Xəbərlər
Sevinc Fətəliyeva: Ölkəmizin mövqeyi tamamilə aydın və birmənalıdır
«Bu gün öz inkişafına görə regionun lider dövləti olan Azərbaycan, həm də, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Ölkəmiz hazırda, həmçinin, dünya üçün bir tolerantlıq nümunəsi sayılır. Bütün bu uğurlar, eyni zamanda, Azərbaycanın müxtəlif nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməsi Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və Pezident İlham Əliyev tərəfindən davam etdirilən inkişaf siyasətinin nəticəsidir». Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
S.Fətəliyeva bildirib ki, həyata keçirilən balanslaşdırılmış siyasət nəticəsində Azərbaycan beynəlxalq aləmin nüfuzlu aktoruna çevrilib. Onun sözlərinə görə, bu uğurların fonunda hazırda Azərbaycan diplomatiyasının qarşısında duran əsas vəzifə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinə nail olunmasıdır.
«Lakin ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyinə baxmayaraq, Ermənistan öz işğalçılıq siyasətindən əl çəkmək istəmir. Daha dəqiq desək, işğalçı Ermənistan təkcə siyasi təmaslar zamanı nümayiş etdirdiyi destruktiv mövqeyi ilə deyil, həm də cəbhə xəttində törətdiyi təxribatları ilə vəziyyəti daha da gərginləşdirməyə çalışır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ölkəmizin mövqeyi isə tamamilə aydın və birmənalıdır. Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ və 7 ətraf rayonu işğaldan azad edilməli, soydaşlarımızın yurd-yuvasına qayıtması və təhlükəsiz həyat şəraiti təmin olunmalı, daha sonra Dağlıq Qarabağın statusu məsələsi öz həllini tapmalıdır»- deyə, komitənin sədr müavini vurğulayıb.