Xəbərlər
Azərbaycan nümayəndə heyəti UNICEF-in beynəlxalq konfransında iştirak edəcək
Belarusun təşəbbüsü ilə noyabrın 12-13-də Minskdə UNICEF-in Mərkəzi, Şərqi Avropa və MDB ölkələri üçün “Uşaqların etinasız, amansız rəftardan, zorakılıq və istismardan müdafiəsi sahəsində milli mexanizmlərin möhkəmləndirilməsi” mövzusunda yüksək səviyyədə beynəlxalq konfransı keçiriləcək. Bunu Belarus Xarici İşlər Nazirliyi informasiya idarəsinin rəisi-mətbuat katibi Dmitri Mironçik bu gün keçirilən brifinqdə söyləyib.
Konfransda Azərbaycan, Bolqarıstan, Bosniya və Herseqovina, Makedoniya, Moldova, Rusiya, Serbiya və Monteneqro nümayəndə heyətlərinin iştirakı nəzərdə tutulub.
D.Mironçik bildirib: “Uşaqların müdafiəsi mövzusunda belə səviyyədə konfrans ölkəmizdə ilk dəfə keçiriləcək”. Nazirliyin nümayəndəsi qeyd edib ki, konfransda uşaqların müdafiəsinin səmərəli sisteminin yaradılması, bu işdə nazirliklərarası əlaqələrin möhkəmləndirilməsi, uşaqların hüquqlarının qorunması məsələləri üzrə milli müəssisələrin fəaliyyəti sahəsində fikir, bacarıq və ən yaxşı təcrübələrin mübadiləsi aparılacaq, eləcə də bu sahədə region ölkələri üçün aktual problemlərin müzakirəsi keçiriləcək.
Konfransı Belarus Baş nazirinin müavini, uşaq hüquqları üzrə Milli Komissiyanın sədri Anatoli Tozik və Belarusun xarici işlər naziri Vladimir Makeyin açacağı gözlənilir. Forumda BMT Uşaq Fondunun Mərkəzi, Şərqi Avropa və MDB ölkələri üçün regional bürosunun direktoru Mari-Pyer Puarye iştirak edəcək.