranlıq səhifəsi kimi xarakterizə olunur: «Həmin illərdə ölkəyə rəhbərlik edənlərin siyasi savadsızlığı, idarəçilik qabiliyyətlərinin yoxluğu, ən əsas şəxsi maraqlarını dövlət maraqlarından üstün tutmaları ölkəmizi böyük faciələrlə üz-üzə qoymuşdu. Sabaha inamını itirən xalq üzünü öz xilaskarına-ulu öndər Heydər Əliyevə tutdu. Daim Vətəni, xalqı, dövləti üçün çalışan, Azərbaycanı müstəqil ölkə kimi görmək istəyini hələ Sovet İttifaqının mövcudluğu şəraitində - hakimiyyətinin birinci dövründə atdığı addımları ilə təsdiqləyən Ümummilli Lider 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə bugünkü Azərbaycanın möhkəm bünövrəsini yaratdı. Bu gün müasir müstəqil Azərbaycanı yüksək mərtəbəli binaya bənzətsək, bu binanın mərtəbələrinin sayının daim artması möhkəm təmələ əsaslanır. Düşünülmüş və məqsədyönlü siyasətin zamanın tələblərinə uyğun olaraq təkmilləşdirilməsi, dövrün çağırışlarının yüksək səviyyədə cavablandırılması Azərbaycanın dünyada ən islahatçı ölkə kimi tanınmasında stimulverici amil rolunu oynayır.»

Baş redaktor bildirib ki, məhz Ümummilli Liderin 1993-cü il 3 oktyabr prezident seçkilərində seçicilərin böyük etimadını qazanması xalqımızın onun dönməz siyasi iradəsinə, yüksək nüfuzuna, idarəçilik təcrübəsinə olan inamından, ən əsası Vətən, xalq sevgisinin böyüklüyündən irəli gəldi: «Xalqımız tam əmin idi ki, Azərbaycanı düşdüyü ağır vəziyyətdən, xaosdan, anarxiyadan, müstəqilliyini itirmək təhlükəsindən yalnız və yalnız ulu öndər Heydər Əliyev xilas edə bilər: « Dahi şəxsiyyət Heydər Əliyevin hələ hakimiyyətinin birinci dövründə gördüyü işlərə diqqət yetirsək, bu işlərin miqyasının nə qədər geniş olduğunu görərik. Ulu Öndərin Azərbaycanın müstəqil gələcəyini düşünərək atdığı addımlar sırasında gənclərimizin keçmiş İittifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsini, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin təsis edilməsini xüsusi qeyd etməliyik. Ulu öndər Heydər Əliyevin hakimiyyətinin ikinci dövründə gördüyü işlər məhz 1969-82-ci illərdə yaradılan möhkəm bazaya əsaslanırdı. Həyatının mənasını xalqına və dövlətinə xidmətdə görən Ümummilli Lider 1993-cü ildə hakimiyyətə qayıdışından sonra əsas diqqət göstərdiyi məsələ müstəqillik yollarında ilk addımlarını atan Azərbaycanın varlığını təsdiqləmək, beynəlxalq aləmdə mövqeyini möhkəmləndirmək idi.»

V.Rəhimzadə ulu öndər Heydər Əliyevin 10 oktyabr 1993-cü ildə keçirilən andiçmə mərasimində səsləndirdiyi bu vədini bir daha yada salıb: «Belə bir yüksək məsuliyyətli vəzifəni öz üzərimə götürərkən, birinci növbədə Azərbaycan xalqının zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram. Azərbaycan xalqının mənə bəslədiyi ümidlər məni bu vəzifəni üzərimə götürməyə məcbur edibdir. Əmin etmək istəyirəm ki, bu ümidləri doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm.»

 «Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın gələcək inkişafının əsas istiqamətlərini müəyyənləşdirdi, inkişafı şərtləndirən amilləri açıqladı» söyləyən V.Rəhimzadə qeyd edib ki, sabitlik inkişafın əsası kimi qeyd olundu: «Ümummilli Lider bildirirdi ki, sabitlik olmadan hansısa sosial-iqtisadi layihənin həyata keçirilməsindən danışmaq qeyri-mümkündür. Məhz onun uğurlu daxili siyasəti nəticəsində ölkədə sabitlik yaradıldı, cəbhə xəttində atəşkəs sazişi imzalandı. Bu mühüm addım həm ölkədə sabitliyin dönməz xarakter alması, həm də digər sahələrin inkişafı istiqamətində mühüm addımların atılması üçün çox vacib idi. Sabitliyin təmin olunması fonunda ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin, transmilli şirkətlərin tərəddüdlərinə son qoyuldu. Məhz bunun nəticəsidir ki, 1994-cü il sentyabrın 20-də «Əsrin müqaviləsi» imzalandı. Sonralar bu saziş ölkəmizin gələcək inkişafına və təhlükəsizliyinə etibarlı zəmin yaratdı, Azərbaycanın dünya xəritəsindəki mövqeyini möhkəmləndirdi. Tarixən neft ölkəsi kimi tanınan Azərbaycan etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirdi. 2017-ci ildə «Yeni əsrin müqaviləsi»nin imzalanması deyilənlərin təsdiqidir. Bu kimi mühüm addımlar, eyni zamanda, Azərbaycanın bu gününə və gələcəyinə inamı nümayiş etdirir.»

V.Rəhimzadə bu mühüm məqamı xüsusi qeyd edib ki, Azərbaycanın inkişafının sonrakı mərhələləri göstərdi ki, əldə olunan nailiyyətlərin ana xətti ölkəmizi dünya birliyinin layiqli üzvünə çevirən uğurlarımız və gələcəyə hesablanmış inkişaf modelinin beynəlxalq aləmdə böyük dəstək qazanmasıdır: «İqtisadi tərəqqi bütün sahələrdə uğurlu addımların atılmasını təmin etdi. Müharibə şəraitində yaşayan ölkə üçün güclü, qüdrətli ordunun olması vacib idi. Ulu Öndərin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra diqqət yönəltdiyi əsas məsələlərdən biri məhz ordu quruculuğu oldu. Dahi rəhbər 1993-cü il oktyabrın 10-da keçirilən andiçmə mərasimində bu məsələyə xüsusi diqqət yönəldərək demişdir: «Azərbaycan Respublikası bir müstəqil dövlət kimi özünü müdafiə etməyə qadir orduya malik olmalıdır. Təəssüf ki, müstəqillik əldə ediləndən sonra keçən dövrdə bu sahədə az iş görülübdür. Lazım gələrsə, sülh yolunda addımlarımız nəticə verməsə, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün, respublikanı müdafiə etmək üçün qüdrətli bir ordunun yaradılması bizim əsas vəzifəmizdir.» Ümummilli Lider həmin nitqində bir daha bəyan etmişdir ki, şəhidlərimizin qanı yerdə qalmayacaq, onların xatirəsi qəlbimizdə əbədi yaşayacaq, gənclərimiz və gələcək nəsillər onların qəhrəmanlıqlarından nümunə götürəcəklər. Azərbaycan xalqı öz qamətini düzəldəcək, ayağa qalxacaq, gücünü birləşdirəcək, müasir ordusunu yaradacaq və müstəqil dövlətini, öz ərazisini bundan sonra göz bəbəyi kimi qoruyacaq.»

V.Rəhimzadə bildirib ki, 12 may 1994-cü ildə atəşkəsin əldə edilməsi ordu quruculuğunda köklü islahatların aparılması üçün əlverişli imkan yaratdı. Silahlı Qüvvələrimizin maddi-texniki bazası gücləndirildi, ordumuz müasir silah və sursatla təmin olundu. Rəsmi Bakı məhz həmin illərdə yaradılan möhkəm bazaya əsaslanaraq dünyanın ən nüfuzlu təşkilatlarının tribunasından bəyan edir ki, sülh danışıqları səmərə vermədiyi təqdirdə işğal altında olan torpaqlarımızı hərb yolu ilə azad edəcəyik. 2016-cı ilin aprel döyüşləri Azərbaycan Ordusunun gücünü, qüdrətini bir daha nümayiş etdirdi. Silahlı Qüvvələrimiz həmin döyüşlər zamanı düşmən təxribatının qarşısını qətiyyətlə aldı, dünyaya bu mesajı çatdırdı ki, bir qarış torpağımız belə düşmənə verilməyəcək. Azərbaycan əsgəri ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin hücum əmrinə hər zaman hazırdır.

 «Ulu öndər Heydər Əliyev andiçmə mərasimində bu mühüm məqamı da xüsusi qeyd etmişdir ki, Azərbaycanın müstəqilliyi respublika qarşısında, onun vətəndaşları qarşısında çox böyük və mürəkkəb vəzifələr qoyub ki, onlardan biri milli dövlət quruculuğunu həyata keçirmək idi: « Demokratiyanı strateji kursun əsası kimi dəyərləndirən ulu öndər Heydər Əliyev demokratik cəmiyyətin varlığını təsdiqləyən bütün atributların ölkəmizdə bərqərar olması istiqamətində mühüm addımlar atdı. Bu gün tam əminliklə qeyd edirik ki, Azərbaycanın demokratiya təcrübəsi digər ölkələrə nümunədir. Ölkəmizdə insan hüquqlarının qorunması, azad mətbuatın inkişafı, çoxpartiyalı sistemin təkmilləşdirilməsi, seçkilərin demokratik və beynəlxalq standartlara uyğun keçirilməsi üçün möhkəm qanunvericilik bazası mövcuddur. Azərbaycan bu gün tolerant, multikultural dəyərlərin inkişafına davamlı töhfələr verən ölkə kimi tanınır və nüfuz qazanır. Bunun nəticəsidir ki, müxtəlif səviyyəli beynəlxalq tədbirlərə ev sahibliyi edir, müxtəlif mədəniyyətləri, dinləri bir araya gətirən, uğurlu addımları ilə körpü roluna yeni əlavələr edən ölkə kimi mövqeyini möhkəmləndirir. Azərbaycan zəngin tarixi, mədəniyyəti, incəsənəti, dili ilə dünyanın diqqətindədir. Ölkəmizin bu il UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına ev sahibliyi etməsi də deyilənlərin təsdiqidir. Bu mühüm uğurların əsasında ölkəmizdəki sabitlik dayanır ki, onun da təminatçısı xalq-iqtidar birliyidir. 1995-ci ildə ulu öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə işlənib hazırlanan və ümumxalq səsverməsi yolu ilə qəbul olunan Konstitusiyamızda qeyd olunduğu kimi, Azərbaycanda hakimiyyətin yeganə mənbəyi xalqdır. Dövlətimizin siyasətində insan amilinə verilən dəyərin ən bariz nümunələrindən biri Konstitusiyamıza əlavə və dəyişikliklərin edilməsi məqsədilə bu günə qədər 3 dəfə referendumun keçirlməsidir. İnsan hüquq və azadlıqlarının qorunması üçün yeni müdafiə mexanizmlərinin yaradılması, idarəçilik sistemində təkmilləşmə davamlı inkişafa yol açan əsas amillər sırasındadır. 2016-cı ildə keçirilən ümumxalq səsverməsinə əsasən vitse-prezidentlik institutunun yaradılması, 2017-ci ilin fevralında cənab İlham Əliyevin Sərəncamı ilə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması bugünkü uğurlarımızda əhəmiyyətli rola malikdir.»

Ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti, xalqı qarşısında misilsiz xidmətlərini bir yazıda əhatə etməyin mümkünsüzlüyünü bildirən Vüqar Rəhimzadə 1993-cü ildən başlanan inkişaf yolunun uğurları fonunda bu ümumiləşdirməni aparıb ki, ulu öndər Heydər Əliyev Azərbaycan xalqının yaddaşında Qurucu və Xilaskar dövlət xadimi, Ümummilli Lider və xalq məhəbbətini qazanan Ulu Öndər kimi qalıb və qalacaq. Ümummilli Liderin bu müdrik kəlamları Azərbaycanın bu gününə və sabahına nur saçan qətiyyətli fikirlərdir: “Nə qədər ki Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam.”

«Heydər Əliyev yolu mustəqil Azərbaycanımıza qarşıdakı illərdə daha böyük uğurlar gətirəcək» söyləyən V.Rəhimzadə qeyd edib ki, son 16 ildə bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, təkmil islahatların həyata keçirilməsi, qarşıya yeni-yeni hədəflərin qoyulması və onlara çatmaq üçün icra mexanizmlərinin müəyyənləşdirilməsi bu əminliyə əsas verir: «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyası, bu sənəddə əksini tapan hədəflərin gerçəkləşməsi üçün 12 istiqamət üzrə Strateji yol xəritələrinin hazırlanması və icrası Azərbaycanın bundan sonra da bütün sahələrdə davamlı uğurlara imza atacağını şərtləndirir. Beynəlxalq maliyyə qurumlarının hesabatlarında da bu uğurlarımız öz əksini tapıb. Dünya Bankının hesabatında ən islahatçı ölkə kimi mövqeyini möhkəmləndirən Azərbaycan bu uğurları ilə inkişaf etmiş ölkələr sırasında addımlamaq istəyini gördüyü işlərdə, atdığı addımlarda təsdiqləyir. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bugünkü Azərbaycan ulu öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycandır.»

V.Rəhimzadə ulu öndər Heydər Əliyevin 10 oktyabr 1993-cü ildəki andiçmə mərasimində səsləndirdiyi bu fikrə də diqqət yönəldib: «Biz Azərbaycanın daxilində demokratik prinsipləri bərqərar edərək respublikanın xarici siyasətində Azərbaycanın müstəqilliyini daim qoruyacağıq.» Bu fikirlərə istinadən bu gün Azərbaycana dünyanın baxışının hansı səviyyədə olduğu göz önündədir. 155 ölkənin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilən Azərbaycanın bu uğuru dünyadakı mövqeyinə, nüfuzuna işıq saldı. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan çox müsbət beynəlxalq reputasiyaya malik olan bir ölkədir. Azərbaycana qarşı dünya birliyi tərəfindən böyük rəğbət, dəstək var. Əldə edilmiş nəticələr, qəbul edilmiş qərarlar bunu bir daha təsdiqləyir.»

Baş redaktor Heydər Əliyev yolunun uğurlarına söykənərək bu əminliyi də ifadə edib ki, iqtisadi tərəqqiyə əsaslanan güclü, qüdrətli ordumuz, diplomatik mübarizədə qələbəmiz yeganə problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə inamı daha da artırır. Üçrəngli bayrağımızın Şuşada, Xankəndidə dalğalanacağı gün uzaqda deyil.