Xəbərlər
Prezident İlham Əliyev Şəmkir rayonunda “Şəmkir Aqropark”ın təməlqoyma mərasimində iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 15-də Şəmkir rayonuna səfəri çərçivəsində “Şəmkir Aqropark”ın təməlqoyma mərasimində iştirak edib.
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Prezident İlham Əliyevə “Aqropark” inkişaf konsepsiyası barədə məlumat verdi.
Məlumat verildi ki, respublikada ilk dəfə Şəmkir rayonunda 543 hektar ərazidə yaradılacaq aqroparkda müasir istixana kompleksi, şitillik, tinglik və intensiv bağçılıq təsərrüfatları, meyvə və tərəvəz emalı zavodları, tara istehsalı fabriki, logistika və aqroservis mərkəzi, soyuducu anbar, satış mərkəzləri, avtopark, elmi araşdırma və innovasiyalar mərkəzi, otel və müxtəlif infrastruktur müəssisələri inşa olunacaq. Aqroparkda müasir texnologiyaların tətbiqi ilə istehsal, emal, logistika – məhsulları saxlama, çeşidləmə, qablaşdırma, markalama, daşınma, daxili və xarici bazarlarda satış, yaşıl marketlər və fermer mağazaları üzrə fəaliyyətlərin vahid ərazidə cəmləşməsi rəqabətqabiliyyətli kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalına şərait yaradacaq. “Şəmkir Aqropark”da yaradılacaq müəssisələrin maliyyələşdirilməsinin böyük hissəsi İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun vasitəsilə dövlətin güzəştli kreditləri hesabına həyata keçiriləcək.
Dövlətimizin başçısı aqroparkın təməlini qoydu.