YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Şəmkirçay su anbarının açılış mərasimində iştirak edib

Noyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev su elektrik stansiyası ilə birgə Şəmkirçay su anbarının açılış mərasimində iştirak edib.
“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə dövlətimizin başçısına Şəmkirçay su anbarının planı, Şəmkirçay magistral suvarma kanallarının sxemi, Şəmkirçay üzərində dəryaçanın tikintisinin əsas göstəriciləri, bəndin baş planı və digər qurğular barədə ətraflı məlumat verdi.
Prezident İlham Əliyevə Azərbaycandakı mövcud su anbarlarının xəritəsi nümayiş etdirildi.
Dövlətimizin başçısı su elektrik stansiyası ilə birgə Şəmkirçay su anbarının açılışını bildirən düyməni basdı. 
Prezident İlham Əliyevə su elektrik stansiyası barədə məlumat verildi. Qeyd edildi ki, stansiyanın gücü 25 meqavat olacaq. Stansiyada ildə 56 milyon kilovat elektrik enerjisinin istehsalı nəzərdə tutulur.
Sonra dövlətimizin başçısına Şəmkirçay su anbarı, əsas hidrotexniki qurğular, o cümlədən magistral kanallar barədə məlumat verildi.
Sonra dövlətimizin başçısı mərasim iştirakçıları ilə görüşdü. 
Şəmkirçay su anbarının istifadəyə verilməsi münasibətilə təbriklərini çatdıran Prezident İlham ƏLİYEV qeyd etdi ki, bu, Azərbaycanın gələcək inkişafı, iqtisadi inkişafımız üçün əvəzolunmaz bir infrastruktur obyektidir.
Şəmkirçay su anbarı, su elektrik stansiyası, su kanalları vahid bir kompleks təşkil edir. Bu infrastruktur obyektinin fəaliyyəti nəticəsində ölkə iqtisadiyyatına, kənd təsərrüfatına, sahibkarlığın inkişafına çox böyük dəstək veriləcək. Bu su anbarının fəaliyyəti nəticəsində 54 min hektar torpaqda suvarma yaxşılaşdırılacaq, 17 min hektar torpaq isə yenidən suvarılacaq. Yəni, bu, kənd təsərrüfatının inkişafı üçün çox böyük əhəmiyyət daşıyan obyektdir. Fermerlər bundan səmərəli şəkildə istifadə etməlidirlər. Əminəm ki, belə də olacaq. Yeni suvarılacaq sahələrdə bəri başdan düzgün planlaşdırma işləri aparılmalıdır ki, orada hansı məhsullar yetişdiriləcək, o məhsullar hansı bazarlara ixrac olunacaq. Yəni, hesab edirəm ki, biz bu məsələlərə indidən kompleks şəkildə yanaşmalıyıq və əslində artıq müəyyən işlər görülmüşdür. Bu gün Şəmkir rayonunda böyük aqroparkın təməli də qoyulacaq və əgər bu su anbarı tikilməsə idi, əlbəttə ki, o aqropark da tikilməzdi. Çünki oraya da çox böyük həcmdə investisiya qoyulacaq və əsas şərt suvarılan ərazilərdir.
Dövlət başçımız daha sonra qeyd etmişdir ki, bu çox böyük investisiyatutumlu layihədir. 700 milyon manatdan çox dövlət vəsaiti qoyulmuşdur və Taxtakörpü su anbarından sonra qeyri-neft sektoruna qoyulan ikinci böyük investisiyadır. Biz keçən ilin sonunda Taxtakörpü su anbarının və kanalların açılışını qeyd etmişdik. O, 1 milyard manat dəyərində olan layihədir. Bu gün isə biz Şəmkirçay su anbarının açılışını qeyd edirik. Bu iki mühüm layihə əlbəttə ki, bugünkü Azərbaycanın gücünü və bizim siyasətimizin istiqamətini göstərir. Çünki bu gün kənd təsərrüfatını, sahibkarlığı inkişaf etdirmək üçün dövlət tərəfindən böyük vəsait qoyulur, böyük işlər görülür. Dövlət qeyri-neft sektorunun inkişafına böyük investisiyalar qoyur. Sahibkarlığın inkişafı üçün hər il güzəştli şərtlərlə kreditlər verilir. Son illərdə iqtisadiyyatın real sektoruna kredit şəklində 200 milyon manatdan çox vəsait qoyulub.

Prezident İlham Əliyev: Azərbaycan regional əməkdaşlıq məsələlərində lider rolunu oynayır

“Kənd təsərrüfatının, sahibkarlığın inkişafı isə bizim üçün prioritet istiqamətlərdir. Biz ərzaq təhlükəsizliyimizi tam şəkildə təmin etməliyik. Bu istiqamətdə çox önəmli addımlar atılır. Özümüzü əsas ərzaq məhsulları ilə 100 faiz təmin etmək üçün biz artıq bu hədəfə yaxınlaşırıq. Ərzaq təhlükəsizliyimizin tam şəkildə təmin edilməsi, ixrac potensialımızın artırılması gələcəkdə həm iş yerlərinin yaradılmasına, eyni zamanda, insanların rifah halının yaxşılaşmasına xidmət edəcəkdir.” Bu fikirləri noyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəmkirçay su anbarının açılış mərasimində çıxışı zamanı söyləyib.

Prezident İlham Əliyev qeyd etmişdir: “Hazırda biz yeni ixrac bazarlarına çıxmaq üçün çalışırıq. Yeni imkanlar var və biz bu imkanlardan səmərəli şəkildə istifadə etməliyik. Əlbəttə ki, kənd təsərrüfatı məhsullarımızı ixrac bazarlarının mümkün olan və gələcəkdə mümkün olacaq potensialına da uyğunlaşdırmalıyıq. Bütün işlər planlı şəkildə aparılır. İlk növbədə, daxili tələbat 100 faiz daxili istehsal hesabına təmin edilməlidir. Bununla paralel olaraq biz yeni bazarlara və ənənəvi bazarlara daha böyük həcmdə məhsulla çıxmalıyıq. Beləliklə, növbəti illərdə kənd təsərrüfatının inkişafı dinamik olacaq, bölgələrdə iş yerləri açılacaq, işsizlik daim çox aşağı səviyyədə olacaq. Görülən tədbirlər və xüsusilə regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası nəticəsində bu gün Azərbaycanda işsizlik 5 faiz səviyyəsindədir. Son 10 il ərzində 1 milyon 300 min yeni iş yeri açılmışdır ki, bu da özlüyündə ölkəmiz üçün böyük imkanlar yaradır.”
“ Coğrafi vəziyyətimiz elədir ki, biz nəinki regionda, dünya miqyasında nəqliyyat mərkəzi olmalıyıq.Bu yaxınlarda Şimal-Cənub nəqliyyat dəhlizinin reallaşması vəŞərq-Qərb qədim ipək yolunun bərpası üçün önəmli qərarlar verilmişdir. Bununla yanaşı, ərzaq, enerji və nəqliyyat təhlükəsizliyi bizim əsas məsələlərimizdir.Bu məsələlərin həlli, həmçinin regional əməkdaşlığa da böyük təkan verəcək.
Azərbaycan regional əməkdaşlıq məsələlərində lider rolunu oynayır. Burada nəqliyyat, energetika, təbii qaz layihələri əlbəttə ki, üstünlük təşkil edir və bütün bu məsələlər nəticədə regional təhlükəsizliyin möhkəmlənməsinə xidmət göstərir.“- deyə, Prezident İlham Əliyev qeyd etmişdir.