YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

DSMF-nin 2015-ci il büdcəsinin gəlirlərinin 64%-ni sosial sığorta haqları təşkil edəcək, dövlət büdcəsindən ayrılan transfertin xüsusi çəkisi isə 36%-ə enəcəkdir

Sosial islahatların Azərbaycan modelinin tətbiqi nəticəsində əldə olunmuş əsas nailiyyətlərdən biri ölkənin iqtisadi həyatı ilə pensiyaçıların sosial müdafiəsinin bazar iqtisadiyyatı prinsipləri əsasında əlaqələndirilməsinin təmin edilməsidir. Bunu Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il üçün büdcə layihəsi barədə media nümayəndələrinə açıqlama verən Fondun sədri Elman Mehdiyev deyib.

E.Mehdiyevin sözlərinə görə Azərbaycanın müasir əsaslı sığorta-pensiya sistemi vasitəsilə iqtisadiyyatdakı əməkhaqqı fondu, bundan formalaşan sosial sığorta haqları və həmin haqlara görə təyin olunan pensiyalar həlqəsi qurulmuşdur ki, bu şəraitdə ölkə iqtisadiyyatının inkişafına uyğun sosial sığortaya cəlb olunan əməkhaqlarının artımı DSMF-nin gəlirlərinin artımını da şərtləndirir. Pensiyaların və fərdi hesablara toplanan sosial sığorta kapitallarının inflyasiya nəzərə alınmaqla hər il indeksləşdirilməsi isə sistemin mənfi fiskal təsirlərdən səmərəli şəkildə qorunmasını təmin edir.

Beləliklə, ölkəmizdə iqtisadi həyatın pensiyaçıların sosial müdafiəsi ilə uzlaşdırılmasının davamlı inkişaf tələblərinə cavab verən çevik modeli fəaliyyət göstərir ki, bu əsasda formalaşan Dövlət Sosial Müdafiə Fondunun büdcəsi makroiqtisadi sabitlik və iqtisadiyyatın dinamik inkişafı nəticəsində əldə olunan potensialın əhəmiyyətli hissəsinin pensiyaçıların sosial müdafiəsinə yönəldilməsi mexanizmini ifadə edir. Həmin mexanizmin çevik fəaliyyəti nəticəsində ölkədəki iqtisadi inkişafa uyğun olaraq orta aylıq əməkhaqqının artımı, daimi yeni iş yerlərinin açılması və qeydiyyatın gücləndirilməsi hesabına son 10 il ərzində Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə daxil olmuş sosial sığorta haqlarının məbləği 8 dəfə artaraq 1 milyard 780 milyon manata çatmışdır. DSMF-nin 2015-ci ildə isə sosial sığorta haqları üzrə gəlirləri 1 milyard 950 milyon manat məbləğində nəzərdə tutulur. Növbəti ildə 60 yaşdan yuxarı şəxslərin əhalinin cəmi sayındakı xüsusi çəkisinin 9,2% təşkil edəcəyi nəzərə alınarsa, bu kateqoriyanın əhalinin strukturundakı payının hər 1 faizinə ÜDM-in 0,50%-i qədər pensiya xərci düşür ki, bu da beynəlxalq aləmdə qəbul edilmiş göstəriciyə (0,3-0,48%) uyğundur.

 

Fondun 2015-ci il üçün büdcə proqnozları barədə məlumat verən E.Mehdiyev bildirib: “Növbəti il üzrə fondun büdcə layihəsi hazırlanarkən əsas inkişaf göstəriciləri, eləcə də növbəti il üzrə ölkədə orta aylıq əmək haqqının artım göstəriciləri nəzərə alınıb”. Qeyd olunub ki, layihədə DSMF-nin 2015-ci il üçün gəlirləri 3 milyard 56 milyon manat proqnozlaşdırılır ki, bu da 2014-cü ilin göstəricisinə nisbətən 127,8 milyon manat və ya 4,4 faiz çoxdur. Fondun 2015-ci il üçün gəlirlərinin 64 faizini və ya 1 milyard 950 milyon manatını məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar təşkil edəcək. DSMF-nin ümumi daxilolmalarında dövlət büdcəsindən ayrılan transfertin məbləğinin xüsusi çəkisi isə 36%-ə enəcəkdir.

Qeyri-büdcə üzrə gəlirlərin artımının növbəti ilin büdcə layihəsində xüsusilə hədəfə alındığını vurğulayan DSMF sədri diqqətə çatdırıb ki, bu hesaba Fondun  2015-ci il üçün büdcəsi layihəsində ümumi gəlirlərin daxilində qeyri-büdcə daxilolmalarının əhəmiyyətli şəkildə, 2014-cü ilin proqnozu ilə müqayisədə 11,7 faiz artımı nəzərdə tutulub.